Xarəzmşahlar (Dövlətin yaranması)
IV əsrdə başlamış hunların qərbə kütləvi axınının sonuncu Varvmesh Aterr mərhələsi Orta Asiyada baş verən hadisələrə öz təsirini göstərdi. Orta Asiyanın ən inkişaf etmiş vilayətlərindən olan Xarəzm vilayətində Afriqilər sülaləsi hakimiyyəti ələ aldı. Məhz bu sülalənin hakimiyyəti illərində oturaq əhali köçəri tayfaların zərbələrinə məruz qalırdı və bu zərbələr quldarlıq ictimai-iqtisadi quruluşunu feodalizm ilə əvəz etdi. Köçəri türk xalqları ilə sərhəddə yerləşən Xarəzmə Samanilər dövlətində qismən də olsa öz müstəqilliyini saxladı, bu dövlət dağıldıqdan sonra isə Xarəzm iki hissəyə bölündü: paytaxtı Kyat, hakimi Xarəzmşah olan Cənubi Xarəzmə və paytaxtı Gürgənc, hakimi əmir olan Şimali Xarəzmə. 996-cı ildə Şimal Xarəzmin hökmdarı Mamun ibn Məhəmməd bu iki hissəni birləşdirərək vahid dövlət qurmağa nail oldu. Dövlətin paytaxtı Gürganc, hökmdarın rütbəsi isə Xarəzmşah idi. Lakin nə Mamun ibn Məhəmməd (995-997), nə oğlu Əli (997-999), nə də nəvəsi Mamun (999-1017) qüdrətli dövlət qura bilmədilər. 1017-ci ildə Xarəzm Qəznəvilər dövləti tərəfindən zəbt olundu və burada türk mənşəli Altuntaş (1017-1032) hökmranlıq etməyə başladı. Lakin 1043-cü ilin yazında Xarəzm Böyük Səlcuqlu İmperatorluğunun bir əyalətinə çevrildi. Hər cəhətdən zəngin ehtiyatlara və əlverişli coğrafi vəziyyətə malik Xarəzmin idarə olunması səlcuq əmirinin əyanı Anuştəginə həvalə olunmuşdur. O, 1072-1092-ci illəri əhatə edən hakimiyyət illərində Xarəzmşahlar Anuştǝginə sülaləsinin banisi olundu. Müstəqillik uğrunda səlcuqlarla açıq mübarizəyə başlayan onun nəvəsi Xarəzmşah Atsız (1127-1156) oldu. Bacarıqlı diplomat və mahir sərkərdə olan Atsız öz mübarizəsində XII əsrdə şərqdən gələn qarakitaylara arxalanaraq Mərv və Nişapur şəhərlərini zəbt edib, Cend və Manqışlaq vilayətlərini Xarəzmə birləşdirsə də müstəqillik qazana bilmədi. Lakin onun qıpçaq və türkmən tayfalarından yaratdığı nizami ordusu bu regionun ən qüdrətli ordularından sayılmağa başladı. Buna baxmayaraq Atsız Xarəzmin sərhədlərindən şimal-şərqdə yaranmış Qarakitaylar dövlətinə xərac verməli oldu. Xarəzmşah Atsız hakimiyyəti illərində xəlifə al-Muktafi ilə səlcuqlara qarşı yönəldilmiş ittifaq bağlamağa çalışmışdır. 1156-cı ilin iyul ayında Xarǝzmşah Atsız vəfat etdi. O, XII əsrin ortalarında öz məqsədinə, yəni Xarəzmdə Anuştəgin sülaləsinin hökmranlığını möhkəmləndirmək məqsədinə nail oldu. Tam müstəqilliyi qazanmaq, torpaqları genişləndirmək və beynəlxalq aləmdə Xarəzmşahlar dövlətinin nüfuzunu qaldırmaq məsələsini isə onun varisləri həll etməli idilər.
İl Arslan və Təkəşin müstəqilliyi.
Xarəzmşah Atsızın vəfatından sonra hakimiyyət onun oğlu İl Arslana keçdi. Taxtda öz vəziyyətini möhkəmləndirmək üçün o dərhal döyüşçülərin məvacibini və əmirlərin iqta torpaq paylarının sahələrini artırdı, öz qardaşını kor, dayısını isə edam etdirdi. Səlcuqlar dövlətinin hökmdarı Sultan Sancar sağ ikən İl Arslan ona öz tabeliyini bildirdi, lakin Səncərin 1157-ci ildə vəfatından dərhal sonra o, Xorasan kimi zəngin vilayət uğrunda mübarizəyə başladı. İl Arslan Xorasanda yerli əmirlər arasında gedən müharibədən istifadə edib buranı zəbt etmaya çalışırdı. Lakin eyni məqsdələri öz qabağına qoymuş İraq sultanlığının faktiki hökmdarı Atabəy Şəmsəddin Eldənizlə toqquşmalı oldu. Atabəy Eldəniz onun tərəfini, Il-Arslan isə Xarəzmşahlar dövlətinin tərəfini saxlayan əmirlərə silah, qoşun və pulla kömək edirdilər. İki dövlət arasında açıq müharibə İl Arslanın Xəzər dənizinin şərq sahilində yerləşən “Dixistan” adlı vilayəti tutduqdan sonra başladı. Yerli əhalinin köməyinə arxalanan Xarazmşah II Arslan 1167-ci ildə baş verən döyüşdə qalib gəldi və geri çəkilən Eldənizin qoşunlarını təqib edərək Azərbaycana daxil oldu. Zancan, Qəzvin, Obxar şəhərlərini zəbt etməyinə baxmayaraq,İl Arslan əhalinin müqavimətinə rast gəlib Xarəzmə qayıtmalı oldu. Burada o karluqlarla qarakitaylar arasında gedən müharibə haqqında məlumat aldı. Qarakitaylardan asılılığı ləğv etmək və Xarəzmşahlar dövlətinin tam müstəqilliyini qazanmaq üçün İl Arslan bu müharibəyə karluqların tərəfində qoşuldu, lakin bərk xəstələndiyi üçün özü yürüşlərdə iştirak edə bilmədi. 1171-ci ildə Xarəzm torpaqlarında baş verən şiddətli döyüşdə onun ordusu qarakitaylar tərəfindən darmadağın edildi. Qarakitayların ordusu Xarəzmşahlar dövlətinin paytaxtı olan Gürgənc şəhərinə yaxınlaşdı. Yeni ordu yığmağa imkanı olmayan Xarəzşah İl Arslan 1172-ci ilin martın 18-də vəfat etdi. Ölərkən İl Arslan böyük oğlu olan Sultan şah Mahmudu öz varisi təyin etdi, lakin bütün hakimiyyət Sultan şahın anası Tərkən xatunun əlinə keçdi. Bunu görən II Arslanın ikinci oğlu Olaaddin Təkəş Sultan şaha tabe olmaqdan boyun qaçırdı. Tərkən xatunun onun üstünə dəstə göndərməsini eşidən Tǝkəş qarakitayların yanına qaçdı. Qarakitaylardan böyük kömək alan Təkəş yenidən Xarəzmə qayıtdı, 1172-ci ilin dekabr ayında o hakimiyyəti ələ aldı və Tərkən xatunu edam etdirdi. Bu dəfə qarakitayların yanına Sultan şah qaçmalı oldu, onlardan kömək alıb Xarəzmə qayıdaraq bir neçə şəhəri tutdu. Həm Sultan şaha, həm də Təkəşə yeni qüvvələr toplamaq üçün vaxt lazım olduğu üçün onlar 1188-ci ilin yazında əmirlərin vasitəçiliyi ilə müvəqqəti barışıq imzaladılar. Təkəşin uzaqgörən, mütərəqqi və ədalətli qərarları onun tərəfdarlarının sayını artırdı. Bunu başa düşən Sultan şah silahı yerə qoyduğunu Təkəşə bildirdi. 1189-cu ilin iyul ayında Təkəş Xarəzmşah elan olundu, lakin Sultan şah yenidən müharibəyə başladı. Bu dəfə o Herat yaxınlığında məskunlaşan Qurlar vilayətinin tacik tayfalarının köməyinə arxalandı. Onun şərqə, qarakitaylara tərəf yürüşü Təkəşin böyük ordusu tərəfindən dəf edildi. Mühasirəyə düşən Sultan şah 1193-cü ildə vəfat etdi. Məhz bu ildən Xarəzmşahlar dövlətinin yüksəliş dövrü başladı. Xarəzmṣah Təkəşin ordusu və diplomatiyası iki səmtdə mübarizə aparmağa başladı. Bir tərəfdən o, qıpçaq xanın qızı Tərkən xatunla evlənib. Onlarla ittifaq bağladı və qarakitaylara qarşı hücuma başladı. Digər tərəfdən Təkəşin nizami qoşun hissələri Mavəraünnəhr əmirləri ilə şiddətli döyüşlərə başladılar. 1182-ci ildə Buxara şəhəri Xarəzmşah Təkəşin qoşunları tərəfindən zəbt edildi. Təkəş Şirvanşah II Mənuçöhr (1160- 1197) və atabəylər Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanla sülh əlaqələri yaratmışdır. Lakin Qızıl Arslanın ölümündən sonra Atabəylər dövlətində başlayan ixtilaflar Tǝkǝşə Rey şəhərini işğal etməyə imkan verdi. Səlcuq sultanı III Toğrulun yenidən Səlcuq imperatorluğunu qurmaq məqsədlərini başa düşən Tǝkǝş onunla müharibəyə başladı. 1194-cü ildə III Toğrulun qoşunu dağıdıb, özünü isə öldürdü. Təkəş İraq Əcəmin böyük hissəsini öz dövlətinə birləşdirdi. Xarəzmşahlar dövlətinin güclənməsi Bağdaq xəlifəsi ən-Nasiri narahat edirdi. Onun qoşunları Xarəzmşaha səlcuqlu Toğrulla müharibədə kömək etdi, məhz buna görə xəlifə haqlı olaraq onun payına düşən torpaqları tələb edirdi. Təkəş onun tələbini rədd etdi və bununla iki dövlət arasında Xarəzmşahlar dövlətinin süqutuna qədər davam edən gah gizli, gah da açıq müharibə başlamış oldu. İlk döyüşlərdə məğlub olan xəlifə başqa üsullara əl atmalı oldu: bir tərəfdən o Təkəşə qarşı həm Xarəzmşahlar dövlətinin əmirlərini, həm də qarakitayları qaldırmağa çalışır, o biri tərəfdən isə ismaililərin köməyi ilə Təkəşi öldürtməyə cəhd edirdi. Bir neçə əyanlarının, o cümlədən, vəzirinin öldürüldüyünü görən Təkəş ismaillilərlə müharibəyə başladı. Qısa bir vaxtda bir neçə qalanı zəbt edən Təkəş 100 min dinar aldıqdan sonra öz qoşunlarını geri çəkdi. Güclü ordu va intizamlı icra aparatı yaradan Xarəzmşah Tǝkǝş 1200-cu ilin iyul ayında vəfat etdi. Onun vaxtında dövlətdə qüdrətli hərbi-feodal türk təbəqəsi yaradılmışdı. Türk mənşəli əyanlar Təkəşin arvadı Tǝrkən xatunun köməyi ilə ali hərbi və qismən inzibati vəzifələri tutmuşdurlar.
ƏDƏBİYYAT:
Yazar: Novruzlu Ayna