Yeniyetməlik psixologiyası

Yeniyetməlik psixologiyası. Yeniyetməlik yaş dövrünün normaları və bu normalara düzgün yanaşma tərzi.

İlk öncə aydınlaşdıraq ki, yeniyetməlik dövrü nədir ?

Yeniyetməlik dövrü– insanda bədən, boy olaraq böyümənin, hormonal, cinsi, sosial, duyğusal, şəxsi və ən nəhayət zehni dəyişim və inkişafın olduğu çağla başlayan, bədən olaraq böyümənin tamamlanması ilə sonlandığı düşünülən xüsusi bir dövrdür. Biz bu yazıda yeniyetməlik dövrünün fiziki dəyişikliklərinə deyil də, daha çox psixoloji aspektinə nəzər salacağıq. Yəni bu dövr üçün xarakterik olan davranış normaları necədir?, valideyn olaraq bu yaş dövründə olan uşaqlara necə yanaşmamalıyıq? v.sair kimi sualları cavablandıracağıq.

İlk öncə yeniyetməlik dövrünün xüsusiyyətləri necədir? və sağlam yeniyetmə üçün hansı davranış normaları xarakterikdir? bunu aydınlaşdıraq:

  • Sağlam yeniyetmə üsyan etməyi bacarmalıdır. Bu üsyan özünü iki şəkildə göstərir: birbaşa və dolayı üsyan. Birbaşa üsyan zamanı yeniyetmə xoşlamadığı situasiyaya etirazını bildirməkdən çəkinmir. Bu zaman anlaşılmadıqda valideynlər və digər şəxslər ilə ciddi qarşıdurmalar yaşana bilər. Bunun üçün də diqqətli olmaq və yeniyetmələri başa düşmək lazımdır. Bir digər üsyan növü olan dolayı üsyan zamanı yeniyetmələr əsasən baş verən hadisələrə daxilən üsyan edirlər ki, bunun da daha ağır forması ciddi psixoloji problemlərə gətirib çıxarır. Belə ki, baş verən mənfi hadisələr qarşısında susmaq, öz fikrini ifadə edə bilməmək və ya bu fikirlərin səsləndirilməsindən çəkinmək kimi hallar yeniyetmənin öz daxili aləminə qapanmasına və gələcək dövrlərdə insanlarla ünsiyyət çətinliyi ilə qarşılaşmasına səbəb olur. Belə hal uzun sürdüyü təqdirdə şəxsiyyət pozuntusuna qədər irəliləyə bilər.
  • Sağlam yeniyetmə   özünə   məqsəd   qoymağı   bacarmalıdır. Bu dövr elə bir dövrdür ki, yeniyetmə həmin dövrdə özünü tanımağa çalışır. Yəni nəyi sevir, nəyi sevmir, necə biri olmaq istəyir, həyatının necə bir istiqamətdə irəliləməsi ona xoş olar və bu kimi müxtəlif suallarla istəklərini müəyyənləşdirməyə çalışır və buna uyğun olaraq da özünə məqsədlər qoyur. Bu məqsədlərin tez- tez dəyişdirilməsi normaldır, çünki  bu prosses özünü tanıma şəklində gedir.  Bu baxımdan seçim edilməsi və buna uyğun qərar dəyişdirilməsi çox təbii bir haldır. Burada əsas olan məqsədlərin qoyulması və diqqətin bu istiqamətə yönləndirilməsidir.
  • Sağlam yeniyetmə dostluq etməyi bacarmalıdır. Yeniyetməlik dövrü insan beynində bir çox anlayışların formalaşdığı dövrdür. Bu anlayışlardan biri də dostluq anlayışıdır. Fikirlərin qarışıq olduğu, qərarların qətiyyət təşkil etmədiyi bu dövrdə düşüncələrin bölüşülməsi, eyni zamanda ortaq düşüncələr, qərarlar, addımlar v.sair kimi müttəfiq hallar dostluq üçün xüsusi önəm daşıyır. Bu baxımdan yeniyetmənin valideynləri ilə bölüşmək istəməyəcəyi, yalnız dostlarının bilməsini istəyəcəyi sirlərinin olması olduqca təbii davranışdır. İnsani münasibətlərin formalaşması məhz bu davranış normalarının düzgün təşkilindən qaynaqlanır və gələcəkdə sağlam şəxsiyyətin formalaşmasına təkan verir.
  • Sağlam yeniyetmə  üzv  olmağı  bacarmalıdır. İnsanın həyat boyu önəmli  ehtiyaclarından biri də aidiyyət duyğusunun hiss edilməsidir. Yəni hər hansı bir qrupa, dinə, irqə, ölkəyə və.s şəkildəki aidlik insanı yalnızlıqdan xilas edən bir vasitədir. Bu bir baxımdan ilkəl beynimizdən irəli gələn, birlik ehtiyacından doğulan bir davranışdır. Əvvəllər bu fiziki ehtiyaclar, daha sonra isə inkişaf etdikcə mənəvi ehtiyaclar ilə bağlı olmuşdur. Bu gün hər bir insan kimi yeniyetmə də cəmiyyət tərəfindən qəbul olunmaq üçün düşüncələrinə uyğun qrupa üzv olmağı istəyər. Bu təbii bir hal olmaqla yanaşı, eyni zamanda yeniyetmələrdə özünə qapanmanın qarşısını alan və onlara məsuliyyət duyğusunu qazandıran önəmli bir addımdır. Bu baxımdan birlik şüurunun formalaşması özünəməxsus əhəmiyyətə malikdir.
  • Sağlam yeniyetmə cinsi kimliyini bu dövrdə tapır. İnsanın şəxsiyyətini anlaması olduqca önəmlidir. Yəni necə bir insanam?, kiməm?, necə olmaq istəyirəm? v.sair kimi suallar həmişə yeniyetmənin maraq dairəsini təşkil edir və o, daima cinsi kimliyinin axtarışında olur. Belə ki, elm adamlarına, alimlərə, müğənnilərə, aktyorlara və bu kimi digər şəxslərə olan pərəstiş məhz cinsi kimlik məsələsi ilə bağlıdır. Bir müddət keçdikdən sonra bu pərəstişin azalması və ən nəhayət bitməsi yeniyetmənin artıq kimliyini tapmasının və özünü anlamasının göstəricisi olaraq sağlam şəxsiyyət kimi formalaşmasının əsas meyarını təşkil  edir.
  • Sağlam yeniyetməlik xüsusiyyətlərindən biri də, yeniyetmələrin baş verən hadisələrə anlam qazandırma ehtiyacıdır. Bu dövr yeniyetmələr üçün müəyyən hadisələr ilə bağlı fikirlərin formalaşdığı dövrdür və eyni zamanda bu hadisələrə fikir bildirmək, düşüncələri ilə var olduğunu və dəyərli olduğunu hiss etmək onlar üçün olduqca önəmlidir. Bu baxımdan deyə bilərik ki, həmin dövrdə yeniyetmələrə ancaq öz fikirləri doğru gəlir. Çünki, həyata “kor pəncərə” deyilən baxışla baxırlar və bu olduqca təbii bir haldır.

Digər tərəfdən hansı davranış normalarının bu dövrün qeyri-normal irəliləməsinin göstəricisi olduğunu aşağıdakı şəkildə qeyd edə bilərik:

  • Dağıdıcı, yıxıcı davranışların şiddətli hal alması . Burada valideyn bilməlidir ki, 12 yaşa qədər uşaqlarda dağıdıcı, yıxıcı davranışlar olması normaldır. Çünki, bu dövrdə uşaqlar güc oyunlarına olduqca meyilli olurlar və bir- birlərinə cüdo, güləş v.sair kimi idman oyunları ilə güclərini göstərməyə çalışırlar. Lakin bu yaşlardan sonrakı dövrlərdə şiddətli davalar, ətrafa qarşı şiddət, aqressiya, dağıdıcı davranışlar və bu davranışlardan peşmanlıq hissinin olmaması və mərhəmətsiz yanaşmalarda valideyn diqqətli olmalıdır. Artıq bu davranışlardan bilinir ki, psixi inkişaf düzgün getmir və buna uyğun tədbirlər görülməlidir.
  • Valideynlər ilə sosial münasibətləri qırmaq. Bu dövrdə müşahidə olunan bir digər problem yeniyetmələrin valideynləri ilə sosial münasibətdə olmaq istəməməsidir. Yeniyetmələrdəki bu hal öz beyinlərində yaratdığı dünyalarına qapılıb, gününün əksər hissəsini müxtəlif sosial platformlarda keçirməsindən qaynaqlanır. Bəzən də valideynlər ilə yaşanan fikir ayrılığı və burada ortaq nəticəyə gəlinə bilməməsi buna səbəb olur.
  • Yeniyetməlik dövrünün bir digər problemi cinsi yönəlmə məsələsidir. Burada nəzərdə tutulan yeniyetmənin libidosunun həmcinsinə yönəlməsi məsələsidir ki, bu da gələcəkdə homoseksuallıq probleminə gətirir. Bu hormonal balansdakı dəyişikliklərdən yaranan bir problemdir. Bunun vaxtında müalicəsi düzgün inkişaf üçün olduqca önəmlidir.

Bəs valideynlər bu dövrdə yeniyetmələrə necə yanaşmamalıdır bunu bilirikmi ?

Bu dövrdə valideynlər aşağıda qeyd edəcəyimiz davranış tərzini göstərərək yeniyetmələrin şəxsiyyət kimi düzgün formalaşmasına mənfi təsir göstərirlər:

  • Maraqlanmamaq. Valideynin yeniyetmə ilə maraqlanmaması onlarda dəyərsizlik hissinə səbəb olur və gələcəkdə özgüvən problemi yaşayaraq bu dəyərləri yanlış insanlarda tapmasına şərait yaradır. Məhz buradan başlayaraq asılılıq psixologiyası insanın düşüncəsində öz yerini alır. Bu prosses davam etdikcə asılı olduğu insanların hər dediyini etməsinə, əgər bu insanlar doğru insanlar deyilsə siqaret, içki, narkotik və bu kimi digər yanlış davranışların yaranmasına gətirir.
  • Yeniyetmənin sərhədlərinin işğal edilməsi. Bu o deməkdir ki, valideynlər çox zaman yeniyetmələrin sərhədlərinə hörmət etmirlər və bunun nəticəsində yeniyetmənin özünə aid dünyasını qurmağına əngəl olurlar.  Bu seçim haqqı verməməkdən başlayıb, seçimlərini qınamaq və ən nəhayət müxtəlif qadağalara qədər gedir. Bu zaman anlaşılmazlıqlar yeniyetmənin ya daha üsyankar olmasına, ya da cəsarətsiz olub, özünü ifadə edə bilməməsinə gətirib çıxarır.
  • İstismar. Bu halın çox sıx müşahidə olunmamasına baxmayaraq, yenə də cəmiyyətdə öz mövqeyini qoruyur. Bu  istismar halları hər şəkildə özünü göstərə bilir. Yeniyetmələrin həddindən artıq iş yükünə məruz buraxılması, cinsi istismar və bu kimi digər istismar növləri buraya aid edilir. Bu kimi hallar təkcə psixoloji dəstəklə deyil, eyni zamanda aidiyyəti orqanlar tərəfində də ələ alınmalıdır.

Son olaraq nəzərə alınmalıdır ki, yeniyetməlik dövründə valideynlərin anlayışı, sevgisi, qayğısı, diqqəti  yeniyetmələr üçün çox önəmlidir və insan buradan başlayaraq təşəkkül tapdığı üçün bütün bu normalar qorunmalıdır ki, psixi inkişaf  düzgün getsin və bunun əsasında sağlam şəxsiyyət formalaşsın.

  Psixoloq:  Rzazadə Səbinə.

Həmçinin bax İnsan, fərd, şəxsiyyət və fərdiyyət

həmçinin baxhttps://turaz.org/bakinin-azad-edilmesinden-102-il-kecir/