“Qətl günü” romanı – “siçovullaşan düşüncə” problemi
Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı Azərbaycan ədəbiyyatında şərin bədii obrazını yaratmış ən güclü əsərlərdən biridir. Əsər üç ayrı-ayrı sujet xəttini, üç müxtəlif dövrü özündə birləşdirir. Üç zaman dilimində (Qacar işğalı dövrü, 1937-ci il repressiya dövrü, romanın yazıldığı müasir dövr) rast gəlinən eyni problemləri pazl kimi bir əsərdə toplayan müəllif həyatın çətin mərhəlləri qarşısında aciz qalan insanların faciəsindən söz açır.
Əsərdə diqqəti cəlb edən bir-birindən fərqli, maraqlı obrazlara rast gəlirik: Mahmud, Tatar Temir, Moşu, Sədi Əfəndi, Zülfüqar kişi, Xacə Ənvər, Vaqif, Qacar, hətta Baba Kahanın da romanda özünəməxsus rolu, özünün bir obrazı var. Lakin Kirlikir obrazı deyərdim ki, bu əsərin ən canlı və koloritli obrazıdır. Əsəri oxuduğum zaman sandım ki, bayağı təsvirlə qarşılaşdım. Belə ciddi mətləblərin ifadə olunduğu əsərdə niyə siçovul səhnə alaraq səhifələrdə özünə yer edib? Lakin obraz o qədər canlı təsvir edilib ki, insanı həqiqətən də bir siçovulun danışa bilməsindən ziyadə, kiminləsə süfrə arxasında əyləşib tost deməsi, çörək yeyib araq içməsinə də inandırır. Əslində Kirlikir olduqca böyük mətləblərdən bizləri agah edir, yəni bu siçovul heç də əsərə sözçülük olsun deyə əlavə olunmayıb, onun da əsərdə öz rolu, simvolikası vardır. Kirlikir mənəviyyatın siçovullaşması, düşüncələrin kirlənməsini ifadə edir. O, zibillikdə yaşayan natəmiz bir gəmiricidir. Bu da mənəvi düşüncəmizin nə vəziyyətdə olduğunu açıq ifadə etməyə xidmət edir.
“Kirlikir – yəni kirlinin kirlisi. Lap kirli. Müsibət dərəcədə kirli. Üfunət qoxuyan və ilaxır… Amma, qonşu, mənnən təmizi yoxdu. Hansı yerimi iynəyirsən iynə, görəcəksən ki, tərtəmizəm”. – Kirlikirin dilindən verilmiş bu ifadələr dediklərimizi əsaslandırmaqda yardımçı olur. Siçovul deyir ki, “məndən təmizi yoxdur”, bəs o zaman bu təmiz həqiqət nə üçün “Kirlikir”, “üfunət qoxan”, “müsibət kirli” kimi ibarələrlə təqdim olunur, daha doğrusu, tanınır? Çünki insanlar saflığı, təmizliyi, həqiqəti görmək istəməzlər, onu daim ləkələyər, kirlədərlər, “müsibət kirli” olana qədər. Bu, bütün dövrlərin ən qlobal problemidir – həqiqət insanları incidir. Onu görmək insanların rahatlığını pozar, bu səbəbdən həqiqətimiz “kirlənmiş” damğası ilə üfunət qoxan məkanlarda gizlənir.
Yazar: Türkan Nağıyeva
Həmçinin bax:Ailə dəyərləri
Həmçinin bax: Millət – III hissə