Yetkinlik dövrü psixologiyası və bu dövrün problemləri.
Yetkin şəxs dedikdə- fiziki və zəka inkişafını tamamlamış, azad qərarlar vermək bacarığı olan, həyatının məsuliyyətini öz üzərinə ala bilən və baş verən hadisələr qarşısında sağlam addımlar atan şəxslər nəzərdə tutulur. Hazırki, dövrümüzün sıx müşahidə olunan problemlərindən biri yetkinlik psixologiyasının çox da ələ alınmamasıdır. Lakin bilməliyik ki, yalnız sağlam yetişkinlər sağlam cəmiyyətin təməlini qoyur. Bu baxımdan yetişkinlikdə müşahidə olunan problemlərin səbəblərini və bu problemlərin həll yollarını qeyd edək:
• Yetişkinlərdə müşahidə olunan depressiya problemi. Bu günün şərtləri altında depressiya çox sıx olaraq müşahidə edilən bir haldır. İnsanlarda depressiya özünü qeyd edəcəyimiz şəkillərdə büruzə verir :
1. Həddindən artıq kədərli, narahat hiss edib, dəyərsizlik duyğusu ilə başa çıxmağa çalışmaq.
2. Özünə qarşı çox qəddar və günahlandırıcı olmaq.
3. Günün əksər hissəsində və ya bütün gün ərzində bitkin hiss etmək.
4. Diqqət əksikliyi yaşayıb, ən adi işlərdə belə diqqətin bir yerdə saxlanılmasında yaşanan çətinlik.
5. Hər hansı bir çətinlik qarşısında həllin irəli sürülməsində problem yaşamaq.
6. Böyük bir motivasiya ilə edilən işlərdən artıq həzz alınmaması və həmin işlərə həddindən artıq maraq itkisi.
7. Şəxsi baxıma və gigiyena qaydalarına hər zamaki kimi diqqət edilməməsi. Eyni zamanda buna uyğun olaraq sosial çevrənin getdikcə azalması.
8. Enerjinin azalması ilə əlaqəli heç birşey edilməsə belə yorğunluq hissinin həddindən artıq yaşanması.
9. Yuxuya getmək və bu yuxunun sürdürülməsində yaşanan çətinlik və ya həddindən artıq yatmaq.
10. İştah azalması, çəki itkisi və ya həddindən artıq çox yemək nəticəsində buna uyğun olaraq çox kilo almaq.
11. Hərəkətlərin yavaşıması və ya həddindən artıq narahat, təşviş içində olub, bir yerdə dura bilməmək.
12. Bəzi əsassız fiziki ağrıların olması. Məsələn oynaq, əzələ, mədə ağrıları v.sair.
13. Ölüm və intiharla əlaqəli fikirlərin olması.
Depresiyanın meydana gəlməsi bir sıra bioloji, psixoloji və sosial amillərin təsirindən ola bilər. Məsələn ailənin depressiya narahatlığı ilə bağlı keçmişi, sağlamlıq problemləri, xroniki narahatlıqları, hamiləlik və bu kimi digər hallar bioloji olaraq təsir edən amillərdən sayılır. Digər tərəfdən uşaqlıq dövründə yaşanan travmalar, istismarlar, ailə daxili şiddət v.sair hallar depressiyanı psixoloji cəhətdən ələ alır. Bunlardan başqa qeyd edəcəyimiz bir digər depressiyanı yaradan səbəblərdən olan sosial amillərə: yalnızlıq, sosial dəstəyin əksik olması, stresli yaşam təcrübələri, işsizlik, maddi sıxıntılar və bu kimi digər hallar aid edilir.
Depressiyanın yüngül hallarında özünü təlkin, ailə və cəmiyyətdən görülən dəstək effektiv ola bilər, lakin həddindən artıq pozuntu yaşanarsa, psixoloji dəstəyin alınması mütləqdir.
• Yetişkinlərdə yaşanan təşviş ( narahatlıq) pozuntusu. İlk öncə bunu bilmək lazımdır ki, gün ərzində yaşanan kiçik narahatlıqlar normal yaşantının bir parçasıdır. Hər kəs gün ərzində müxtəlif mövzularda narahatlıq yaşaya bilər, lakin yaşanan təşviş pozuntusu daimi, həddindən artıq və insanın gündəlik yaşantısına mənfi təsir edən, hətta ağır hallarda gündəlik yaşamı məhdudlaşdıran bir hal kimi özünü göstərir. Bu problemin meydana çıxmasında irsi faktorlar, beynin neyrokimyasındakı dəyişikliklər, insanın xarakterik xüsusiyyətləri və stresli həyat şəraiti önəmli mövqeyə malikdir. Buna uyğun olaraq müşahidə olunan əsas əlamət ortada bir səbəb olmamasına baxmayaraq idarəolunmaz narahatlıq hissi şəklində özünü göstərir. Belə olduqda insanlar hər vəziyyətin ən pisini düşünürlər, hər şeyin öz nəzarətlərindən çıxdığına inanırlar və onlar üçün yaxşı ehtimal , geriyə dönüş yoxdur. Bu insanlar özləri də narahatlıqlarının yersiz olduğunun fərqindədirlər, lakin buna baxmayaraq özlərini ələ ala bilmirlər. Bundan başqa digər əlamətlərə yorğunluq, diqqət əksikliyi , fikirin bir yerə cəmlənməsində yaşanılan çətinlik, ən kiçik səslərə həddindən artıq reaksiya, eyni zamanda yaşanan fiziki əlamətlərinə baş və əzələ ağrıları, udqunma çətinliyi, titrəmə, mimiki səyirmələr, bulantı hissi, istilik gəlmə və bu kimi digər əlamətlər aiddir. Bu yaşanan həddindən artıq təşviş pozuntusu əsasən sağlamlıq, ailə, maddiyyat və iş mövzuları ilə əlaqəli olur. Burada bir digər önəmli məqam idarəolunmaz təşviş pozuntusunun ən az altı ay müddətində hər gün davam etməsi və sutkanın bütününü əhatə etməsidir. Bu problemin görülmə tezliyi 5-6 % – dir. Başqa şəkildə desək, 100 insandan 5-6 – da müşahidə olunur. Bu problemin həlli üçün mütləq psixoloji müalicə alınmalı və eyni zamanda dərman müalicəsi yanaşı aparılmalıdır. Tam sağalma əldə olunduqda belə müalicə bir il müddətində profilaktika məqsədilə davam etdiriməlidir.
• Yetişkinlərdə yaşanan özgüvən problemi və bu problemin həlli yolları. Sadə bir şəkildə desək özgüvən yaşamda qarşılaşılan fərqli vəziyyətlər qarşısında insanın bacarıq və qabiliyyətlərinə əsaslanan, həqiqi mənada və müsbət şəkildə özünə olan inamıdır. Sağlıqlı bir böyümə prossesində bir uşaq özünün dəyərli, sevilməyə layiq, yetərli bir insan olduğuna dair olan inanclarını ailə içində, valideynləri, bacı, qardaşları, müəllimləri, dostları və bu kimi insanların vasitəçiliyi ilə inkişaf etdirir. Güvənilən, sabit, duyğusal mənada yaxın, dəstəkləyici və qayğıkeş bir ailənin insanın özgüvən duğusunun inkişafının təməlini qoyan, eyni zamanda onun potesialının üzə çıxmasını təmin edən önəmli bir amil olması məlumdur. Bu baxımdan ailənin dəstəkləyici mövqedə olmasından əlavə, həyatın çətinlikləri qarşısında göstərdikləri davranış tərzi baxımından uşağa örnək olmaları onun özgüvənin formalaşmasında önəmli bir addımdır. Yetişkinlikdə yaşanan özgüvən problemi erkən uşaqlıq dövründə yaşanan travmalardan, sarsıntılardan , psixi inkişafa birbaşa təsir edən amillərdən asılı olaraq meydana çıxır. Bütün bunlara misal olaraq özgüvənin formalaşmasına mənfi təsir edən amilləri bu şəkildə qeyd edə bilərik:
1. Valideynlərin səhlənkar yanaşması.
2. Qatı, cəzalandırıcı, rəddedici, qüsurtapıcı valideyn davranışları.
3. Həddindən artıq qoruyucu valideynlər.
4. Uşağın hər işinə müdaxilə edən valideynlər.
5. Uşağın uğur qazanması üçün həddindən artıq tələbkar və mükəmməliyyətçi davranış sərgiləyən valideynlər.
6. Uşağı duyğu cəhətdən yoxsul buraxacaq dərəcədə empatiya azlığı və bunun kimi digər hallar özgüvənin yaranmasında zədələyici amillər kimi özünü göstərir.
Özgüvən əksikliyi yaşayan yetişkinlər aşağıda qeyd edəcəyimiz əlamətlərə malikdirlər:
1. Digər insanlara “Yox” deməkdə çətinlik yaşayırlar.
2. Təhsil aldığı və ya çalışdığı sahələrdə nə qədər irəli getsələr də yetərsiz olduğuna inanırlar.
3. Yetərsiz olduqlarına inandıqları üçün də potensialından qat-qat aşağı sahələrdə çalışmağa meyilli olurlar.
4. Onlara utanc gətirəcəyinə inandığı üçün istədikləri şeyləri etməkdən çəkinirlər.
5. İnsanların qarşısında danışmaq, mühazirə söyləmək onlara çətin gəlir.
6. İşlərində və ya dost münasibətlərində öz fikirlərini ortaya qoyub, fikirləri ilə var olmaq olduqca çətindir.
7. Münasibətlərində daha çox boyun əyicidirlər.
8. İnsanlarla yaxınlıq qurmaqda çətinlik yaşayırlar.
9. Fikirləri ilə ziddiyyət təşkil etsə belə hakimiyyətə qarşı çıxmaqdan çəkinirlər.
Bundan başqa özgüvən problemi ilə bağlantılı cümlələr bunlardır: edə bilmərəm, bacarmaram, mənim haqqımda pis düşünərlər, səhf edəcəyəm, insanları sıxıram, yetərli deyiləm, rədd ediləcəyəm v.sair bunun kimi digər fikirlər.
Özgüvəni gücləndirmək üçün əsasən göstərəcəyimiz şəkildə davranmalıyıq:
1. İlk öncə problem yaşadığımız sahələri müəyyənləşdirmək lazımdır.
2. Həmin problemi yaşayarkən nə hiss ettiyimizə və necə hiss ettiyimizə diqqət yetirməliyik ki, bu diqqət problemin şüuraltımızda yatan səbəbini bizə göstərə bilər.
3. Mənfi düşüncələr içində olduqda özümüz və insanlar haqqında nə düşündüyümüzə diqqət etməliyik. Bu düşüncələr də həmçinin problemin qaynağının tapılmasında önəmlidir.
4. Həmin mənfi düşüncələri sorğulamalıyıq. Yəni həqiqətən düşündüyüm kimiyəm? və bunun üzərinə bir şeylər bacardığımız zamanları xatırlamalıyıq, eyni zamanda təlkin yolu ilə özümüzə inamı formalaşdırmağa çalışmalıyıq.
5. Özünüzdən qaçmamağa çalışın , üzləşmə aparın və bu tərəflərinizi qəbul edib, özünüzlə harmoniya halında olun.
6. Başqa insanların düşüncələrinə qulaq asın, amma doğru hesab ettiyinizi qəbul edin.
7. Hər kəs tərəfindən sevilməyin qeyri-mümkünlüyünü anlayın və həyatınızda sizə dəyər verən və dəyər verdiyiniz insanların fikirlərini ciddi qəbul edin.
Bütün bunlar özgüvən hissinin təməlini təşkil edir və bu həmçinin sağlam cəmiyyət üçün önəmlidir.
Yetişkinlik psixologiyasına diqqət önəmlidir, çünki gələcək məhz yetişkinlərin bu gün sərgilədiyi davranışlardan asılıdır və çalışaq ki, davranışlarımızla gələcəyi doğru quraq.
Psixoloq: Rzazadə Səbinə.
həmçinin bax Atanın uşaq psixologiyasında yeri
həmçinin bax https://tehsilim.org/hal-hazirda-sirketimizde-mudir-komekcisi-vezifesi-movcuddur/