Rövşən Abdullaoğlu- “Bu şəhərdə kimsə yoxdur” kitabının təhlili

“Həyatda heç bir təsadüf təsadüfi deyil, öz mələyi ilə rastlaşmadan heç kəs bu həyatı tərk etmir. Bəlkə də bu insandır, bəlkə bir kitab…..” – bu ifadənin nə qədər doğru olduğunu kitabı oxuduqca daha çox əmin olacaqsınız. Əslində bu ifadə kitabın tam olaraq əsas mövzusunu təşkil edir.

Bu əsər son illər ərzində yazılmış ən mükəmməl psixoloji romandır. Kitab gerçək hadisələrdən ilhamlanaraq yazılmışdır. Bu əsərdə iki obraz- Villi Oven və Visam qarşı-qarşıya qoyulmuşdur. Əslində iki obrazın həyatı, ailəsi, düşüncələri o qədər çox fərqlidir ki. Amma  həyat onları bir nöqtədə birləşdirdi. Anderson xəstəxanasında Visamın palatasında iki həyatın da necə çətinliklərdən keçdiyinə, həmin çətinliklərin onları necə dəyişdiyinin şahidi olacaqsız.

Villi Oven cismən sağlam amma ruhən çox zədəli  bir insandır. Amerikan futbolu ilə məşğul olmuş bir sıra komandalarda oynamış, bir zamanlar hər kəsin “atom Villi” deyə çağırdığı Villi Oven həyata tam bir melonxolik olaraq gəlib. Həyatının hər bir dövründə başına gələn hadisələr onun daha da bədbinləşməsinə, ətrafına ən əsası özünə qarşı güvənsiz olmasına səbəb olub.

Visam – acı hadisələrlə, müharibə dəhşətlərilə üzləşmiş və ağır mühacir  həyatından sonra son dayanacağı Anderson xəstəxanası olan livanlı gəncdir. Visam həm də Villinin “mələyi”-dir. Həyatın hər bir çətinliyi ilə üzləşmiş lakin qəlbindəki o həyat eşqini heç bir zaman itirməmişdir. Hətta Anderson xəstəxanasında xərçəng xəstəliyindənəziyyət çəkməsinə baxmayaraq üzündəki gülümsəməni silmirdi. Onda olan həyat eşqi hamını heyrətə gətirirdi. Hətta bəzən Villi belə onun xəstə olduğunu unudurdu.

Villi və Visam arasında gedən söhbətlər, ən əsasıda Visamın həyata baxışı oxuduqca insanın həyatını sorğulamasına səbəb olur. Visamın dediyi o sözlər Villi qədər oxucunun da qəlbinə toxunur. “Çox vaxt müəyyən bir hadisə ilə üzləşəndə əvvəlcə bunun nə anlama gəldiyini, səbəbini bilmirik. Hətta üsyan edib taleyimizdən küsdüyümüz anlar belə olur. Ancaq bir müddət sonra onun faydasını, başqa bir mühüm hadisə üçün müqəddimə olduğunu anlayırıq. Həqiqətəndə, həyatımızın hər bir səhifəsində baş verənləri digər səhifədəki hadisələrlə əlaqələndirən qüdrətli və müdrik bir qüvvə var.” Nə qədər də doğru bir fikir…..

Villinin on saniyə ilə bağlı dediyi fəlsəfi sözlərdə insanı bir o qədər düşündürür. “ Hər şey ilk 10 saniyədə baş verir- ilk on saniyədə qəzəblənirik, ilk on saniyədə qarşımızdakını acılayırıq, ilk on saniyədə öz üzərimizdə nəzarəti itiririk, məhz bu on saniyədə mənfi fikirlər beynimizə daxil olur. Eyni zamanda elə bu ilk on saniyədə səbrimizi basırıq, müsbət düşünürük… Hər şey elə bu on saniyədə başlayır. On saniyə hər bir işin başlanğıcıdır. Əsas da elə bu başlanğıcdır. On saniyədə insan pis, ya da yaxşı biri ola bilər. On saniyə düşüncəmizi müsbətə və ya mənfiyə kökləməyimiz üşün tam kifayətdir. Bəziləri xoşbəxtliyi çox uzaqlarda axtarırlar. Amma sonunda anlayırlar ki, xoşbəxtlik üşün aylar, illər deyil sadəcə on saniyə lazim imiş. On saniyədə həm özümüzü həm də ətrafdakıları xoşbəxt edə bilərik. Xoş bir söz “səni sevirəm”, “təşəkkür edirəm” kimi sözlər üçün cəmi on saniyə bəsdir. Səndə digərini xoşbəxt etmək fürsəti varkən o sevgini verməkdə paxıl olma. Biri o sözə bu qədər həsrət ikən….”

“Bu şəhərdə kimsə yoxdur” – kitabın adı insana tənhalıq hissini bəxş edir. Kitabın adı və üz qabığı insanı kitab barədə fikir yürütmə imkanı vermir. Amma oxuduqca necə dəyərli fikirlər olduğunu çox yaxşı başa düşmək olur. Eyni insan kimi….. Bu əsər insana həyatını, düşüncələrini sorğulamasına səbəb olur. Ailəyə olan münasibəti, insanları ən əsasıda özünü sevməyi, özünə güvənməyi öyrədir. Hər bölmənin özünə məxsus adı və mövzuyla bağlı verilən sitatlar da əsərə tam bir gözəllik qatır. İlk cümlədən artıq təsirlənmək olur.

Həyatın ilk və son günü arasında olan məsafə dəyişkən və naməlumdur. O məsafəni əgər yolun çətinliyi ilə ölçsək, o, hətta uşaqda belə böyükdür. Əgər onu hansı sürətlə gedilməsi ilə dəyərləndirsək, hətta ən yaşlı adam da belə qısadır.”

                                                                         Lutsi Anney Seneka 

 

Qətiyyətsiz olduğun anlar cəld hərəkət et və ilk addımı atmağa çalış, bu addım yanlış olsa belə.

                                                                   Lev Nikolayeviç Tolstoy

 

Ətrafında bütün dünyanı məyus, bütün dünyanı da çirkin görürsənsə, o zaman düşün , bəziləri bütün bunları, ümumiyyətlə görə bilmirlər.

                                                                                   Həyat düşüncələri

 

Həyatın hər bir hüznündə bir sirr, gözəllik var. Həyat bizim düşündüyümüz qədər uzun deyil. Kiməsə əsəbləşmək, incimək, birinə qarşı kin bəsləmək mənasızdır. Ətrafına baxanda o qədər gözəllik görmə imkanı varkən qəlbinizi kirlətməyin. Bu kitab özünü sevməyi öyrədir. Özünü sevmədən ətrafındakıları sevə bilməzsən. Heç nə üçün gec olmadan Həyatını Yaşa….

Öz mələyinizi tapmağınız diləyi ilə…..

YAZAR: Qönçə Balayeva
HƏMÇİNİN BAX: Gənc Özbək yazıçılar
HƏMÇİNİN BAX: Tehsilim.org/dim-telebe-qebulu-elan-edir/