Yosunlar. Mamırlar. Qıjıkimilər.

Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.

İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir.

Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.

 

Birhüceyrəli yaşıl yosunlar. Xlorella və xlamidomonada yosunların ən geniş yayılmış nümayəndələridir. Hüceyrələri xaricdən qalın və şəffaf qılafla örtülmüşdür. Xlаmidomonada qamçıların köməyi ilə fəal hərəkət edə bilir. Xlorella isə ondan fərqli olaraq, su axını vasitəsilə bir yerdən başqa yerə aparılır. Onların hüceyrələrində nüvəsitoplazmairi vakuol və həmçinin yaşıl xlorofil piqmentinə malik tək xromatofor ( xromatofor – rəngdaşıyan) var. Xlаmidomonada hüceyrəsində bunlardan başqa işığa həssas “qırmızı gözcük”, yığılıb-açılan iki kiçik vakuol olur.

Yaşıl yosunların qidalanması.

Yosunlar, əsasən, avtotrof yolla qidalanır. Xlamidomonada və bəzi başqa yosunlar qida üçün bəzən hazır üzvi maddələrdən istifadə edir.

Birhüceyrəli yaşıl yosunların çoxalması.

Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadadan fərqli olaraq, xlorella yalnız qeyricinsi yolla – ikiyə bölünməklə çoxalır.

Birhüceyrəli yaşıl yosunların çoxalması

Xlamidomonadanın çoxalması.

Bölünmədən əvvəl xlamidomonada qamçısını itirir və hərəkətsizləşir.

– Qeyri-cinsi çoxalması. Xlamidomonadanın daxili möhtəviyyatı bir neçə dəfə bölünərək – 4, bəzən 8 ədəd hərəkətli kiçik hüceyrə – zoosporlar ( zoon – heyvan, spor – səpin, toxum) əmələ gətirir. Onlar xaricə çıxaraq müstəqil yaşayan yeni yosunlara çevrilir.

1.Yetkin 2. İlkin mərhələ (zoosporların yaranması). . 3.Zoosporlardan yeni fərdlər yaranır. 4. xlamidomonada. Cavan xlamidomonada.

– Cinsi çoxalması. Xlamidomonadanın möhtəviyyatının bölünməsi nəticəsində çoxlu sayda ikiqamçılı qametlər (cinsiyyət hüceyrələri) yaranır. Onlar başqa fərdin qametləri ilə suda cüt-cüt birləşir və ziqot əmələ gətirir. Ziqot qalın qılafla örtülərək qışlayır. Yazda ziqotun bölünməsi nəticəsində yaranan zoosporlardan cavan xlamidomonadalar əmələ gəlir.

1. Yetkin xlamidomonada.
2. Ana hüceyrədə qametlər yaranır.
3. Qametlər suya tökülərək başqa fərdin
qametləri ilə cüt-cüt birləşir.
4. Yaranan ziqot qalın qılafla örtülür.
5. Ziqotdan 4 ədəd yeni zoosporlar əmələ gəlir.

Çoxhüceyrəli yaşıl yosunlar.

Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı tallomdan (tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.

ULVA

Çoxhüceyrəli yaşıl yosunların quruluşu:

Ulotriksin tallomu sapşəkilli olub, bir cərgədə düzülmüş çoxlu hüceyrələrdən ibarətdir. Aşağıda yerləşən hüceyrəsi vasitəsilə substrata birləşir

1. Qılaf. 2. Sitoplazma. 3. Nüvə. 4. Qapanmayan halqaşəkilli xromatofor.

Spirogira yosununun isə sapları heç yerə birləşmir. Suda passiv üzən pambığabənzər yaşıl topalar şəklində olur. Uzunsov və üzəri seliklə örtülmüş hüceyrələrə malikdir.

Ulvanın tallomu lövhəşəkilli, parlaq-yaşıl rəngli olub, kənarları burulmuşdur. Tallomun alt hissəsində suyun dibinə yapışmaq üçün qısa “saplaq” olur. Xəzər dənizində də rast gəlinir.

Çoxhüceyrəli yaşıl yosunların çoxalması.

Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi yolla çoxalır.

Ulotriks yosununun çoxalması.

Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir.

Qeyri-cinsi çoxalma bəzən sapın təsadüfən hissələrə parçalanması – vegetativ yolla da baş verir.

Ulotriks yosununun çoxalması 1. Qametlərin yaranması. 2. Qametlərin birləşməsi. 3. Ziqot. 4. Qamçısız sporlar. 5-6. Yetkin yosun. 7. Zoosporun yaranması. 8. Zoosporlar. 9. Yeni yosun.

Əlverişsiz şəraitdə ulotriks yosunu çoxlu miqdarda ikiqamçılı kiçik qametlər əmələ gətirir. Onlar suya çıxaraq eyni növə mənsub başqa fərdin qametləri ilə cüt-cüt birləşir və mayalanma baş verir. Mayalanmadan sonra qalın qılaflı ziqot əmələ gəlir. Əlverişli şəraitdə ziqot 4 ədəd qamçısız sporlara bölünür. Onların hər birindən yeni ulotriks yosunları əmələ gəlir.

Spirogirada isə cinsi çoxalma konyuqasiya ( conjugatio – birləşmə) yolu ilə baş verir. Bu zaman iki yosun tallomu bir-birinə yaxınlaşır. Onların hüceyrələrinin möhtəviyyatları bir-birinə qarışır. Nüvələri birləşir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan yeni spirogira sapı inkişaf edir.

Ulva yosunu da qeyri-cinsi və cinsi yolla çoxalır.

Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (rizo – kök, eydos – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.

Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur rəngli olmasının səbəbi hüceyrələrinin xromatoforunda yaşıl piqment olan xlorofillə yanaşı narıncı, sarı və qonur piqmentlərin də olmasıdır. Laminariya (“dəniz kələmi”) – qonur yosunların geniş yayılmış nümayəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər vasitəsilə suyun dibinə yapışır.

Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların hüceyrələrində xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gəlinir. Tallomun rəngi piqmentlərin nisbətindən asılıdır. Qırmızı piqmentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək qabiliyyəti bu yosunlara 200 m və daha dərinlikdə yaşamalarına imkan verir. Dərinlik artdıqca tallom daha da qırmızı olur. Porfira – qırmızı yosunların geniş yayılmış nümayəndələrindəndir.

Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti. Yosunlar sudan karbon qazını udaraq suyu oksigenlə zənginləşdirir və suda yaşayan orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan, ulvadan və porfiradan istifadə edirlər. Yosunlardan sənayedə yod, kalium duzları, sellüloza, spirt, sirkə turşusu və digər məhsullar istehsal olunur.

Qırmızı və qonur yosunlardan alınan aqar-aqar maddəsindən isə qənnadı sənayesində, mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan təbabətdə dərman kimi, məsələn, laminariya yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Ali sporlu bitkilər. Mamırlar şöbəsi

Ali bitkilərin xüsusiyyətləri.

Ali bitkilər ibtidai bitkilərdən orqanların olması ilə fərqlənir. Hər bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan təşkil olunub.

Ali bitkilər iki böyük qrupa – sporlu və toxumlu bitkilərə bölünür. Mamırlar – sporlu bitkilərə aiddir.

Mamırlar

Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataqlıqlarda, rütubətli çəmənliklərdə, meşələrin kölgəli yerlərində rast gəlinir. Yosunlardan fərqli olaraq, mamırların əksəriyyətinin gövdə və yarpağı olur. Mamırların kökü olmur. Onların bəziləri gövdələrini rizoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamırlar avtotrof orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmişdir. Sporlar vasitəsilə çoxalır.

Yaşıl quş mamırı. Çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yarpaqlar olur. Bitkini torpağa gövdənin aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamırı bədən səthi ilə atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur.

Sfaqnum ( sphagnos – süngər). Meşə və bataqlıqlarda budaqlanmış gövdəsi olan sfaqnuma təsadüf edilir. Yetkin bitkinin rizoidi olmur. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş , ölü iri hüceyrələrə də rast gəlinir. Yarpaq və gövdədə olan ölü hüceyrələrin hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda bilir. Nəticədə sfaqnum bitən torpaq tədricən bataqlığa çevrilir. Belə şəraitdə digər bitkilər yaxşı inkişaf edə bilmir. Bataqlıqlarda sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir. Ona görə də bataqlığa düşmüş orqanizmlərdə çürümə prosesləri zəif gedir.

Sfaqnumun gövdəsi hər il 2-3 sm böyüyür. Eyni zamanda, gövdənin aşağı hissəsi tədricən məhv olur. Tələf olmuş hissə oksigen az olan yerdə yavaş-yavaş parçalanır və torfa çevrilir.

Mamırların çoxalması və əhəmiyyəti.

Quş mamırının çoxalması. İkievli bitkidir, onun çoxalma prosesində cinsi nəsillə qeyri-cinsi nəsilləri növbələşir. Quş mamırının erkək və dişi bitkiləri yanaşı bitir və cinsı nəsil sayılır. Üzərində cinsiyyət hüceyrələri əmələ gələn orqanizm cinsi, üzərində spor yaranan isə qeyri-cinsi nəsil hesab olunur.

      

Mamırların təbiətdə və insan həyatında rolu.  Mamırlar torpağın üzərini örtərək ora havanın keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaşmasına və bataqlıqlaşmasına səbəb olur. Sfaqnumun çürüməsi nəticəsində torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq təsərrüfatında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağac spirti, plastmas, izolyasiya materialı, qətran və digər qiymətli məhsullar alınır.

Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.

Qıjıkimilərin müxtəlifliyi. Qıjıkimilərə qıjılar, qatırquyruğular və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir. Əksəriyyətinin gövdəsi otşəkillidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında lianlara da rast gəlinir.

Qıjılar. Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir, yerüstü gövdəsi olmur. Yeraltı gövdəsi kökümsovdur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Fotosintez nəticəsində yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.

Çoxalması. Qıjıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə növbələşir. Mamırlardan fərqli olaraq, yetkin qıjı bitkisi qeyri-cinsi nəsil hesab edilir. Əgər qıjının yarpağına baxsaq, onun alt hissəsində kiçik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində sporangilər adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir.

Yetişmiş sporlar külək vasitəsilə yayılır. Cücərən spordan əlverişli şəraitdə kiçik, yaşıl rəngli cinsi nəsil- portal inkişaf edir.

Protal sərbəst halda yaşayır və torpağa rizoidlər vasitəsilə yapışır. Onun alt hissəsində yerləşən xüsusi orqanlarda spermatozoid və yumurta hüceyrə inkişaf edir. Spermatozoidlər qamçılarının köməyi ilə yağış suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu zaman mayalanma baş verir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan inkişaf edən yeni cücərti özü fotosintez edənə qədər protalın hesabına qidalanır. Müəyyən dövrdən sonra ondan yetkin bitki inkişaf edir.

Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti

Qatırquyruğular. Çoxillik ot bitkiləridir. Tarlalarda, meşə və bataqlıqlarda, adətən, nəm torpaqlarda yaşayır. Daha geniş yayılmış nümayəndəsi çöl qatırquyruğudur. Onun torpaqda budaqlanan uzun, şaxələnmiş kökümsovu olur. Kökümsovdan iki tip zoğ – yay və yaz zoğu əmələ gəlir. Yaşıl rəngli yay zoğu budaqlanan buğumlu gövdəyə malikdir. Onun hər buğumundan üzərində pulcuqşəkilli yarpaqlar olan budaqcıqlar çıxır. Yay zoğu fotosintez edir və onun kökümsovunda ehtiyat qida maddəsi toplanır. Yay zoğu quruduqdan sonra kökümsovlar qışlayır. Yazda onlardan qonur rəngli yaz zoğları inkişaf edir. Onlar fotosintez etmir və kökümsovlarda toplanmış ehtiyat qida maddəsinin hesabına qidalanır. Qonur zoğların təpəsində spordaşıyan sünbülcüklər əmələ gəlir. Sünbülcüklərdə sporlar yetişir. Yetişmiş sporlar külək vasitəsilə ətrafa səpələnir.

Plaunlar. Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş yayılmış nümayəndəsi sancaqşəkilli plaundur. Onun uzun və sürünən gövdəsi dik qalxan və haçavari budaqlanan budaqcıqlar əmələ gətirir. Gövdəsi başdan-başa açıq-yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür. Plaunun dikduran gövdəsində yayda kiçik və sarı sporlar yaranır. Sporlar küləklə ətrafa yayılır. Plaunların bir çox növləri azsaylıdır və qorunur.

Qatırquyruğuların və plaunların çoxalması, qıjılarda olduğu kimi, suyun iştirakı ilə gedir.

Qıjıkimilərin əhəmiyyəti. Məhv olmuş qədim qıjıkimilərin qalıqlarından daş kömür yataqları əmələ gəlmişdir. Daş kömürdən yanacaq kimi istifadə edilir. Ondan, həmçinin, metaləritmədə istifadə edilən koks, anilin boyası, ətriyyat sənayesində istifadə olunan maddələr və s. alınır. Qıjıkimilərdən həm də dərman bitkisi kimi istifadə edilir. Məsələn, təbabətdə qıjıların kökümsovundan qurd xəstəliklərinin müalicəsində, çöl qatırquyruğundan isə böyrək xəstəliklərinin müalicəsində və qankəsici kimi istifadə olunur.

YAZAR: Fidan Əmirəliyeva ( OYU BİOLOGİYA)

Həmçinin bax Ekoloji mühit

https://tehsilim.org/category/xeberler/