Yuxarı Qarabağ iqtisadi rayonunun turizm potensialı

Bir-birinin ardınca gələn qələbə xəbərləri azad olunmuş ərazilərin səmərəli istifadə planlarının qurulmasını zəruri edir. Yuxarı Qarabağ üçün perspektivli sahələrdən biri də turizmdir. Yuxarı Qarabağ iqtisadi rayonu Kiçik Qafqazın şərq və cənub-şərq hissəsində – dağlıq, dağ ətəyi və düzən ərazilərdə yerləşir. Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri daxildir. Əvvəlki təsərrüfat sahələrinin yenidən inkişaf etdirilməsi iqtisadiyyatımıza və aqrar turizmin qurulmasına böyük fayda verəcəkdir. 1991-1993-cü illərdə iqtisadi rayonun təxminən 90%-i işğal olsa da, son qələbələrimiz nəticəsində bu göstərici aşağı enmişdir. Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını işğal olunanadək kənd təsərrüfatı təşkil edirdi. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülük idi. Regionda həmçinin meyvə, kartof, bostan məhsulları becərilirdi. Rayonda barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdı. İqtisadi rayonda heyvandarlıq inkişaf edirdi. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanırdı.

Yuxarı Qarabağ iqtisadi rayonu Bakı-Şuşa turizm marşrutu üzərindədir. Turizm ixtisaslaşması – sağlamlıq-müalicə, dərketmə, rekreasiya istiqamətində olmuşdur. Burada təbii və antropoloji abidələr çox, fauna və flora zəngindir. Murovdağ və Qarabağ silsilələri geniş yer tutur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Bu, qış turizmi üçün əlverişlidir. Silsilələr və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir. Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə mənzərəli dağarası çökəkliklər (Dovşanlı, Xankəndi və s.) vardır.

Yuxarı Qarabağ bölgəsi respublikamızın meşəli ərazilərindəndir. Ərazisinin 30%-i meşələrdir. “Qafqaz konservatoriyası” adlandırılan Qarabağ Azərbaycanın xalq musiqisi və poeziya diyarıdır. Turşsu və İsa bulağı tarixən Qarabağın poeziya və musiqi məclislərinin təşkil edildiyi ocaq kimi də tanınırdı. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən nadir Xarıbülbül çiçəyi Qarabağın musiqi və gözəllik rəmzinə çevrilmişdir.

Yuxarı Qarabağ bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Bölgədə dünya əhəmiyyətli memarlıq və arxeoloji abidələr vardır. Ağdam rayonunun Xaçın Türbəli kəndində türbə (XIX əsr), Cəbrayıl rayonunda 11 tağlı (XI-XII) və 15 tağlı (XIII əsr), Xudafərin körpüləri məşhurdur. Dünya əhəmiyyətli arxeoloji abidələrə Füzuli rayonunda Azıx, Tağlar mağaraları (Paleolit dövrü), Ağdam rayonunun Əfətli kəndində Çalağantəpə yaşayış yeri (Eneolit dövrü), Quzanlı qəsəbəsində Leylantəpə yaşayış yeri (Eneolit dövrü), Ağdam şəhərində Üzərliktəpə yaşayış yeri (Tunc dövrü), Tərtər rayonunda Borsunlu kurqanları (Tunc və ilk Dəmir dövrü), Xocalı rayonunda Xocalı kurqanları (Tunc-ilk Dəmir dövrü), Cəbrayıl rayonunun Xubyarlı kəndində Niftalı kurqanları (Tunc dövrü) aid edilir. Xocavənd rayonunda ən qədim tarixə malik alban məbədi IV-VI əsrlərə aid edilir (Süsənlik kəndi). Şuşada XVIII əsrdə yaşamış xanların evləri, sarayları, qəsrləri, məscidlər, türbələr (XVIII-XIX əsr) çoxdur. Cəbrayıl, Füzuli, Ağdam rayonlarının tarixi kəndlərində çox sayda qala, məscid və digər inanc yerləri vardır. Əfsuslar olsun ki, bölgənin bütün sərvətləri, o cümlədən turizm-rekreasiya ehtiyatları erməni işğalçıları tərəfindən istismar edilir və dağıdılır.

Ümumiyyətlə, Yuxarı Qarabağ Azərbaycanın ən zəngin turizm potensialına malik bölgəsidir. Burada incəsənət, qədim tarix və mədəniyyət, füsunkar təbiət nümunələri turizm kompleksinin yaradılması üçün yararlıdır. Lakin, ərazinin işğal altında olması bu imkanlardan istifadəni mümkünsüz etmişdir. Yuxarı Qarabağ iqtisadi rayonunda işğal olunmuş ərazilər azad edildikdən sonra həmin ərazilərin bütövlükdə sosial-iqtisadi inkişafı məqsədilə, o cümlədən turizmlə bağlı xüsusi layihələr həyata keçiriləcəkdir. Azərbaycan dövlətinin sarsılmaz iradəsi, xalqımızın dönməz əqidəsi bunun təminatıdır. Bizim olan bizimdir, Qarabağ Azərbaycandır!!!

YAZAR: Sabir Etibarlı

Həmçinin bax: Kəlbəcər-Laçın iqtisadi rayonunun turizm potensialı

Həmçinin bax: https://turaz.org/prezident-bunlar-muveqqeti-mehdudiyyetlerdir/

Həmçinin bax: https://tehsilim.org/buraxilis-ve-qebul-imtahanlarinda-istifade-edilen-qiymetlendirme-vasitelerinin-hazirlanmasi-ve-onlarin-meyarlar-esasinda-yoxlanilmasina-dair-hazi/