Yetkinliyin 3 səviyyəsi : cinsi , psixoloji və sosial

Yetkinlik dövrü təxminən 21-40 yaş aralığını əhatə edir. 12-21 yaş aralığında yeniyetmə uşaqlıqdan çıxaraq yetkinliyə, müstəqil həyata hazırlanır. Əqli və fiziki yetkinliyə çatır. Yetkinliyə hüquqi, sosial, dini, cinsi yanaşmalar, verilən təriflər müxtəlifdir. Məsələn,hüquqi baxımdan bir şəxs 18 yaşından etibarən müstəqildir, valideylərinin himayəsində deyil, etdiklərinin məsuliyyətini daşıyır, öz razılığı ilə evlənə bilər və s.
Dinin tələblərini yerinə yetirməyə başlamaq üçün gərəkli bilinən yaş həddi də bir növ yetkinliyə dini yanaşmadır. Yaxud keçmişdən gələn bəzi dini təsəvvürlərə görə evlənmək üçün 18 yaşın tamam olmasını gözləməyə gərək yoxdur. Daha az yaşlarda belə insan evlilik məsuliyyətini daşıya biləcəyi yetkinliyə çata bilər. Əlbəttə, hüquqi yanaşmanın tərəfdarıyam.
Yetkinliyin 3 səviyyəsinə nəzər salaq:
1)Cinsi yetkinlik
Cinsi yetişkənlik və ya yeniyetməlik dövrü
boyun və çəkinin artması, səsin dəyişməsi, dəridəki piy vəzilərinin aktivliyi, cinsi yetişmə prosesi ilə xarakterizə olunur.
Azərbaycanda cinsi yetişkənlik dövrü əsasən qızlarda 10-12 yaş, oğlanlarda 13-14 yaşlarında müşahidə olunur. Lakin bu göstəricilər ortalama bir rəqəmdir. Şəraitdən, irsiyyətdən, qidalanmadan asılı olaraq cinsi yetişkənlik uşaqlıq və gənclik dövrləri arasında müxtəlif yaşlarda baş verə bilər.
Cinsi yetişmə dövrü fiziki və əqli inkişafla xarakterizə olunur. Əsasən oğlanlarda ətraf əzələlərinin inkişafı, səsin qalınlaşması; qızlarda çanağın genişlənməsi, süd vəzilərinin inkişafı müşahidə olunur.
Hipofiz və böyrəküstü vəzilərinin funksiyasının intensivləşməsi ilə ətraf mühitə uyğunlaşma qabiliyyəti, orqanizmin infeksiyalara qarşı cavab reaksiyası və soyuqdəyməyə qarşı cavab reaksiyası artır. Hipofiz və qalxanabənzər vəzinin intensivləşməsi nəticəsində boyda artım, cinsiyyət sisteminin inkişafı, ikinci cinsi əlamətlər müşahidə olunur.
Cinsi yetişmə dövründən etibarən qızların yumurtalıqlarında yumurta hüceyrə, oğlanların toxumluqlarında spermatazoidlər və kişi cinsiyyət hormonu hazırlanır.
Yeniyetməlik dövründə qızlarda menstruasiya və ya aybaşı tsikli baş verir. Aybaşı tsikli uşaqlığın selikli qişasının ayrılaraq xaric edilməsi ilə əlaqədar perioddur. Bir tsikl ortalama 21-35 gün davam edir. Yeniyetməlik dövründən başlayaraq menopoz dövrünə qədər, təxminən 45-55 yaşlarına qədər davam edir. Normal halda hər ay yumurtalıqların birinin follikulunda yumurta hüceyrə əmələ gəlir.
Menstruasiya dövrünün ilk 1-4-cü günləri menstruasiya fazası adlanır. Bu fazada follikul yetişir. Sonrakı 5-13-cü gün menstruasiyadan sonrakı faza adlanır və 14-cü gün ovulyasiya baş verir.Ovulyasiya zamanı follikul partlayır və yumurta hüceyrə xaricə atılır. Sarı cisim müvəqqəti sekresiya vəzilərindən biridir. Hamiləlik baş verməzsə menstruasiya dövrünün geri qalan 14 günündə hormon ifraz edir. Yumurta hüceyrə yumurta borularına düşərək inkişaf edir. Əgər mayalanma olarsa, yəni spermatazoidlərdən biri yumurtahüceyrə ilə birləşib ziqot əmələ gətirərsə, hamiləlik baş verər. Mayalanma prosesi uşaqlıq borusunda baş verir. Uşaqlıqda yeni orqanizm inkişaf edir.
2)Psixoloji yetkinlik.

Sinir hüceyrələrinin çıxıntılarının sıx yerləşdiyi beynin boz maddəsinin həcmi yetkinlik dövrü boyunca artır. Bu da göstərir ki, insanın yetkinliyi ilə sinirbağları arasında əlaqə var. 20-li yaşların əvvəllərinə qədər beynin inkişafı yavaşlasa da davam edir və “beyin yetkinliyi” adlanan dövr başlayır. Beyin yetkinliyə çatdıqda insanın xarakteri və qabiliyyətləri formalaşmış olur. Gənc insan yetkin insana görə daha çox və asan risk alır. Çünki risk almağa maneə olan ön beyin tam inkişaf etməmişdir. Ərgənlikdə əsasən ailə ilə yaşanan , fikir fərqliliyindən irəli gələn anlaşmamazlıqlar şəxsiyyətin formalaşması üçün gərəklidir. Yetkin insan isə hadisələri başqa baxış bucağından qiymətləndirə, başqalarının gözündən necə göründüyünü başa düşə bilir.
Yetkin insan problemləri həll etməkdə təcrübəlidir.
Yeni bilgini daha tez qiymətləndirir, əvvəlki məlumatlarla müqayisə edir, lakin mənimsəməsi və qəbul etməsi zəifləmişdir.
3)Sosial yetkinlik
Sosial yetkinlik fərdin yaşına görə yaşadığı toplumun qaydalarına, normalarına uyğun davranmasıdır. Uşaqlıq illərindən etibarən valideynlərlə münasibətdə, sonra isə toplumun davranış normalarını öyrənməklə formalaşır. Başqa sözlə sosial yetkinlik fərdin içində yaşadığı toplumun yetkin fərdlərinin sahib olduğu bilgi, duyğu və qabiliyyət səviyyəsinə çatmasıdır. Fərdin özünü cəmiyyətin bir parçası kimi görməsi və bu cəmiyyəti inkişaf etdirmək istəyi kimi də başa düşülür.

YAZAR: Qönçə Mustafayeva

HƏMÇİNİN BAX: Hökümət sistemləri- I hissə

HƏMÇİNİN BAX: https://turaz.org/telebelerin-covid-19-pasportunun-olmasi-teleb-olunacaq/

HƏMÇİNİN BAX: https://tehsilim.org/transfer-ucun-sened-qebulunun-vaxti-uzadilib/