İtaliyada Faşistlərin hakimiyyətə gəlməsi

Rusiyadakı Oktyabr çevrilişindən sonra İtaliyada fəhlə hərəkatı geniş vüsət aldı. Birinci Dünya müharibəsi qurtardıqdan sonra İtaliya hökuməti 1918-ci ildə bir neçə islahat keçirməyə məcbur oldu. Fəhlələr üçün 8 saatlıq iş günü müəyyənləşdirildi. Seçki qanunu qəbul olundu.

İtaliya fəhlə hərəkatında sosialist partiyasının böyük nüfuzu var idi. 1919-cu ilin yanvarında italyan burjuaziyası Sosialist partiyasına qarşı dura biləcək bir partiya yaratmaq qərarına gəldilər. Beləliklə, Xalq partiyası yarandı. Bu partiya keşiş Sturso tərəfindən yaradılmışdır.

Fəhlə hərəkatının qarşısını almaqda burjuaziya güclü dəstək lazım idi. Bu dəstək faşistlər oldular. Faşist partiyası 1919-cu ildə Fascio di Combattimento adı ilə yaradılıb, 1921-ci ilin noyabrında partiyaya çevrilib. Faşizm” sözü italyan dilində “ faşio” “birlik, topa, vahidlik” mənasını verir. Onlar vergilərin nizama salınması, 8 saatlıq iş günü, Müəssisələr məclisi çağırılması, respublika elan edilməsi, ümumi seçki hüququ, vətəndaşların azadlıqlarına zəmanət, torpaqların kəndlilərə verilməsi və s. tələblərlə çıxış edirdilər.Mussonlinin başlıca ideyası Roma imperiyasını bərpa etmək idi. Birinci Dünya müharibəsindən sonra Mussolini İtaliyada özünün silahlı dəstələrini yaratmağa başlayır. Onlar faşio,üzvləri isə faşistlər adlanırdı. Faşist hərəkatının proqramı 3 əsas ideyanı birləşdirirdi: siniflərin əməkdaşlığı, güclü dövlət hakimiyyəti, nasionalizm ( millət hamıdan alidir!). Onların əsas müdafiəçiləri sənətkarlar və tacirlər idi. Faşistlər kənddə “torpaq onu becərənindir” ideyası ilə çıxış edirdilər. 1921 – ci ildə faşistlərin kənddə fəaliyyət göstərməsi bu mərhələnin “aqrar faşizm” adlandırılması ilə nəticələndi. 1919- cu ilnoyabr seçkilərində bir nəfər belə deputat seçdirə bilməyən faşistlər, 1921-ci ilin mayındakı parlament seçkilərində ilk dəfə parlamentə 35 deputat keçirə bildilər. Faşistlərin terrorçuluq fəaliyyətləri genişlənmişdi. Zəhmətkeşləri faşist terrorundan qorumaq üçün leytenant Arqo Sekondarı liderliyi ilə “xalq cəsurları” təşkilatı yaradıldı.

Faşizm güclü rəhbərin olması şərtilə “sosial qruplar fövqündə” totalitar dövlət yaratmaq uğrunda mübarizə aparırdı. O, sosial qrupları əməkdaşlığa çağırırdı. 1921-ci il 31 avqustda faşist partiyası və İtaliya sosialist partiyası arasında “sakitləşdirmə paktı” imzalandı. Bu səbəbdən İtaliyada antifaşist birliyinin yaradılması ideyası baş tutmadı.

1922-ci il oktyabrın 24-də Neapolun San-Karlo teatrında faşistlərin qurultayı açıldı. Faşistlər “Vezuvi” mehmanxanasına toplaş və 1922-ci il oktyabrın 28-i Romaya hücum etmək qərarı alındı. Mussolini hadisə zamanı Milanda İsveçrə sərhəddində idi. Planlarının baş tutmayacağı təqdirdə xaricə getməyi düşünürdü. Mussolini təkbaşına hökumət yaratmaq istəyirdi. Sənayeçilərin Baş Konfederasiyası krala teleqram göndərərək hakimiyyətin Mussoliniyə verilməsini tələb etdi. Oktyabrın 29-dan kralın adyudantı Çittadini teleqramla Mussoliniyə bildirdi ki, kral ona baş nazir vəzifəsini təklif edir. Oktyabrın 30-da saat 10:42-də Mussolini Roma vağzalına gəldi. Bu vaxt bütün yerlər faşistlər tərəfindən tutulmuşdu. Beləliklə, kral II Viktor Emmanuelin gücsüzlüyü nəticəsində Mussolininin rəhbərliyi ilə “Faşist partiyası” hakimiyyətə gəldi. Faşistləri bəzən “qara köynəklilər” də adlandırırdılar. 1922-ci il oktyabrın 31-də Mussolini koalisiyalı hökumət təşkil etdi. Hökumətin tərkibinə faşist, katolik, monarxist və liberalların nümayəndələri daxil edildi. 1922-ci ilin dekabrında faşist partiyasının ali orqanı olan Böyük Faşist Şurası yaradıldı. Faşistlərə qarşı çıxan təkcə kommunistlər oldu. Beləliklə, İtaliyada faşizm dövrü başladı.İtaliya Avropada faşizmin hakimiyyətə gəldiyi ilk ölkə oldu. 1923-cü ildə 8 saatlıq iş günü ləğv edildi.

Mussolininin ilk işi qısa müddət ərzində müxalifəti və demokratik təsisatları aradan qaldıraraq dövləti faşist partiyasında təcəssüm etdirmək oldu. Ölkənin siyasi nizamı korporativ təmsilçilik prinsipinə əsaslanırdı. 1923-cü ilin aprelində Mussolini Xalq partiyasını hökumətdən çıxarmağa nail oldu. 1923-cü ilin iyulunda faşistlər parlamentə seçkilərin qanun layihəsini hazırladılarqanun kral tərəfindən imzalandı. Açerbo qanunu parlamentdə fəhlə müxalifətini ləğv etmək üçün burjuaziyaya imkan yaradırdı. 1924-cü il aprelin 6-dakı parlament seçkilərində 4.5 milyon səs toplayaraq ən çox yeri Faşist partiyası qazandı. Hüquqi nöqteyi-nəzərincə bu faşistlərin hakimiyyətə gəlməsi üçün üçüncü təminat idi. Birinci təminat Mussolininin rəhbərliyi altında hökumətin təşkilinə kralın razı olması, ikinci təminat parlamentin hökumətə etimad göstərməsi idisə, üçüncü təminat parlament seçkilərində faşistlərin səs çoxluğu qazanması idi. Parlamentin açılış iclasında sosialistlərin lideri Cakomo Matteotti çıxış edərək seçkilərdə faşistlərin qeyri-qanuni hərəkətlərini kəskin şəkildə pislədi. Buna italyan tarixində”Matteotti böhranı” da deyirlər. 1924-cü il iyunun 10-da Roma küçələrində öldürülən Matteotinin meydi şəhər kənarına atıldı. Mussolini Matteotini öldürən Duminini həbs etdirdi.

1926-cı ildə faşistlər qanunverici və icraedici hakimiyyəti öz əllərinə aldılar. Bu partiya 1943-cü ilə qədər ölkədə hakimiyyətdə oldu. Faşistlərin hakimiyyət illəri ölkədə totalitarizm, avtoriatizm və terrorun tuğyan etməsi, ciddi qayda-qanun yaradılması ilə səciyyələnirdi. İtalyada faşist rejmi 3 dövrə bölünür: 1. Keçid dövrü (1922-1926); 2. Qeyri-məhdud faşist diktaturasının qurulması dövrü (1926-1929); 3. Korporativ faşist dövlətinin yaradılması dövrü (1929-1943).

İtaliyada faşizmin hakimiyyətə gəlməsinin daxili və xarici səbəbləri var idi. Müharibədən sonra ölkənin düşmüş olduğu sosial-iqtisadi vəziyyət, italyan xalqının ümidlərinin puç olması faşizmi yaratdı, gücləndirdi və hakimiyyətə gətirdi. Müharibədən qalib çıxmasına baxmayaraq İtaliyaya verilən vədlərin əksəriyyəti yerinə yetirilmədi. İtaliya təzyiqlərə məruz qaldı. Bu səbəblərdən ötrü ölkədə güclü siyasi qüvvənin hakimiyyətinin yaradılması vacib idi. Belə qüvvə məhz faşizm oldu. Hakimiyyətə gələn faşistlər ölkədə ciddi qayda-qanun yaratmağa başladılar. Onlar koalisiyalı hökuməti buraxdılar.

Ədəbiyyat siyahısı:

1. Musa Qasımlı Avropa və Amerika ölkələrinin müasir tarixi  I hissə (1918-1945-ci illər)

2. Səmayə Mustafayeva, Zərifə Cavadova, Raminə Hüseynli Almaniya və İtaliyanın ən yeni tarixi (1918-2010-cu illər)

3. Səmayə Mustafayeva Avropa və Amerika ölkələrinin ən yeni tarixi I hissə

4. Fahir Armaoğlu 20. Yüzyıl Siyasi Tarihi

                         

                                                                                                         QULİYEVA NATƏVAN