XX əsrin əvvəllərində ermənilərin törətdiyi qırğınlar

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa olan ərazi iddialarına Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasəti prizmasından kənarda baxılması qeyri-mümkündür.

20-ci əsrin əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı
sənəddə də etiraf etmişdi.

1.1905 -1906 ci illər qırğın
XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətləoynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin anti-türk, anti-müsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları  vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tiflisdə və başqa
yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. 1905-1906-cı illərdə Qafqazda erməni- müsəlman qırğınları haqqında polis departamentinin adı çəkilən sənədində deyilir: “Daşnaksutyun” öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov- Avarski – müəllif), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse- qubernatoru – müəllif), polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları . Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar”[1]

Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış,bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması haqqında C.Zeynaloğlunun 1924-cü ildə İstanbulda dərc edilən kitabında belə məlumat verilir: “Yalnız azəri türkləri hələ qəflətdə idilər və iğtşaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökumətimüsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri  digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə qırdırdı”[2]

Ermənilər fevralın 21-23-də İrəvanda da qırğınlar törətmişdilər. M.S.Ordubadi “Qanlı illər” kitabında verdiyi məlumata görə, ermənilərin növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə, “İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan kəndləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq xəyallar”dan ibarət idi. Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə,Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi». 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi. İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı dəstələri  Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Atış, Veysəlli, Qacar, Çəmənli, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da Şuşada qırğınlar törədilir. 1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər. Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.[3]

Ağrılı Saqqarsu hadisələri.
Saqqarsuda sığınaq etmiş müsəlman camaatının başı üstündən sübh çağı bir dəstə – “ya Əli,ya Əli!” – fəryadlarıyla müsəlmanlara sarı gəldiyindən, avam və çaşmış müsəlmanlar – “Bu gələn qoşun islam qoşunudur,” – deyə güman edib ağlaya-ağlaya onların qarşısına çıxırlar. Gələn dəstə isə ermənilər imiş, müsəlmanları qırıb kəsməyə başlayırlar. Bu vaxtda dörd islam köyündə də qırğın baş verdiyindən Saqqarsuyun başına qədər fəryad, nalə sədasının müsibətli şəkildə əks etdiyini. Ordubada qaçıb gəlmiş kənd əhli olduğu kimi nağıl edirdi. Saqqarsuda sığınaq etmiş camaat qırılıb, qaçıb qurtardıqdan sonra Molla Həsən Əfəndinin başında, yanında bir çox övrət, Quran əlində ermənilərin qabağına çıxıb, Quran xatiri üçün rəhm istəyib ağlasalar da. Quranı, bəlkə İncili-mübarəki də tanımayan qansızlar hamısını vəhşiliklə öldürürlər. Molla Həsən Əfəndinin yanından götürülmüş bir neçə müqəddəs kitabları və Quranları odlayıb məşəl kimi süngülər ucuna taxmaq kimi bədayinliklər də ermənilərdən alçaq bir surətdə əncama yetmişdi. Sağ qalan islam və islamələr qarlar içində, xəstə-xəstə yolunu itirmiş qoyun sürüsü kimi çoxluca dolandıqdan sonra çır-çıplaq Ordubada və mahal köylərinə pənah aparmışdılar. Ordubad camaatı isə son dərəcə qonaqpərvər olduqlarından, xüsusən, başlan belə müsibət çəkmiş bu adamlara xüsusi qayğı göstərdilər.[3]

1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər. Lakin bu konfransın keçirilməsindən bir  qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci məğlubiyyətlərindən sonra “Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik” deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol açmaqdan ötrü İrəvan, Şorəyel, Abaran, Aleksandropol ermənilərinə teleqramlar göndərərək əsgər toplamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdı[4]

3.1914 -1918 ci illərdə (Müharibə dövründə)Ermənilərin törətdikləri vəhşiliklər
1914-cü ildə başlanan rus-türk müharibəsində Körpüköy ətrafında rusların məğlubiyyətindən sonra yerli türklərin 37 illik rus-erməni əsarətindən qurtaracaqlarına ümidləri artmışdı. Lakin bu sevinc uzun sürmür. Türk tarixçisi Fəxrəddin Kırzıoğlunun yazdığına görə, ruslar müharibədə dönüş yaradaraq yeni-yeni türk torpaqlarını işğal etməyə başlayırlar. 1914-cü il yanvarın 5-də Ərdahanı işğal edən Sibir kazak alayı Çıldırdan Göləyədək türk kəndlərində “türklərin gəlişini alqışladınız” deyə, silahsız əhalini, kiçik-böyük demədən qətlə başlayırlar. “1915-ci ilin əvvəlindən etibarən üç ay ruslar Qars vilayətindəki silahsız türk- müsəlman əhalisini qırıb qurtarmaqla məşğul oldu. Bakıdakı “İslam Cəmiyyəti Xeyriyyəsi”nin “Fəlakət və hərbzədələrə yardım şöbəsi” çardan rəsmən icazə alıb 1915-ci il aprelin əvvəlində köməyə gəlincəyə qədər, çox vəhşicə törədilən bu rus qırğını davam etdi. Ən azı 40000 türk qətlə edildi. Bu cəmiyyət rəsmi qeydiyyatla 22000 hərbzədə qarslıya 1917- ci ilin sonuna qədər yardımını davam etdirib onları ölməkdən qurtardı”

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bu köməkliyi etmək üçün üç dəfə Rusiya çarına müraciət etmiş, lakin hər dəfə rədd cavabı almışdı. Bundan sonra cəmiyyət Əlimərdan bəy Topçubaşovun başcılığı ilə Tiflisə– Qafqaz canişininin yanına nümayəndə heyəti göndərir. Onlara “Siz Qafqazlı müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə zamanı buna icazə verilməz” – cavabı verilir. Bu zaman Əlimərdan bəy Topçubaşov: “Siz iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı müharibə edirsiniz. Biz, Sizin düşmənlərinizlə deyil, işğalınız altına aldığınız vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım etmək istəyirik”–deyərək, icazə almağa nail olur.[4]

Doktor Xosrov bəy Sultanov 1915-ci il aprelin 8-də Ərdəhandan “Kaspi” qəzetinə göndərdiyi məktubunda yazırdı:” Bütün müsəlman yaşayış məntəqələrində bir nəfər də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların içərisində cəmisi 6 kişi vardır ki, onlarda da əldən düşmüş qocalardır.” Nümayəndə heyətinin üzvü İsmayıl Hazaralı xatirələrində yazır ki, Azərbaycan Xeyriyyə Cəmiyyəti rus işğalındakı Şərqi Anadolu vilayətlərinə göndərdiyi heyət vasitəsilə 12000 yetim uşaq topladı, milyonlar dəyərində ərzaq və geyim göndərdi. Rus zabitlərinin və erməni komitəçilərinin türklərə təhdid və təcavüz edən bir çox yüksək rus və erməni zabitləri Azərbaycanlı hüquqşünaslar tərəfindən məhkəməyə verildi və cəzalandırıldı. Bununla da türk xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə son qoyuldu.Bakı əhalisini, Azərbaycan türklərini Anadoludakı qardaşlarına yardıma çağırmaq işində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nəşr etdiyi “Qardaş köməyi” məcmuəsinin çox böyük rolu olmuşdur. 1916-cı il fevralın 16-da rusların əlinə keçmiş Ərzurum şəhərinin əhalisinə də bu cəmiyyət tərəfindən yardım edilmişdi. 1917-ci ilin iyun ayında general-mayor Xan Talışınski və Elyasov Xeyriyyə Cəmiyyəti tərəfindən Ərzuruma göndərilmişlər və buradakı qaçqınlara un, ərzaq, pal-paltar paylanmışdı.[6]

F.Ərdoğanın verdiyi məlumata görə rus qoşunları Qarsdan geri çəkildiyi zaman Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin, Qarsdakı nümayəndələr Rza bəy Qaraşarov və Yusif Kənan bəy əhalini erməni qırğınlarından qurtarmaq üçün silah tədarük etmişdilər. Rza bəy Qaraşarov Qarsda “Yeni Xurşud” adlı qəzet çıxararaq, xalqı savadlandırmağa çalışırmış. Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. Martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Zaqafqaziya Komitəsi yaradılmışdı. Noyabrın 11-də Zaqafqaziyada fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Zaqafqaziya Komissarlığı yaradılmışdı. Həmin ayda M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan fraksiyası təsis edilmişdi. 1917-ci il oktyabrın 25-də (köhnə stillə) Rusiyada bolşeviklər hakimiyyətə gəlir. Çevrilişin ikinci günü Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. Noyabrın 2-də Sovet hökuməti “Rusiya xalqlarının hüququ Deklarasiyası”nı qəbul edərək bütün xalqlara öz müqəddəratını təyin etmək hüququ verir. Həmçinin millətlərin işləri üzrə Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılmışdı. Bu komissarlıq 1917-ci ilin sonundan 1921-ci ilin əvvəlinədək fəaliyyət göstərmişdi. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti S.Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi.Yuxarıda qeyd etdiyimiz kimi, Sovet hökuməti sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahını artırmışdı[5]

Qars vilayətində türk qoşunlarının önündən geri çəkilməyə məcbur olan erməni könüllü birlikləri qırğınları İrəvan quberniyasının ərazisində davam etdirmişdilər. “Qarsdan sonra zorakılıq dalğası İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində 82, İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, əhalinin bir hissəsi qırıldı, qalan hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.”

Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində və İrəvan quberniyasında törədilən qırğınlar haqqında iki dəfə məsələ müzakirə etmiş və Seym qarşısında məsələ qaldırmışdı:

a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək
üçün xüsusi komissiya göndərilsin,
b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın,
v) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin,
q) azğınlıq edən erməni hərbi hissəsi buraxılsın,
d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə
yardım göstərilsin.

Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya hökuməti bu məsələni öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən zəruri ehtiyaclarını ödəmək üçün bir milyon manat vəsait buraxmışdı.[4]

1918-ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib Gümrüyə daxil olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni nümayəndələrinə:

”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”– deyə ultimatum göndərir. Dərhal ermənilər təlaşla arabalar hazırlayırlar, Gümrüdə bulunan 250 xanə (ev) türkləri arabalara mindirib, Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim edirlər[5]

Ümumiyyətlə, Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi Birinci Dünya müharibəsinə qədər ermənilərin İrəvan quberniyasında kompakt yaşadıqları ərazilərə məhdudlaşırdı. Mütəxəssis Makkartinin hesablamalarına görə, Birinci Dünya müharibəsi zamanı rus və erməni hərbi birləşmələrinin Şərqi Anadolunu işğalı nəticəsində həmin ərazidən 800 min nəfər müsəlman qaçqın düşmüşdür. Müharibənin sonunadək Qafqazdan 400 mindən artıq müsəlman onların cərgəsinə əlavə olmuşdur. Şərqi Anadoluda milyondan artıq müsəlman – o cümlədən ən azı 130 min Qafqazdan olan müsəlman qaçqınlar qırılmışdır. Ermənistanda daşnakların hakimiyyəti dövründə türklərə qarşı soyqırım daha geniş vüsət almış, onların yaşadıqları ərazilər demək olar ki, bütünlüklə xarabazarlığa çevrilmişdi.[4]

Ədəbiyyat siyahısı
1. Rusiya Federasiyası Dövlət Arxivi, f-102, siyahı 253, Saxlanma vahidi 285, v.1-18.
2. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
3. Məmməd Səid Ordubadi “Qanli illər “ Bakı 1991 ,182 səhifə
4. Vaqif Arzumanlı ,Nazim Mustafa “Tarixin qara səhifələri “ Bakı ,Qartal ,1998 , 218
səhifə
5. Fahrettin Erdogan, Turk Ellerinde Hatıralarım, İstanbul, 1954, 355 səhifə
6. Yavuz Aslan, “Doğu Anadoluya Azərbaycanın yardımı” məqaləsi, “Millət” qəzeti, 23 may 1992-ci il
7. Müxtəsər Azəbaycan tarixi, Bakı, 1992

Yazar: Ayşən Süleymanova ( BDU-Tarix, SABAH qrupları tələbəsi)