“Zənbur” jurnalı
Zənbur” jurnalı Azərbaycan mətbuatı tarixində silinməz izlər buraxan “Molla Nəsrəddin” jurnalından sonra nəşr olunan bir çox qəzet və jurnallar onun ənənələrinə sadiq qalmışlar. Bunlardan biri də “Zənbur” jurnalı idi. 1909-cu il martın 13-də Bakı şəhərində “Zənbur” jurnalının birinci nömrəsi çapdan çıxdı. Jurnal forması, tərtibatı cəhətdən “Molla Nəsrəddin” jurnalına bənzəyirdi. Burada verilən materiallar “Kaspi” qazetinin mətbəəsində çap olunurdu. “Zənbur” jurnalı müxtəlif felyetonlar, xəbərlər, karikaturalar və sairədən geniş istifadə edirdi. Jurnal sadə Azərbaycan dilində yazmağı əsas məqsəd götürmüşdü. İkinci nömrədə verilmiş “Poçta qutusu”nda burjua ziyalılarının ədəbi dili qəlizləşdirmək kimi zərərli meyilləri əleyhinə kəskin çıxışlar edilirdi. İctimai ideyaları hamının başa düşdüyü sadə Azərbaycan dilində ifadə etmək jurnalın əsas amalı olmuşdur. Jurnalda “ Molla Nəsrəddin”in siyasi xətti çox cəsarətlə müdafiə edilmişdir. Hətta o, açıq şəkildə “Molla Nəsrəddin”i bir çox hücumlardan müdafiə edib qorumağa da çalışmışdır. Avamlığı, geriliyi təsirli üsullarla tənqid edən jurnal mədəni, iqtisadi cəhətdən irəlidə olan xalqlardan ibarət götürməyi tövsiyə edirdi. “Molla Nəsrəddin” jurnalının ənənələrinə uyğun olaraq,”Zənbur” mövhumat və cəhalətin törətdiyi bəlalardan xalqı uzaqlaşdırmağa səy göstərirdi.Axərbaycan xalqı içərisində maarif,tərəqqi toxumu səpirdi.Bəzən jurnalın bütöv səhifələri bu mövzuda yazılmış materiallardan ibarət olurdu. Mətbuat aləmində müxtəlif məsələlər ətrafında gedən ideoloji mübarizədə cəsarətli fikirləri ilə “Zənbur” jurnalı mətbuat tariximizdə özünəməxsus mövqeyini təsdiq etmişdir.
YAZAR: Mehin Vəliyeva
Həmçin bax: dron jurnalistikası
https://tehsilim.org/muellimlerin-ise-qebulu-musabiqesinde-yuksek-netice-gosterenler-2/