Zamanının Bayraqdarı- Səməd Vurğun
Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Səməd hələ uşaqikən anası Məhbub xanım vəfat etmiş, altı yaşından etibarən atası və nənəsi Aişə xanımın himayəsində böyümüşdür.
Şair ilk təhsilini kənd məktəbində almışdır. 1918-ci ildə Qori müəllimlər seminariyasının Qazaxda Azərbaycan şöbəsi yaradılır. Səməd də bu seminariyaya qəbul olunanlardan idi. Hələ seminariyada olarkən o, ilk şeirlərini yazmağa başlayır və bu şeirlər divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı. Seminariyanı bitirdikdən sonra Səməd bir sıra rayon və kəndlərdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır. 1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır.Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir.
O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuş və bu evlilik şairin yaradıcılığına yeni nəfəs gətirmişdir. Səməd Vurğunun yaradıcılığı janr baxımından rəngarəng olmuşdur. Yaradıcılığının zirvəsi “Vaqif” dramı olsa da ədəbiyyatımızda yazdığı poemalarla da öz töhfəsini vermişdir. Şair 30 poemadan ibarət “Azərbaycan” epopeyası yaratmaq arzusunda idi. Bu poemaya daxil olan əsərləri 1935-ci ildə qələmə alır, lakin müəyyən səbəblərdən bunu tamamlamır.Dəyərli mütəfəkkir ömrünün sonuna qədər 28 poema yazmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra mədəni- ədəbi həyatda dəyişikliklər baş verdi. İnsanların azad söz hüququ əlindən alındı. Bunun təsiri də heç şübhəsiz, ilk növbədə ziyalılarda, yazıçı, şairlərdə özünü göstərdi. 30-cu illərdən etibarən bu “təsir” öz gücünü artırdı. Bu illər bildiyimiz kimi tarixə “repressiya dövrü” kimi daxil olmuşdur. Repressiya dövrünün qurbanları daha çox ziyalılar olurdu.Bunun səbəbi o idi ki, Stalinçilər xalqın ziyalı təbəqəsini məhv etməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayıraraq sovet ideoloji birliyi altında birləşdirmək istəyirdilər.
Bu vaxtlar hamı üçün, çətin qorxulu dövr idi. Yeni yaradıcılıq nümunələri senzuradan keçirdi. Hakimiyyətə zidd bir şey olduqda yazı nümunələri mətbuata buraxılmır, yazıçıya qarşı müxtəlif “kompaniya”lar başladılırdı. Bu “kompaniya”lar H.Cavid, M.Müşfiq, Ə. Cavad kimi ziyalılarımızdan da yan keçmədi. Onlar repressiyanın ziyalı qurbanları oldu. Milli mənlik şüurunun məhv edildiyi dövr bir tərəfdən görkəmli mütəfəkkirlərimizi bizdən aldığı halda digər tərəfdən Səməd Vurğun dühasını yetişdirirdi. S.Vurğun şeirlərində millətçilik ideyalarını xalqçılıq ideyaları ilə dəyişmişdi. Çünki, xalqçılıq ideyaları bolşevizmə zidd deyildi. Odur ki, şeirlərimizdə özünü təsdiqə, özünü ifadəyə də imkan var idi. Şair bütün imkanlardan istifadə edərək Azərbaycan poeziyasında yeni ruh gətirmişdir. Belə çətin dövrdə yazıb-yaratmaq, əlbəttə ona da asan olmamışdı. Müxtəlif şeirlərinə görə nəzarətdə olmuş, izlənmişdir. Onun “Azərbaycan” adlı epopeyanı yazıb tamamlamaması da elə bu səbəbdən idi. Beləki, S.Vurğunun “Əsərləri”nin altıcildliyində deyilir: “S.Vurğun 1937-ci ildə “Azərbaycan” epopeyası adı ilə əsər yazmaq fikrində olmuş və onu Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə elan edilmiş müsabiqəyə təqdim etmək istəmişdir. Məşhur “Azərbaycan” şeiri epopeyanın proloqu kimi nəzərdə tutulmuş və buraya “Aslan qayası”, “26-lar”, “Dar ağacı” kimi poemalar daxil imiş. Bunu şairin arxivində saxlanan qırmızı üzlü albom da təsdiq edir. Lakin görünür, S.Vurğun sonralar fikrini dəyişmiş və əsəri müsabiqəyə verməmişdir”. Güman edilir ki, şairin verdiyi vədi yerinə yetirə bilməməsinin səbəbi ona qarşı təqib və təzyiqlərin artması ilə bağlı olmuşdur. Belə ki, S.Vurğun xalq düşməni elan edilən şairləri (xüsusilə H.Cavid və M.Müşfiqi) “qanadının altına almaqda” günahlandırılmış, eləcə də millətçi kimi təqsirləndirilərək 1937-ci ildə Yİ-nin katibi vəzifəsindən azad edilmişdir. S.Vurğunun millətçilikdə ittiham edilməsinin əsas səbəbi milli ruhda, Azərbaycançılıq mövzusunda yazdığı əsərlər, xüsusilə “Azərbaycan” şeiri olmuşdur. 1937-ci ilin payızında o vaxtkı NKVD-yə dindirmələrə çağırılan və növbəti dindirmələrin birindən “səhər çayı vaxtı” qayıdan Vurğun qardaşı Mehdixana demişdi: “… “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir… Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram.
Lakin bununla bərabər məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!” Bütün bunlara baxmayaraq o ilk “xalq şairi” adını ala bildi. Lakin çox təəssüf ki, hazırda şairə qarşı münasibət birmənalı deyil. Onu qınayanlar, tənqid edənlər kifayət qədərdi. Məsələ burasındadır ki, şairin hər hansı bir sözünə görə onun haqqında mənfi danışmağı çox rahatlıqla bacarırlar. Bəs düşünək, birinin həyatını, yaşam tərzini bilmədən onu qınamaq nə dərəcə düzgündür və bu haqqı onlara kim verir?. Repressiya dövrünün qorxusunu ancaq o dövrdə yaşayanlar dərinliyiylə hiss edə bilərdi. “Dövrün tələbi” sözü nə qədər çox səslənsə də bu həqiqətdir. İstənilən şair, yazıçı ilk növbədə yaradıcılığına görə tanınır, yaradıcılığına görə ucalır. Təkcə “Vaqif” dramı kifayətdir ki, Vurğun qələminin qüdrətini görə bilək. “26-lar” poemasında ilk respublikamızın qurucusu möhtərəm Məhəmməd Əmin bəy Rəsulzadəyə aid yazdığı ifadə, eləcə də bir sıra məqalədə H.Cavid və M.Müşfiq kimi görkəmli ziyalılarımız haqqındakı qərəzli fikirləri hazırda şairə qarşı tənqidi münasibətin olmasına şərait yaratmışdı. Əlbəttə, tarixi şəraiti düzgün qiymətləndirməyi bacaran hər bir kəs bunun səbəbini başa düşə bilər. Şair bir müsahibədə özünə ünvanlanmış həmin sualda da bunun səbəbini açıqlayır:
“-Bəziləri sizi qınayır ki, Səməd Vurğun Stalinə, Kommunist Partiyasına şeirlər həsr edib, “26-lar” poemasında Məmməd Əmin Rəsulzadəni tənqid edib.
– Bəli, elədir. Əvvəla, bu, həmin dövrün quruluşunun tələbi idi. İkincisi, əgər kommunist partiyasına iki-üç şeir yazmışamsa, əsərlərimin böyük əksəriyyətini milli və bəşəri mövzulara həsr etmişəm. Partiyaya şeir yazmaqla mən məhz “Aygün”ü, “Muğan”ı, “Vaqif”i, “Talıstan”ı, “Komsomol” poemasını yazmaq imkanı qazanmışam. Həm də sosializm quruluşunun xalqımızı xoşbəxt edəcəyinə inanırdım. Mənim üçün əsas məsələ xalqımızı xoşbəxt görmək idi.”
Qeyd etdiyimiz kimi şair H.Cavidlə bağlı da qərəzli fikirlər yazmışdır. Buna da əsaslanıb onu tənqid edirlər. Lakin Cavidin qızı Turan Caviddən alınan mühasibədə o bu fikirləri deməklə kifayətlənir:
“-Səməd Vurğun barədə danışaq. Səməd Vurğunun 1937-ci ildə Cavidə həsr etdiyi “Səadət düşməni” şeirini sanki ona güzəştə getmisiniz. Bunu ona görə deyirəm ki, Səməd Vurğunun adına həmişə həssas yanaşdığınızı müşahidə edirəm. 37-ci ildən sonra onu ilk dəfə harada gördünüz?
– 1946-cı ildə Həbibənin toyunda. Bilirsəm, Həbibənin qardaşı Ənvər Məmmədxanlıya, xalası oğlu Rəsul Rzaya görə Səməd Vurğun, Mehdi Hüseyn, Cəfər Cəfərov, Mehdi Məmmədov da həmin toyda iştirak edirdilər. Toyda kimsə məni Səməd Vurğuna təqdim etdi. Hiss olundu ki, məni görəndə tanımayıb. Çox mütəəssir oldu. Sonra isə Cavidə bəraət alanda Səməd Vurğun xəstəydi. Anaya böyük ehtiram bəslədiyini həmişə hiss edirdik. O dövrdəki adamları indi qınayırlar, amma maraqlıdı, bu adamlar onda yaşasaydılar, necə davranardılar. Bəlkə də çox pis hərəkət edərdilər…”
Bəlkə də…
“Heç kimi qınama, günahından xəbərin olar, tövbəsindən xəbərin olmaz”
Hz.Mövlanə
YAZAR: Məxluqə Qasımova