YİS-in kənd təsərrüfatına və kəndlilərə təsiri
XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu. İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər “Müstəqil sovet Azərbaycanı” şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana
da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİ-nin (dekabr 1922) təşkili
ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Azərbaycanda da Rusiya sayağı sosial-iqtisadi tədbirlər həyata keçirildi. Torpaq, neft sənayesi, Xəzər ticarət donanması, balıqçılıq və digər sənaye sahələri milliləşdirildi. Onlar dövlətin mülkiyyəti elan olundu. Zəruriyyət olmadan 1920-ci ilin yayından 1921-ci ilin yazına kimi Azərbaycanda da hərbi kommunizm siyasəti tətbiq olundu. 1922-ci ilin yazından etibarən isə Azərbaycanda yeni iqtisadi siyasət həyata keçirilməyə başladı. Yeni iqtisadi siyasət şəraitində neft hasilatı 2 dəfə artdı. Kənd təsərrüfatında dirçəliş baş verdi. Əkin sahələri 2 dəfə çoxaldı. Kənddə təbəqələşmə gücləndi. Varlı və ortabab kəndlilərin sayı artdı. Onlar kəndlilərin yarıdan çoxunu təşkil edirdilər.
20-ci illərin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının əməli olaraq sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Sosialist sənayeləşdirilməsi və kənd təsərrüfatının kollektivləşdirilməsi həyata keçirməyə başladı. Bakıda neft sənayesinin inkişafı yeni vüsət aldı. Tezliklə Neftçala, Lökbatan, Qala, Sulutəpə, Korgöz və b. yeni neft yataqları istifadəyə verildi. Azərbaycan neftinin hesabına SSRİ neft istehsalı üzrə dünyada ikinci yerə çıxdı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76 faizini Azərbaycan verirdi.
Neft sənayesi ilə yanaşı digər sənaye sahələri də inkişaf etdirildi. Gəncədə toxuculuq kombinatı, Gəncədə, Ucarda, Yevlaxda pambıq təmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su elektrik stansiyaları tikilib istifadəyə verildi. Artıq 30-cu illərin ikinci yarısında Azərbaycanda istehsal olunan sənaye məhsullarının 95%-dən çoxunu XX əsrin 20 — 30-cu illərində tikilmiş və yenidən qurulmuş müəssisələr verirdi.
Bu illərdə Bakı-Batumi neft kəmərinin, Ələt-Culfa dəmiryolu xəttinin çəkilməsi başa çatdırıldı. 1926-cı ildə SSRİ hüdudlarında ilk dəfə Bakıda elektrik dəmir yolu xətti istifadəyə verildi.
Sosialist yenidən qurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.
Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
YAZAR: Nağı Nağıoğlu ( Səfərov )
HƏMÇİNİN BAX: Sellərin təsnifatı
HƏMÇİNİN BAX: Tehsilim.org/huseyn-cavidin-ev-muzeyinin-direktoru-beynelxalq-qarabag-arasdirmalar-konqresinde-meruze-edib/