Zəfərin mübarək, Azərbaycan!
Bizlər daima “O zəfər çağının” gələcəyi zamanı gözləmişik. Nəhayət, 2020-ci il 8 noyabrda Şuşa şəhərinin işğaldan azad olunması ilə 44 gün ərzində davam edən Vətən müharibəsi ilə Azərbaycan əsgəri Qarabağ torpağını bizə geri qaytardı. Bütün dünya Azərbaycan əsgərinin sarsılmayan gücünü, qüvvətini gördü.
Qarabağ vətənimizin illərdir tərki-diyar olan, əziz can Azərbaycan parçası. “Qarabağ mənim gözümdə bir həsrət zəfəri, bir ölüb, min dirilən igidlərin zəfəridir. Uşaqlıqdan ürəyimdə böyütdüyüm ümidi ilə hər daim qəlbimin döyündüyü, Qarabağ. Bizlərin görmədən, torpağına ayaq basmadan sevdiyimiz,darıxdığımız, canımızdan keçməyə hazır olduğumuz qürurlu sevgimizdir Qarabağ. Bir ananın övladı ondan ayrı düşəndə necə ürəyi göynəyərsə, Azərbaycanda Qarabağ olmadan elə idi. Biz hər zaman o zəfəri özümüzdə, içimizdə, evimizdə duyduq. Həmişə atamızdan, anamızdan onu soraqladıq. O müqəddəs Qarabağ torpağı kiminin valideynlərinin doğulduğu böyüdüyü, azad etmək üçün uğrunda döyüşüb, yolunda qürurla, cəsarətlə canından keçməyə hazır olduğu o torpaq, kimilərinin isə hər yay tətillərində gözəl xatirələri ilə bəzəyən uşaqlığıdır. Qarabağ zəfəri, şəhidimin arzusu, şəhid ailəsinin yarasına məlhəm, vətən övladlarının can yeridir. Heç gözünün dolduğunu görmədiyimiz insanların, bir tək adı çəkiləndə o gözlərin necə məğrur sevgi ilə baxdığını gördük. Qarabağ, vətənin övladlarının gözündə elə bir ali sevgidir ki ucunda ölüm olduğunu bilərək yolunda vuruşan igidləri var. Axı insan həqiqətən sevdiyi üçün yolu nə qədər tikanlı, çətin, keşməkeşli olsa da sevdiyindən əl çəkməz, bezməz, doymaz, çünki sonunda özünə aid olana qovuşmaq var. İllərdir ki neçə-neçə anaların qəlbini yaran ağrı-acıları var. Namərd, lənətlənmiş düşmən Qarabağ torpağımızı öz tapdağı altına almağı azmış kimi övladını da, canını da ailələrimizdən ayırdı. Heç vaxt o ailələrdə yanğılar, ata, qardaş, yar, övlad həsrəti bitməyəcək. Amma Qarabağ sevgisi, vətən eşqi , vətənin zəfər sevinci o ürəklərə məlhəm olandır, o qəlbləri qürurlandırandır. Dinləməkdən doymadığımız Qarabağ şikəstəsindən ən sevgi,məğrur dolu misraları belə Azərbaycanın bu böyük zəfərinin açarı idi.
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ!
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Qarabağımızı, qəddar, insanlığın itirmiş düşmən bizdən ayırdığı zamandan bəri tək dəyişən tarixin vərəqləri oldu, oğulları, qızları hər zaman uğrunda canından keçib, daima da hazır oldu, Qarabağı yaddaşında qızıl hərflərlə yazdı. İgidlərimizin bizə bəxş etdiyi zəfər sayəsində Qarabağ şikəstəsini Qarabağın saf, təmiz təbiətinin qoynunda torpağının yetişdirdiyi xanəndələrindən dinlədik, məscidlərindən azan səsini duymaq nəsib oldu, boynunu bükmüş Xarıbülbülü fərəhlə, azad olunmuş zəfər dolu vətən qoynunda açmasını gördük. Bir zamanlar əli yalın şəkildə, torpağından didərgin düşən uşaqlar, bu gün səni azad etməyə, yenidən bizə qovuşdurmağa gəldi. Artıq ordumuz sayəsində azadlıq günəşi həyatımza doğdu. Şəhidlərimizin ailəsinin ürəyinə dağ basmadan bizə qovuşdu. İllərdir bütün gözəl günlərimizi keçirməyi arzuladığımız tərki-diyar olmuş Qarabağ bizə qayıtdı,həsrətli günlərimiz bitdi.
Bəli, 44 günlük Vətən Müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin misili görünməyən rəşadəti hesabına, məkanı cənnət olan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Cənab ali baş komandan İlham Əliyevin uğurlu siyasəti və igid oğullarımızın böyük hünər sayəsində Azərbaycanın dəmir yumruq kimi necə güclü olduğunu gördük. Öz döyüşçü taktikaları ilə, istər silahla, istərsə də, yeri gəldiyi zaman yalın əl ilə meydanda düşmənlə döyüşə girən odlar yurdunun od nəfəsli polad qəhrəmanları şücaətləri ilə hər kəsi heyrətlənirdi. Silaha sarılıb “vətən daşını yastıq, qarı yorğan edib” bütün çətinliklərə sinələrini sipər edib can-başla haqq savaşında inanılmaz cəsurluq, hünər nümayiş etdirdilər. Bu çətin günlərdə tarixin sınağından keçən ulu xalqımızın dəstəyi, vətəndaşlarımızın arxa cəbhədə dəmir yumruq kimi birliyi onların qəlbindəki azadlıq alovlarını daha da şölələndirdi, döyüş əzminə güc-qüvvət qatıb mənəvi ruh yüksəkliyi bəxş etdi. Müzəffər ordumuz bu birlik sayəsində keşməkeşli zəfər yollarında inamla, ilhamla, uğurla, güvənlə irəlilədilir. Gülərək, sevinərək getdikləri döyüş meydanında müqəddəs amal uğrunda can verib şəhidlik zirvəsinə ucaldılar. Bizə isə yaraşan “Zəfərin mübarək Azərbaycan!” deyib, hər zaman cəsur igidlərimizin adını uca tutub ,bu mirasa sahib çıxmaqdır.
YAZAR: Səbinə Zalova
HƏMÇİNİN BAX: 8 Noyabr- Azərbaycanın böyük Zəfər Günü
HƏMÇİNİN BAX: İnjasanat.uz/archives/9930