Siyasi və iqtisadi coğrafiya fənninin nəzəri metodoloji əsasları
Siyasi və iqtisadi coğrafiya fənni cəmiyyətin ərazi təşkilini və onun ayrı-ayrı ölkələrdə, regionlarda təzahür xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrənir.Siyasi və iqtisadi coğrafiya dedikdə: Qərb-Şərq və Şimal-Cənub iqtisadi inteqrasiyası, beynəlxalq coğrafi əmək bölgüsü və inteqrasiyanın yeni mərhələsi, tarazlı inkişafı və s. kimi məsələlər başa düşülür.Bu fənnin predmetinə cəmiyyətin ərazi təşkilinin əsaslarının öyrənilməsi və s. aiddir. Bundan əlavə, cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi, iqtisadi ekoloji rayonlaşdırma, coğrafi əmək bölgüsünün növləri, cəmiyyətin ərazi təşkilinin sosial-siyasi-coğrafi problemləri də diqqət mərkəzinə çəkilir.
Siyasi coğrafiya iqtisadi və sosial coğrafiyanın bir qoludur və özündə bir neçə fənni birləşdirir.Bunlar aşağıdakılardır: geosiyasət, dəniz siyasi coğrafiyası, hərbi (strateji) coğrafiya, siyasi (dövlət) ölkəşünaslığı, limonologiya (dövlət sərhədləri haqqında elm), siyasiregionşünaslıq, coğrafi konfliktologiya, elektoral coğrafiya (siyasi seçim coğrafiyası).
Siyasi coğrafiya coğrafiya fənlərindən biri kimi coğrafi məkanda siyasi prosesləri, dünyanın və onun ayrı-ayrı sahələrinin siyasi xəritəsinin tarixi inkişafı və müasir vəziyyətini, region və ölkələrin siyasi inkişafının özünəməxsusluğunu, sosial-iqtisadi quruluşun xüsusiyyətləri ilə əlaqədar sinfi qüvvələrin yerləşməsini öyrənir.Siyasi və iqtisadi coğrafiya ümumi coğrafiya elminin tərkibinə daxil edilir. Bu baxımdan ümumi coğrafiya elminin nəzəri və metodoloji istiqamətindən siyasi və iqtisadi coğrafiya elmi də rasional istifadə edilir.
Fənnin predmetinə dünya dövlətlərinin siyasi-iqtisadi coğrafiyasının formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də,bu sahədə mövcud olan problemlər və onların həlli yolları aiddir.Fənnin məqsədi dünya dövlətlərinin siyasi, iqtisadi və qloballaşmanın iqtisadiyyatı, beynəlxalq əlaqələri və s. haqqında məlumat verməkdir.
Siyasi coğrafiya özünəməxsus inkişaf tarixinə malikdir.V.A.Kolosov, N.S.Mironenko (2001) “Geosiyasət və siyasi coğrafiya” kitabında dünyanın siyasi coğrafiyasının inkişafını dörd mərhələyə ayırmışlar:
1-ci mərhələ: F.Ratselin “Siyasi coğrafiya” dərsliyinin nəşrindən (1897) Birinci dünya müharibəsinin başlanğıcına qədər olan dövrü əhatə edir.
2-ci mərhələ: İki dünya müharibəsi arasında olan dövrü əhatə edir.
3-cü mərhələ: XX əsrin 50-ci illərindən 70-ci illərinə qədər olan dövrü əhatə edir. Bu mərhələ SSRİ və ABŞ-ın timsalında iki hərbi-siyasi blokun yaranması ilə xarakterizə olunur.
4-cü mərhələ: XX əsrin 70-ci illərinin ortalarından başlamışdır.
Siyasi coğrafiya haqqında danışarkən geosiyasət anlayışına diqqət yetirmək lazımdır. Geosiyasət anlayışını ilk dəfə elmə isveç alimi Rudolf Çellen gətirmişdir. Geosiyasət hər hansı bir dövləti dəyişmək deyil, onu canlı varlıq kimi nəzərdən keçirir. Geosiyasət elminə bu cür yanaşmanı ilk dəfə olaraq alman alimi Fridrix Ratsel irəli sürmüşdür.Geosiyasət hər hansı bir ölkənin coğrafi xüsusiyyətləri ilə yeritdiyi xarici siyasət arasındakı əlaqələri öyrənən elm sahəsidir.
Siyasi coğrafiyanın tədqiqat istiqamətlərindən biri də etnik və dövlətlərarası münaqışələr, separatizm hadisələridir. Separatizm hadisələri bəşər tarixində həmişə mövcud olub və olacaqdır.Separatizm termini latınca “separatio” sözündən götürüllmüş, tərcüməsi “ayirma” deməkdir. Separatizm termini siyasi mənada – çoxmillətli dövlətlərdə milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri mənasında işlədilir. Beynəlxalq siyasətdə də bu bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi və dövlət ərazisinin parçalanması anlamına gəlir.
Müasir dünyada separatizmin səbəblərini belə qruplaşdırmaq olar:1)etnik; 2) konfessional; 3) ərazi; 4) siyasi; 5) iqtisadi; 6) sosial; 7) ideoloji; həlledilməmiş etnik-konfessional, sosial–iqtisadi, tarixi-mədəni problemlər.
Dünyada separatizmdən, onun dəhşətli nəticələrindən ən çox zərər çəkmiş xalqlardan biri də Azərbaycan xalqıdır.Tarix boyu xalqımız erməni separatizminin qurbanı olmuş və hal-hazırdada öz separatçı ideyalarını həyata keçirməyə çalışırlar.Erməni separatizminin fəaliyyəti təkcə Azərbaycan ərazisi ilə məhdudlaşdırılmamışdır. 1975-1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 110-dan çox terror aktı həyata keçirilmişdir. Onlardan 39-u silahli hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdur. Bu aktlar nəticəsində 42 türk diplomatı, 4 digər dövlətlərin diplomatları öldürülmüş, 15 Türkiyə vətəndaşı və digər ölkələrin 66 vətəndaşı müxtəlif dərəcədə yaralanmışdır.
XX əsrin sonu, XXI əsrin əvvəlində dünyanın bir çox regionlarında baş verən iqtisadi, sosial-siyasi proseslər çox sürətlə digər ölkələri də əhatə edir. Ona görə də, dünya ölkələrini, onların regional qruplarını öyrənmək, iqtisadi-coğrafi və siyasi demoqrafik həyatında baş verən dəyişiklikləri izləmək vacib məsələlərdəndir.Dünyanın əksər regionlarında bir neçə əsr davam edən azadlıq mübarizəsi nəticəsində bir çox müstəqil dövlətlər yaranmış və siyasi xəritə böyük dəyişikliklərə məruz qalmışdır.Bununla yanaşı, hələ də müstəmləkələr, asılı ərazilər qalmaqda davam edir. Bütün bunlar siyasi-iqtisadi coğrafiya fənni tərəfindən öyrənilir.Fənn dünya təsərrüfatı coğrafiyası və ölkəşünaslıqla da əlaqəli olduğundan tədqiqat obyektlərində bu predmetlərin metodundan istifadə edilir.
Ədəbiyyat:
Əsgərova Mehriban, Abdullayev Əsədulla –Siyasi və iqtisadi coğrafiya – Bakı 2018.
Maksakovski.V.P. Dünyanın coğrafi mənzərəsi. Dərslik. İbadov F. tərəfindən tərcümə edilmişdir – Bakı 2010.
Http:az.wikipedia/org/az
Yazar:Aytac Gözəlova