Xristianlığın konfessiyaları

Xristianlıq. Mənsublarının sayına görə xristianlıq dünyanın ən böyük dinidir. Xristianlıq eramızın I əsrində Fələstində yəhudi cəmiyyətində İsus Xristos (İsa Məsih) tərəfindən yaranmışdır (yunanca “xristios” – məsh edilmiş).

Xristianlıq aşağıdakı konfessiyalara bölünür:

Katoliklik (yunanca “katholikos” – “ümumdünya”) – mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır (2016-cı il – dünyada təqribən 1 milyard 299 milyon). Dini mərkəzi konklav (kardinallar kollegiyası) tərəfindən ömürlük seçilən Roma Papası başçılıq etdiyi Vatikandır. Roma Papasının qərarları Ümumdünya Kilsə Məclislərinin qərarlarından üstün tutulur.

Pravoslav və protestantlardan fərqli olaraq;

1) Katoliklər Ərafa (dini təsəvvürə görə cənnətlə cəhənnəm arasında yer) inanırlar.

2) Katoliklər imanın mənbəyi kimi Bibliya və Müqəddəs Rəvayəti (İman Rəmzindən, Kilsə Ataları, Kilsə Müəllimlərinin dini təlimləri, Ümumdünya Kilsə Məclislərinin qərarları) qəbul edirlər.

3) Roma Katolik Kilsəsində dyakonlar istisna olmaqla, ruhanilərə evlənmək qadağandır.

4) Katoliklikdə boşanmaq, demək olar ki, qeyri-mümkündür. Katoliklikdə həmçinin fransiskan, karmelit, dominikan, avqustin kimi müxtəlif yoxsul ordenlərə (cəmiyyətlərə) bölünən rahiblik institutu mövcuddur.

5) Katoliklər diofizit dini təliminə etiqad bəsləyirlər. Həmin təlimə əsasən İsa Məsihin həm insani, həm də ilahi təbiəti mövcuddur.

6) Katoliklikdə pravoslavlıqla müqayisədə ikonalara daha az əhəmiyyət verilir.

7) İbadətlərin yerinə yetirilməsi formasına görə katoliklər latın ayinli, şərq ayinli, milan ayinli, braq ayinli və mosarab ayinli kimi müxtəlif qruplara bölünürlər.

8) Hər il dekabr ayının 25-də keçirilən İsa Məsihin Miladı katoliklərin ən əsas dini bayramı sayılır. Digər katolik dini bayramları da mövcuddur. Katoliklərdə xaç dördguşəlidir.

 Pravoslavlıq

1) 1054-cü ildən sonra şərqi xristianlar ortodoks və ya pravoslav (hərfi “doğru mədh etmə”) adlanırlar.

2) Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca üçüncü ən böyük qoludur.

3) Dünyada pravoslavların sayı 125-180 milyon nəfər arasında dəyişir.

4) Pravoslavlar daha çox mühafizəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmirlər.

5) Müqəddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır. Pravoslavlar etiqadca diofizitdirlər (müqəddəs sayılan Məryəm Anaya, mələklərə, müqəddəslərə, onların “cəsədlərinə”, ikonalara pərəstiş).

6) Müstəqil pravoslav kilsələri (avtokefal) milli kimlik əsasında formalaşmışdır.

Pravoslavlıqda əsas dini ayin liturgiya adlanır.

1) Dini ayinlər milli dillərdə, daha çox onların arxaik formalarında yerinə yetirilir.

2) İbadət zamanı məbədlərdə şam və buxur (ətirli tüstü) yandırılır. Pravoslavlar sağdan sola üç barmaqla xaç çevirirlər.

3) Onlarda daha çox səkkizguşəli xaç forması səciyyəvidir.

4) Pravoslav dünyada rahiblik geniş yayılıb. Ruhanilər qara (rahib həyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər.

5) Pravoslavlarda ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfinə keçirilən Pasxadır (aprel və ya mayda yaz gecə-gündüz bərabərliyindən sonra ilk bazar günü).

Protestantlıq

1) Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyasıdır (800 milyondan yuxarı).

2) Yaranması alman rahibi və ilahiyyatçısı Martin Lüterin (1483-1546) adı ilə bağlıdır.

3) O, 31 oktyabr 1517-ci ildə Saksoniyada “95 tezis”ini bəyan edir.

4) 1520-ci ildə Roma Papası “95 tezis”in müəllifini bidətçi elan etdi.

5) Bəzi alman knyazları M.Lüteri müdafiə etdilər (Saksoniyalı III Fridrix (1463-1525)).

6) 1529-cu ildə M.Lüteri cinayətkar sayan “Vorms edikti” qəbul olunur.

7) Bu səbəbdən 19 aprel 1529-cu ildə M.Lüterin tərəfdarları “Şpayer etirazı” adlı sənədi reyxstaqa təqdim etdilər.

8) Bundan sonra həmin sənədin adına uyğun olaraq, M.Lüterin tərəfdarları “etiraz edənlər” mənasına gələn protestantlar adını aldılar.

9) Müasir dövrdə protestantlıq olduqca mürəkkəb, rəngarəng və çoxcəhətli xristian konfessiyasıdır. Həmçinin günümüzdə bu xristian məzhəbi bəzi Qərb dövlətlərində hakim mövqeyə malikdir.

 

YAZAR: İsmayılova Səbinə 

Həmçinin bax: Multikulturalizm sosial hadisə kimi

Həmçinin bax: turaz.org/tehsil-nazirliyi-dernek-mesgeleleri-berpa-olunur/

Həmçinin bax: tehsilim.org/conversation-club-elani/