Etel Voyniçin “Cek Reymond” əsəri

Onu sevmək çətindir, amma ona heyran olmamaq mümkün deyil.

O, şamı yandırdı, Bibliyanı açdı və artıq nə zamandır ona rahatlıq verməyən hissəni tapmaq üçün vərəqləməyə başladı. Cek dini kitablar haqda olduqca məlumatlı idi, lakin ona lazım olan hissəni dərhal tapa bilmədi: səhifələri çevirmək onun üçün çətin idi, əlləri şişmişdi, keyimişdi və titrəyirdi. Üstəlik ürəyi bulanır, başı gicəllənir, hərflər gözləri qarşısında oynayırdı və elə hey gözlərini yumub sətirlərin yenidən düzəlməsini gözləmək lazım gəlirdi. Amma yenə də tapa bildi: lənətlər fəsli. Sonra çətinliklə əyilib qamçını götürdü. Vikari, nəhayət, ehtirasını söndürərək onu yerə atmışdı. Cek qamçını açıq səhifənin üstünə qoydu və elə sıxdı ki, 19-cu ayənin altında qanlı zolaq yarandı: “Qəribi, yetimi və dul qadını yanlışlıqla mühakimə edənə lənət olsun! Hamı “Amin!” desin.

“Cek Reymond” E.L.Voyniçin ikinci romanıdır-ilk dəfə 1901-ci ilin yazında Uilyam Heyneman tərəfindən Londonda çap edilmişdir. “Cek Reymond” daha çox Viktoriya dövrünün əleyhinə olan bir kitabdır. Voyniçin amansız qələmi vasitəsilə “əsl centlmenin tərbiyəsi və inkişafı” tarixçəsi kəskin realizm cizgiləri ilə təsvir olunur.

Cek və bacısı Molli valideynlərini itirdikdən sonra əmisi onları himayəsinə götürür. Cek çox dəcəl, bacısı isə sakit təbiətlidir. Cek hər zaman yaramazlıqlar edir, amma ətrafındakı heç kim bunun əsl səbəbini bilmir. Cek Allaha, ətrafa, dünyaya üsyan edir: Niyə heç kim onu sevmir? Niyə o? Niyə o valideynlərini itirib? Hər şeyin mərkəzində o balaca ağlıyla özünün olduğunu düşünür. Bütün bunların səbəbi isə Cekin uşaqlıqdan məruz qaldığı sevgisizliyin açdığı yaralardır…

Öz doğma əmisinin Cekə və bacısına bəslədiyi o gizli nifrət Cekin anasından qaynaqlanırdı. Cek anasına daha çox bənzəyirdi, xüsusən də gözləri. Ona görə ilk gündən əmisinin onunla ulduzu barışmamışdı. Kitabın bir səhifəsində bu gerçək Cekin dili ilə aşkara çıxır: Əgər belə anam olubsa, mənim burda heç bir günahım yoxdur, düz demirəm?

Düz deyirsən balaca Cek. Düz deyirsən…

O qəhrəman rolu oynamaqdan boğaza yığılmışdı, o da bütün uşaqlar kimi ağlamaq, qışqırmaq istəyirdi. Bütün bunlara, sevgisizliyə dözməsinə baxmayaraq əmisinin onu etmədiyi bir günaha görə vəhşicəsinə cəzalandrıması onların arasındakı son bağı qırır. Biz bu əsərdə sevginin qan bağı ilə qətiyyən əlaqəsinin olmadığını görürük. Cekin bədənində, ruhunda olan yaralar balaca Teonun anası Yelenanın yanında sağalmağa başlayır. Çünki ilk dəfə Yelena Cekə inanır. Bu bizim üçün adi ola bilər. Amma balaca Cekin həyatında dönüş yaradır. O inama tutunaraq Cek uşaqlıq arzusuna çatır, həkim olur.

İllər sonra Cek və Mollinin görüşünü təsvir edən Voyniç oxucunu kövrəltməyi bacarır. Söhbət Sara xaladan düşəndə Cek hirslənir. Molli deyəndə ki, axı o əmimiz qədər qəddar deyildi, Cek etirazını bildirir:

-Mən Sara xalaya nifrət etmirəm.

-Hər halda ondan zəhlən gedir,-Molli dərhal cavab verdi.

-Bu artıq mənim günahım deyil. O çox laqeyddir, istərdim ki, ya mülayim, mehriban, ya da tamamilə soyuqqanlı olsun.

Dünyamızın problemi də məhz budur-Soyuqqanlılıq. Başımızı qaldırıb ətrafa bircə nəzər salsaq, bircə dəfə körpə bir qəlbi ovundursaq, özümüzkü olmayan nəyəsə, kiməsə sevgi ilə yanaşsaq, birinə xoş bir söz söyləsək həyat o qədər gözəlləşər ki…

Balaca Reymondu sevmək çətindir bəlkə də, amma ona heyran qalmamaq mümkün deyil…

Sonda fikrimi Sabirimizin bir beyti ilə tamamlamaq istəyirəm:

Daş qəlbli insanları neylərdin, ilahi?

Bizdə bu soyuq qanları neylərdin, ilahi?

Yazar: Fidan Hüseynova

Həmçinin bax: Seçmə və uzaq hibridləşmə

Həmçinin bax: tehsilim.org/qrant-musabiqesine-qeydiyyat-ucun-son-iki-gun/