Zaqatala elə bil Azərbaycanın şəhəri deyil, ayırıb atıblar bir tərəfə” – İlham Əliyevlə görüşə bilməyən sadə insanların fəryadı

Prezident İlham Əliyevin çərşənbə günü Zaqatala-Balakən bölgəsinə getdiyini eşidən bəzi yerli sakinlər problemlərini ona danışmaq istəsələr də, buna nail ola bilməyiblər.

Zaqatala sakini Xanım Şabanova Prezidentin regiona səfəri barədə eşidəndə dərdini məktuba töküb ki, kağızı İlham Əliyevə versin. Amma gözü yolda qalıb: “Həmişə bu vaxt bizi aldadırlar, deyirlər prezident gəlir, gəlir, amma gəlmir”.

İlham Əliyev iyulun 29-da Qobustan və İsmayıllı rayonlarına səfərindən sonra Balakən rayonuna gedib.

Xanım Şabanova deyir ki, bu gün də Prezidentin rayona gəlişini gözləsələr də, daha sonra qonşularından səfərin “şayiə” olduğunu və İlham Əliyevin Zaqatalaya gəlməyəcəyini eşidib.

Kömək istəyə biləcəyi başqa ünvan qalmadığını söyləyən Xanım Şabanova məktubunda özünün və tək oğlunun çətin həyatından, işsizlikdən söz açıb, Prezidentdən həyat şəraitinin yaxşılaşdırılmasını və iş tapmağa yardım göstərməsini istəyib.

“Çox çətin vəziyyətdəyəm. Oğlumu Bakıda karantinə görə işdən çıxarıblar, ev sahibi də evdən atıb, gah tikintidə qalır, gah kafedə. Mən Zaqatalada bir otaqlı uçuq bir evdə qalıram, iş tapa bilmirəm. Karantində də nəyim var, nəyim yoxdur, satmışam. Hansı problemi desəm axı? Utanıram artıq. Zaqatala elə bil quruyub, leysan yağışlardan başqa heç bir şey yoxdur. Zaqatala elə bil Azərbaycanın şəhəri deyil, ayırıb atıblar bir tərəfə, hər şeyindən istifadə edirlər, amma insanlarına əziyyət edirlər. Hamı işsizdir,”- Xanım Şabanova əlavə edir.

Müxbir:Ələkbərova Nuray
Qaynaq:Bbc.com