Ziyalılarımızı tanıyaq

Ziyalı cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalıların cəmiyyətin inkişafında, problemlərin dərk edilərək həll edilməsində vəzifəsi böyükdür. Azərbaycanlı ziyalıların da məhz bu problemlərin həll olunmasında böyük rolları olmuşdur. Gəlin, onlar haqda danışaq.

Milli mətbuatımızın banisi, böyük maarifçi-ziyalı Həsən bəy Zərdabinin dünyagörüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə Darvinizmdən təsirənmişdir (Darvinizmin tərəfdarı olub-olmaması hələ də mübahisəlidir). Həsən bəy Zərdabi 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi düzəlmişdir. Bununla da onun həyatında yeni dövr-maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət -xeyriyyə “ də yaratmışdı.Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı azərbaycanlı qadın müəllimələrə ehtiyac yarandığından Həsən bəy Zərdabi 1872-ci ildən “Qafqaz” qəzetində Tiflis “Müsəlman Nino” qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşələrini davam etdirməklərini təbliğ edir. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk üdən Zərdabi türkcə qəzet nəşr etdirmək üçün hökumətə müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Bununla əlaqədar o, İstanbuldan hürufat gətizdirmiş və nəhayət,  xeyli zəhmətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. ”Əkinçi” qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir.

Azərbaycan yazıçısı və dramaturqu,”Molla Nəsrəddin”  ədəbi məktəbinin banisi və ideya rəhbəri olan Cəlil Məmmədquluzadə Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. C.Məmmədquluzadənin əsərlərində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutmuşdur. Ədib “Molla Nəsrəddin “ jurnalı səhifələrində olduğu kimi, hekayələrində də həmişə qadınların ağır kölə vəziyyətinə qarşı çıxmış,onların azadlığı uğrunda ciddi mübarizə aparmışdır.Cəlil Məmmədquluzadə qadın əsarətinə qarşı “İranda hürriyyət “, ”Xanın təsbehi”, ”Konsulun arvadı”, ”Molla Fəzləli” və s. hekayələrini yazmışdır. “Xanın təsbehi “, ”Konsulun arvadı” hekayələrində isə qadına olan xüsusi mülkiyyətçilik əlaqəsinin başqa bir cəhəti öz əksini tapmışdır.1927-ci ildə yazılmış “İki ər” hekayəsi “Şərq qadını” jurnalının10-11-ci nömrəsində dərc olunmuşdur. C.Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o, ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur.O, öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirilmişdir.

Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi, metodist, maarifçi Firidun bəy Köçərli deyirdi: ” Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin “. O,1885-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan Gimnaziyasına təyinat alır. 1885-1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrlərdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçi vəzifəsini daşımışdır. 1894-cü ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1916-1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüşdür. Siyasi proseslərə qoşularaq”Müsavat” partiyasına üzv olmuşdur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır.

Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi, materialist filosofu və ictiami xadimi Mirzə Fətəli Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı: ” Əfsus, min əfsus ki, nə İranda, nə də Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri ilə bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar ”.  M.F.Axundov Azərbaycan tarixində ilk dəfə olaraq həm materializm, həm də dini tənqid baxımından öz düşüncə və baxışlarını önəmli dərəcədə irəlilətmiş və inkişaf etdirmiş dahi şəxsdir.

Azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs olan Lütfi Zadə bugün dünya elminə 6 mühüm nəzəriyyəsi ilə öz töhfəsini vermişdir. Ona dünya şöhrəti qazandıran Qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu gün Yaponiyanın “Mitsubishi”, ”Toshiba”, ”Sony”, ”Canon”, ”Nissan”, ”Honda” və digər şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Həmçinin bu nəzəriyyədən Amerikanın “General Motors”, ”General Electric”, ”Motorolla” və başqa şirkətlər tərəfindən istehsalatda geniş istifadə olunduğu da məlumdur.

 

YAZAR: Nərmin Hüseynova

Həmçinin bax: Ziyalılarımız

Həmçinin bax: https://turaz.org/meksika-telekanalinda-ermenistanin-tecavuzkar-siyasetinden-behs-edilib/

Həmçinin bax: https://tehsilim.org/sagirdlerin-elektron-yerdeyismesine-start-verilib/