Ailə daxili münasibətlər, ailədə psixoloji iqlim

Ailədə münasibətlər

Ailə qadınla kişinin sevgi və ya məntiq üzərinə qurduğu kiçik bir cəmiyyətdir. Nikah üçün tərəfdaşın seçilməsi bir çox amillərlə şərtlənir. Burada sevgi ilə yanaşı ailənin vəziyyəti, təhsil səviyyəsi, karyera və s. kimi amillər əhəmiyyət kəsb edir.

Nikaha daxil olmanın bir çox motivləri vardır ki, onların sırasında məhəbbət, uşaqlara sahib olmaq arzusu, məişət problemlərinin birgə həlli aparıcı yerdə durur. Daha uğurlu nikaha o adamlarda rast gəlinir ki, onlar öz həyat yoldaşlarına inam,güvən bəsləyir, ona etibar edir, sədaqətlidir, ailəyə sevgi ilə yanaşır.Bunlar dolayı yolla ər-arvad həyatına müsbət təsir göstərən amillərdir.

Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların, qaynana və qaynata ilə gəlinin qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və onları əks etdirir.Əgər ərlə arvad bir – birinə hörmət edirsə,bir-birlərinə güvənirsə,bir-birlərinə qarşı anlayışlıdırsa,güzəştə getməyi bacarırsa,ailədə psixoloji iqlim də əlverişli olur.Bu keyfiyyətlərdən hər hansı birinin olmaması və ya əks keyfiyyətə çevrilməsi, ər – arvad münasibətlərində soyuqluq yaradır.

Ər –arvad arasında hətta ötəri bir narazılıq əmələ gələn kimi ailənin psixoloji iqlimi də bu və ya digər dərəcədə dəyişir. Bu əhval – ruhiyyə hətta günlərlə davam edir. Lakin diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz – özlüyündə deyil, məhz ər – arvad yaxud valideynlər – uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir.

Ailənin psixoloji iqliminin mərkəzində məhz ailə münasibətləri dayanır.Bəzən gənc ailənin həyatına böyüklərin yersiz müdaxilələri belə onlar arasında mübahisələrə səbəb olur.Ailədə münaqişələrin yaranması bir neçə amillə xarakterizə olunur.Bunlara misal olaraq:ərlə arvad arasında kəskin yaş fərqi,erkən nikah,tərəf müqabillərindən birinin spirtli içkilərə,narkomaniyaya meyilli olması,qarşılıqlı razılıq olmadan qurulan ailə tipləri və sair.

Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir: ata – ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir – birlərinə həyan olurlar,bir sözlə,bir-birlərinə arxa-dayaq dururlar. Ailə münasibətləri möhkəm olmadıqda isə heç kəsin gözləmədiyi halda bu və ya digər xoşagəlməz hadisə ər – arvadı bir – birindən daha da uzaqlaşdırır. Onlar bir –birini günahlandırmağa, təqsiri bir – birinin üstünə atmağa başlayırlar. Söz – söhbət, qanıqaraçılıq günlərlə davam edir.

Ailənin psixoloji iqlimini ən ümumi şəkildə nəzərdən keçirsək, onda bu xüsusiyyətləri qeyd edə bilərik: hər bir sosial qrupda olduğu kimi, ailədə psixoloji iqlim insanların həyat fəaliyyətinin mühüm bir sahəsini təşkil edir, ailə üzvlərinin gümrahlığı və fəallığı bilavasitə ondan asılıdır. Doğru deyirlər ki, bədbinlik – passivlik nikbinlik – iradə deməkdir. Ər və arvad bir yersiz söz dedikdə onlardan hər hansı birinin qanı qaralır.

Lakin psixoloji iqlimin xüsusiyyətlərini başa düşmək üçün təkcə hər hansı bir həyati şəraitdə, situasiyada ər – arvadda yaranan ovqatı aydınlaşdırmaqla kifayətlənmək olmaz. Onun nəticələri daha genişdir. Ər və arvad həyatından razıdırmı? Onlar öz həyatlarını və qarşılıqlı münasibətlərini necə qiymətləndirirlər? Ərlə arvad bir –birinə nə üçün rəğbət bəsləmir, hörmət etmir və ya yaxınlıq göstərmir? Onlar bir – biri haqqında hansı rəydədir? Ailədə hansı əhval üstündür? Bir – birini düzgün başa düşürlər mi? Bir – birlərinə güzəştə gedə bilirlər mi? Ailə məişətində fəal iştirak edirlər mi?… Bu sualların hər biri ailənin psixoloji iqlimi ilə az və ya çox dərəcədə bağlıdır.

Psixoloji iqlim ailə üçün həyati əhəmiyyətə malikdir. Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür, psixi sağlamlıq,uşaqların sağlam düşüncədə böyüməsi deməkdir. Ər – arvadın yaxşı və ya pis ünsiyyəti ailədə psixoloji iqlimin vəziyyətini göstərən mühüm əlamətlərdən biridir.Mütəxəssislərin fikrincə, ər – arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirməlidir.Ərlə arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginlikdən azad olması üçün ən təsirli vasitə olmalıdır.

Ərlə arvad söhbəti onlardan hər birinin işdə və evdə rastlaşdığı çətinliklərin həllinə kömək göstərməlidir. Ailənin psixoloji iqlimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana hətta gizlincə ağlasa da, uşaqlar bunu başa düşür və pis hiss edirlər. Uşaqlar bilavasitə ananın həyatı ilə yaşayırlar. Ananın əhvalı uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir göstərir. Ana güləndə, sevincli olanda evin divarları da sanki gülür. Uşaqlar fərəhli və gümrah ömür sürür.

Psixoloji iqlim ailə üzvlərinin bir – birinə və ailəyə münasibətində özünü büruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya duyumuna təsir göstərir; şəxsiyyətin sərvət meyllərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır. Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər.

Bu isə onların əmək fəaliyyətində, işə münasibətlərində müxtəlif formada əks olunur. Hər bir kişi və qadın öz ailəsinin psixoloji iqlimini işlədikləri müəssisəyə də aparırlar. Evdən işə kefsiz, əsəbi gəlmiş ər yaxud arvad özünə kifayət qədər nəzarət etmədikdə əməyinin səmərəsi azalır.Bir çox hallarda onlar öz sevinc və dərdlərini iş yoldaşlarına danışırlar. Belə adamlar nəticə etibarilə öz ailələrini hörmətdən salmış olurlar. Ailədə əlverişli psixoloji iqlimi kim yaratmalıdır? Şübhəsiz, ər və arvad. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasında ana daha fəal rol oynamalıdır. Ailədə yaranan emosional münasibətlərin mərkəzində ana dayanır.

İstər ər – arvad münasibətlərində, istərsə valideyn – övlad münasibətlərində emosional çalarlar ana ilə bağlıdır. Ağlayan uşağı sakitləşdirmək üçün ananın onu bəlkə də bircə dəfə oxşaması, bağrına basması kifayətdir. Bəli, ana ən yaxşı psixoloq, ən mahir nevropatoloqdur. Ailə məişətinin bütün əsas məsələləri məhz onun əlində toplanmışdır. Ailənin psixoloji iqlimi ananın ailə kollektivinin əməyini, həyatını necə təşkil etməsindən əhəmiyyətli dərəcədə asılıdır.Ümumiyyətlə ağıllı və anlayışlı həyat yoldaşları təklikdə, mehriban ünsiyyət şəraitində özlərinin narazılıqlarını səmimi şəkildə bir – birinə bildirir, mübahisəli məsələləri danışaraq aydınlaşdırırlar.

Bu, ərlə arvadın bir – birinə anlayış göstərməsi yollarından biridir. Lakin həyat yoldaşlarının bir-birini tənqid etməsi, heç də təhqir etməsi demək deyildir. Burada söhbət məhz tənqiddən deyil, ünsiyyət mədəniyyətindən gedir. Ailə etikası kənar adamların, yaxın dostların, qohumların və uşaqların yanında həyat yoldaşını danlamağı və tənqid etməyə qətiyyən haqq qazandırmır.Ailə də qarşılıqlı hörmət və tələbkarlıq, qayğı və kömək normal olmalıdır.

Bunsuz ailədə əlverişli psixoloji iqlim haqqında danışmaq mümkün deyildir. Ərlə arvad arasında münasibətlər qarşılıqlı hörmət və tələbkarlığa, qayğı və köməyə əsaslanırsa, onlar bir – birini daha yaxşı başa düşür, güzəştə getməyi, “xırda” səhvləri bağışlamağı öyrənirlər.Psixoloqlar uğurlu və uğursuz ailələrdə ər və arvadın özünə və həyat yoldaşına münasibətini öyrənərkən çox maraqlı bir fakt müəyyən etmişlər. Uğurlu ailələrdə öz ailə həyatından razı olan ər və yaxud arvad həyat yoldaşına tənqidi yanaşmaqdan daha çox özünə tənqidi yanaşır. Uğursuz ailələrdə isə ər yaxud arva günahı özündə deyil, həyat yoldaşında axtarır, səhvi həmişə onun üstünə yıxır.

Bu o deməkdir ki, həyat yoldaşını sevən qadın ona daha çox diqqətli, qayğılı yanaşır, nöqsanlarına dözür və lazım gəldikdə ona kömək etmək üçün ona əlindən gələni əsirgəmir.Ailə həyatında ər – arvadın bir – birini başa düşməsinin böyük əhəmiyyətə malik olması kimə məlum deyil? Qarşılıqlı anlaşmaya əsaslanan ailə hamıya – ər və arvada, valideynlər və uşaqlara, gəlin və qayınanaya eyni dərəcədə lazımdır.

Məgər ailədə “xırda” məsələlər üstündə az söz – söhbət olur? İş işdən keçəndən sonra aydınlaşır ki, onlar bir-birini düzgün başa düşməyiblər.İnsan həmişə istəyib ki, ətrafdakı şeyləri, özünü, başqa adamları dərk etsin. “Qarşılıqlı anlama” ifadəsində də bu prosesin ikitərəfliliyi öz əksini tapmışdır. Ərlə arvadın bir – birini düzgün başa düşməsi, ailənin möhkəmlənməsi, kollektiv kimi inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir.

Bundan ötrü ər – arvad ailənin ümumi mənafeyi ilə yaşamalı, özünə başqa adamların, birinci növbədə həyat yoldaşının, uşaqlarının gözü ilə baxmağı bacarmalıdır.Ailənin təməl sütunları olan hörməti,güvəni və anlayışı heç bir vaxt itirməməlidirlər.

YAZAR: Mədinə Xəlilova

Həmçinin bax: Yaşlılıq psixologiyası

Həmçinin bax:https://tehsilim.org/bdu-da-imtahan-sessiyasi-davam-edir/

Həmçinin bax:https://turaz.org/fevralin-1-den-olkenin-butun-erazisinde-mektebler-acilir/