Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər.
Xordalılar tipi. Kəlləsizlər yarımtipi. Başıxordalılar sinfi
Xordalılar tipi.
Xordalılar tipinə 41 min növ daxildir. Onların əsas səciyyəvi əlamətlərindən biri daxili ox skeleti – xordanın (ibtidai nümayəndələrində xorda ömürboyu qalır, ali quruluşlularda isə onurğa ilə əvəz olunur) olmasıdır. Xorda dayaq funksiyasını yerinə yetirərək bədənə möhkəmlik verir. Xordalılarda sinir sistemi boruşəkillidir. Əksəriyyətində onun ön hissəsindən baş beyin formalaşır. Bunlarda, həmçinin, udlaq üzərində qəlsəmə yarıqları olur.
Xordalılar tipi kəlləsizlər, sürfəsixordalılar və kəlləlilər (və ya onurğalılar) yarımtipinə bölünür. Kəlləsizlərə yalnız bir sinif – başıxordalılar aiddir.
Başıxordalılar sinfi.
Sinfin nümayəndəsi olan neştərçə dənizlərdə yaşayan yarımşəffaf bədənli kiçik balığabənzər heyvandır.
Gövdəsinin hər iki ucu sivri olub, neştərə oxşayır. Bu səbəbdən onu neştərçə adlandırırlar. Neştərçənin baş hissəsi seçilmir. Bədəninin ön hissəsində lamisə çıxıntıları ilə əhatələnmiş ağız qıfı, onun dib hissəsində isə ağız yerləşir. Qəlsəmələrin üzəri dəri büküşləri ilə örtülmüşdür. Bədənin arxa hissəsində bədən boyunca dəri pərdə uzanaraq bel, quyruq və quyruqaltı üzgəci əmələ gətirir. Quyruqaltı üzgəcin ön tərəfində anal dəlik yerləşir.
Neştərçənin quruluşu
Skeleti. Bədənin ox skeletini təşkil edən xorda öndən quyruğa doğru uzanır.
Həzm sistemi və qidalanması. Neştərçənin ağız qıfı, udlağı və qəlsəmə yarıqları kirpiklərlə örtülmüşdür. Kirpiklərin fəaliyyəti sayəsində su ağıza daxil olaraq özü ilə kiçik qida hissəciklərini gətirir. Daxil olan qida həzm olunaraq bağırsaqdan bədənə soru- 7-ci f esil Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər lur. Həzm olunmayan qalıqlar isə anal dəliyindən xaricə çıxarılır.
Tənəffüs sistemi. Udlaq üzərində 100 cütdən çox qəlsəmə yarıqları olur. Ağızdan daxil olan su qəlsəmələrdən keçərək qanı oksigenlə zənginləşdirir.
Qan-damar sistemi. Qapalı olub iki əsas damardan – bel və qarın qan damarlarından və onlardan ayrılan damar şaxələrindən ibarətdir. Neşətərçənin ürəyi yoxdur.
İfrazat orqanı. Həlqəvi qurdlarda olduğu kimi, nefridilərdən ibarətdir.
Sinir sistemi. Neştərçənin bel hissəsində xordanın üzəri ilə sinir borusu uzanır. Ondan bədənin müxtəlif hissələrinə sinir şaxələri gedir.
Hiss orqanları. Xüsusi hiss orqanı yoxdur. Dəri səthində yerləşən və işığı hiss edən xüsusi hüceyrələrə malikdir. Neştərçənin sinir borusunun ön ucunda qoxu çökəkliyi olur. Bu çökəklik vasitəsilə suyun kimyəvi tərkibini hiss edir.
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanma xaricdə gedir. Mayalanmış yumurtadan bədəni kirpiklərlə örtülü fəal hərəkətli sürfələr çıxır. Onlar inkişaf edərək yetkin fərdə çevrilir.
Əhəmiyyəti. Balıqların qidasını təşkil edir.
Kəlləlilər yarımtipi. Balıqlar
Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər aiddir.
Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır. Bunlarda cüt üzgəclər və çənələr meydana gəlmişdir. Əksəriyyətinin bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar sümüklü və qığırdaqlı balıqlar sinfinə bölünür.
Qığırdaqlı balıqlar sinfi. Skeletləri qığırdaqdan təşkil olunur. Bu balıqlara akulalar və skatlar aiddir. Onlarda 5-7 cüt qəlsəmə yarığı yerləşir. Qığırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qovuğu yoxdur, əksəriyyəti diri bala doğur.
Sümüklü balıqlar sinfi. Balıqların əksər nümayəndələri sümüklü balıqlar sinfinə aiddir. Bunlarda skelet əksər hallarda sümükləşmiş olur. Bədən baş, gövdə və quyruqdan ibarətdir və onlar arasında kəskin sərhəd yoxdur.
Suda üzməsində üzgəclər əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bədən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın yan hissələrində başdan quyruğa doğru yan xətt orqanı uzanır.
Sümüklü balıqların quruluşu:
Skeleti. Kəllə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını gövdə boyunca uzanan onurğa təşkil edir. Onurğa gövdə və quyruq fəqərələrindən təşkil olunur.
Bədənin gövdə fəqərələrinin yan hissəsində iki qabırğa olur. Onurğa öndə kəllə ilə hərəkətsiz birləşir. Üzgəclərin skeleti bir neçə sümükdən və üzgəc şüalarından ibarətdir.
Balıqda yaxşı inkişaf etmiş əzələlər olur. Bunlardan bel və quyruq əzələləri daha güclüdür.
Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şikarını tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur. Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir.
Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin təsirinə məruz qalır və tamamilə həll olaraq buradan qana sorulur. Həzm olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.
Üzmə qovuğu. Sümüklü balıqlarda içərisində qazlar qarışığı olan nazik divarlı bağırsaq çıxıntısı – üzmə qovuğu olur.
Balıq suyun dərin qatlarına endikdə üzmə qovuğunun həcmi kiçilir, yuxarı qatlarına üzdükdə isə üzmə qovuğunun həcmi böyüyür. Bu da balığın tez bir zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.
Tənəffüs sistemi. Balıqlar qəlsəmələrlə tənəffüs edir. Ağızdan daxil olan su qəlsəmələri yuyur və bu zaman suda həll olmuş oksigen qəlsəmələrdəki qana keçir. Qəlsəmələrin üzəri qəlsəmə qapağı ilə örtülmüşdür.
Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqların ürəyi ikikameralı olub qulaqcıq və mədəcikdən təşkil olunmuşdur. Ürəkdən çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır və yenidən ürəyə qayıdır. Balıqlarda qan -damar sistemi qapalıdır.
İfrazat sistemi. Balıqların bel hissəində onurğanın yanlarında bir cüt qırmızımtıl- qonur rəngli lentşəkilli böyrək yerləşir. Böyrəklərdə süzülən son parçalanma məhsulları iki sidik axarı ilə sidik kisəsinə gətirilir. Sidik kisəsi anal dəlikdən bir qədər arxada xaricə açılır.
Sinir sistemi. Baş və onurğa beynindən, onlardan çıxan sinirlərdən ibarətdir. Balıqlarda baş beyin 5 şöbədən – ön, aralıq, orta, uzunsov beyin və beyincikdən təşkil olunmuşdur. Balığın həyat fəaliyyətində beyin şöbələrinin böyük əhəmiyyəti vardır. Məsələn, uzunsov beyin tənəffüs, qan dövranı, həzm və digər funksiyaların idarə olunmasında, beyincik isə müvazinət və hərəkətin koordinasiyasında iştirak edir.
Hiss orqanları. Balıqlarda görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamisə və yan xətt kimi hissiyyat orqanı var. Yan xətt orqanı vasitəsilə balıqlar su cərəyanının istiqamətini və gücünü hiss edir.
Balıqların çoxalması və inkişafı. Balıqların əksəriyyəti ayrıcinsli heyvanlardır. Yumurtalıqlarda yumurta hüceyrələr – kürülər,, toxumluqda isə spermatozoidlərə malik ağ rəngli toxum mayesi əmələ gəlir. Əksər balıqlarda mayalanma bədəndən xaricdə – suda gedir. Mayalanmış kürülərdən sarılıq kisəsinə malik sürfələr çıxır. Sarılıqdakı ehtiyat qida maddələri sərf olunduqdan sonra onlar müstəqil qidalanmaya keçir.
Balıqların müxtəlifliyi.
Qızılbalıqkimilər dəstəsi. Yırtıcı balıqlardır. Bunlar keçici balıqlar olub, kürüsünü çayların mənsəbində qum və çınqılların arasına tökür. Xəzərdə daha çox rast gəlinən Xəzər qızılbalığıdır. Azərbaycanın dağ çaylarında yaşayan qızılxallı (forel) balıq yalnız şirin sularda yaşayır.
Siyənəkkimilər dəstəsi. Dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt orqanı nəzərə çarpmır. Əksəriyyəti su qatlarında olan kiçik orqanizmlərlə qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə ən irisi qarabel siyənəkdir. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da, vətəgə əhəmiyyətlidir.
Çəkikimilər. Azərbaycanda çəkikimilər dəstəsinin nümayəndələri çoxsaylıdır. Qidasını udlaqda udlaq dişləri deyilən xüsusi törəmələrlə xırdalayır. Çəkikimilərin qılıncbalıq, şamayı və bəzi digər növlərinin adları “Qırmızı kitab”a düşmüşdür.
Suda-quruda yaşayanlar sinfi
Suda-quruda yaşayanların (amfibilər) 2800-ə qədər növü məlumdur. Onların əksəriyyəti sürfə mərhələsini su mühitində keçirir, yetkin fərdləri isə quruya çıxır. Suda-quruda yaşayanlarda quruda hərəkətə xidmət edən ətraflar olur. Atmosfer havası ilə tənəffüs etmək üçün bunlarda ağciyərlər meydana gəlmişdir. Balıqlar kimi, kürü qoymaqla çoxalır. Suda-quruda yaşayanların nümayəndələrindən biri göl qurbağasıdır.
Göl qurbağasının həyat fəaliyyəti
Göl qurbağasının quruluşu. Qurbağanın bədəni baş, gövdə və ətraflardan ibarətdir. Baş gövdə ilə sərhədsiz birləşdiyindən boyun nəzərə çarpmır. Balıqlardan fərqli olaraq, qurbağalarda baş hərəkətlidir. Gözləri qurumaqdan qorumaq üçün onlarda 3 cüt göz qapaqları meydana gəlmişdir. Göl qurbağasının gövdə hissəsi bel-qarın istiqamətində yastılaşmışdır. Gövdəyə hərəkətli ön və arxa ətraflar birləşmişdir.
Hərəkəti. Arxa ətrafları ön ətraflarından daha uzun və güclü olur. Quruda hərəkət zamanı o, arxa ətraflarını yığıb-açmaqla irəliyə doğru hərəkət edir. Qurbağanın öndə 4, arxada isə üzmə pərdəsinə malik 5 barmaqlı ətrafı olur. Quruda hərəkət etmə və suda üzmə ilə əlaqədar olaraq qurbağanın əzələləri balıqlarla müqayisədə daha yaxşı inkişaf etmişdir.
Bədən örtüyü. Qurbağanın dərisi çılpaq olub, vəzilərlə zəngindir.
Skeleti. Qurbağanın skeleti kəllənin, gövdənin və ətrafların skeletindən ibarətdir. Qurbağanın onurğa sütunu 1 boyun, 7 gövdə, 1 oma fəqərələri və 1 uzun quyruq sümüyündən təşkil olunmuşdur. Qabırğaları tam inkişaf etmədiyi üçün döş qəfəsi yoxdur. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən ibarətdir. Çiyin qurşağı cüt sümüklər – kürək, körpücük, qarğa və tək döş sümüyündən təşkil olunmuşdur. Sərbəst ön tərəflər bazu, said sümüyü və ön pəncə sümüklərindən ibarətdir. Qurbağanın arxa ətraf qurşağını bir cüt canaq, sərbəst ətrafını isə bud, baldır və arxa pəncə sümükləri təşkil edir.
Həzm sistemi. Uzun yapışqanlı dilini xaricə atmaqla hərəkət edən həşəratlarla və digər canlılarla qidalanır. Həzm olunmayan qalıqlar bağırsağın genişlənmiş hissəsi olan kloakaya keçərək kloaka dəliyi vasitəsilə bədəndən xaric edilir. Kloakaya, həmçinin, ifrazat və cinsiyyət sisteminin axarları açılır.
Tənəffüs sistemi. Yetkin qurbağa kisəşəkilli ağciyərlərlə tənəffüs edir. Ağciyərləri yaxşı inkişaf etmədiyindən tənəffüsündə dəri də iştirak edir. Su mühitində qurbağada yalnız dəri tənəffüsü olur.
Qan-damar sistemi. Qurbağanın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. İki qan dövranı var. Ağciyərlərin yaranması ilə bunlarda kiçik qan dövranı meydana gəlmişdir. Bu qan dövranı ilə venoz qan tənəffüs orqanlarına aparılır və arterial qana çevrilərək yenidən ürəyə qayıdır. Böyük qan dövranında isə bədənə vurulan qan oksigeni toxuma və orqanlara verdikdən sonra yenidən ürəyə qayıdır. Qurbağanın ürəyində damarlar elə yerləşmişdir ki, arterial qan başa, qarışıq qan bədənə, venoz qan isə ağciyərlərə aparılır.
İfrazat sistemi. Bir cüt böyrək, axarları kloakaya açılan bir cüt sidik axarı və ikipaylı sidik kisəsindən ibarətdir.
Maddələr mübadiləsi. Qurbağanın bədən temperaturu sabit deyil və həyat fəaliyyəti proseslərinin sürəti ətraf mühitin temperaturundan asılıdır.
Sinir sistemi. Balıqlarda olduğu kimidir. Lakin qurbağada ön beyin balıqlardakına nisbətən yaxşı, hərəkət koordinasiyasını idarə edən beyincik isə zəif inkişaf etmişdir.
Hiss orqanları. Qurbağada görmə, eşitmə, qoxubilmə, dadbilmə orqanları olur. Eşitmə orqanı, əsasən, iki şöbədən – orta və daxili qulaqdan ibarətdir.
Çoxalması. Ayrıcinsli heyvanlardır. Çoxalma dövründə qurbağalar cütlərə ayrılır. Erkək göl qurbağasında dişi fərdləri cəlb etmək üçün qurultu səslərini gücləndirən rezonatorlar olur. Cinsi hüceyrələr çıxarıcı borularla kloakaya tökülür və oradan xaricə çıxır. Mayalanma xaricidir, suda gedir.
İnkişafı. Bir müddətdən sonra kürüdən çömçəquyruq adlanan balığabənzər sürfə çıxır. Bir neçə aydan sonra o, yetkin qurbağaya çevrilir. Qurbağanın inkişafı dolayı yolla gedir.
Suda-quruda yaşayanların müxtəlifliyi.
Suda-quruda yaşayanlara quyruqsuzlar, quyruqlular və ayaqsızlar dəstələri aiddir.
Quyruqsuzlar dəstəsi ən geniş yayılan dəstədir. Onların bəzi nümayəndələri, məsələn, göl qurbağası su hövzələrinin yaxınlığında yaşasa da, quru qurbağasına su hövzəsindən xeyli kənarda rast gəlinir. Quru qurbağaları bədənlərinin qurumaması üçün gecə həyat tərzi keçirir, gündüz müxtəlif yerlərdə gizlənir. Bunlarda ağciyərlərin yaxşı inkişaf etməsi su hövzələrindən xeyli uzaqlaşmalarına imkan verir. Ağac qurbağası isə ağacda yaşayır. Onun barmaqlarının ucları enliləşərək sormaclara çevrilmişdir. Bu, onlara düz səthlər üzərində durmağa imkan verir. Harada yaşamalarından asılı olmayaraq, qurbağaların çoxalması su mühitində gedir.
Sürünənlər sinfi
Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriyyəti quruda yaşayır. Çoxalmaları su mühitindən asılı olmur. Sürünənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda çoxalmaları ilə əlaqədar sarılıqla zəngin və qalın qabıqla örtülmüş yumurta qoyur. Sürünənlər sinfinin nümayəndələrindən biri zolaqlı kərtənkələdir.
Zolaqlı kərtənkələnin quruluşu
Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi sudaquruda yaşayanlarla müqayisədə daha yaxşı inkişaf etmişdir və çox hərəkətlidir. Kərtənkələnin ətrafları beşbarmaqlıdır. Barmaqlar arasında üzmə pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.
Hərəkəti. Ətraflar bədənin yanlarına birləşir. Hərəkət zamanı kərtənkələnin təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur.
Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur. Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur.
Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi oxşarlıqlar vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərələrdən ibarət döş qəfəsi yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbələrinə bölünmüşdür.
Əzələsi. Sürünənlərdə döş qəfəsinin yaranması ilə əlaqədar qabırğaarası əzələlər inkişaf etmişdir.
Həzm sistemi. Ağızda eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur. Həzm sistemi qurbağada olduğu kimidir.
Tənəffüs sistemi. Ağciyərlərlə tənəffüs edir. Qurbağalarla müqayisədə ağciyərlər daha çoxbüküşlüdür.
Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkameralı olub, bir mədəcik və iki qulaqcıqdan ibarətdir. Qulaqcıqlar tam arakəsmə ilə bir-birindən ayrılsa da, mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədəcikdə qarışır. Böyük və kiçik qan dövranı var.
İfrazat sistemi. Sürünənlərdə onurğanın hər iki tərəfində yerləşən bir cüt böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.
Sinir sistemi. Ön beyin və beyincik suda-quruda yaşayanlara nisbətən yaxşı inkişaf etmişdir. Beyində ilk dəfə beyin qabığı rüşeym halında əmələ gəlmişdir.
Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir. Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – qırpma pərdəsi yaxşı inkişaf etmişdir.
Çoxalması və inkişafı. Ayrıcinslidir. Mayalanması daxilidir. Yumurta hüceyrənin mayalanması dişinin yumurta borusunda gedir. Qabıqla örtülü sarılıqla zəngin yumurtaları quruya qoyur. Rüşeymin inkişafı yumurta sarısının hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır.
Regenerasiya. Kərtənkələlərin düşməni çoxdur. Əgər onlar kərtənkələni tutarkən onun quyruğundan yapışsalar, bu zaman quyruğun həmin hissəsi qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu hissədən yeni quyruq əmələ gəlir.
Sürünənlərin müxtəlifliyi
Sürünənlərin müxtəlifliyi. Sürünənlərə pulcuqlular, tısbağalar, timsahlar və dimdikbaşlılar dəstələri aiddir.
Pulcuqluların nümayəndələri kərtənkələlər, ilanlar və buqələmunlardır. Kərtənkələlərin bəzilərində, məsələn, koramalda ətraflar olmur. Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. İlanlarda döş qəfəsi olmur. Çənələri elastik bağlara malik olduğundan geniş açılır və ovunu bütöv uda bilir.
Bəzi ilanlar zəhərli olur. Onlara kobra, gürzə, qalxansifət aiddir. Zəhərli ilanların tüpürcək vəziləri şəklini dəyişərək zəhər vəzilərinə çevrilmişdir. Zəhər vəzilərinin axarları zəhər dişlərinin içərisinə açılır.
Zəhərsiz ilanlar da vardır. Onların bəziləri ovlarını boğub öldürməklə bütöv udur. Zəhərsiz ilanlara yatağanlar, təlxələr, suilanları, kələz ilanlar aiddir. Buqələmunlar ağaclarda yaşayır və mühitdən asılı olaraq rəngini dəyişə bilir.
Tısbağalar dəstəsinin nümayəndələrində çanaq olur. Çənələrində dişlər olmur. Suda və ya quruda yaşayan nümayəndələri var. Quru tısbağalarının çanaqları hündür, suda yaşayanlarda isə yastı olur. Bəzi dəniz tısbağalarında ətraflar pərlərə çevrilmişdir.
Timsahlar yırtıcıdır, həyatlarının çox hissəsini suda keçirir. Barmaqları arasında üzmə pərdəsi olur. Üzmədə həm də quyruq iştirak edir. Digər sürünənlərdən fərqli olaraq, timsahlarda ürək dördkameralıdır. Lakin ürəkdən çıxan
zaman arterial qan venoz qanla qismən qarışır.
Sürünənlərin qədim nümayəndələrindən biri
dimdikbaşlılar dəstəsinə aid olan hatteriyadır.
Görünüşcə kərtənkələyə oxşar olan bu canlıya
Yeni Zelandiyada rast gəlinir.
Qədim sürünənlər. Bunlara dinozavrlar, ixtiozavrlar, pterozavrlar və teriodontlar aiddir. Dinozavrlar
(mənası: dəhşətli kələz) nəhəng sürünənlər olmuşlar. Bu heyvanlar kiçik başa, uzun, yoğun , iri quyruğa malik idi.
Yırtıcı və otyeyən formaları mövcud idi.
Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığabənzər və pterozavr kimi uçan formaları ağciyərlərlə tənəffüs etmiş və diri bala doğmuşdur. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adlanan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və sürünənlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmişdir.
Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların məhv olmasının əsas səbəbi kimi, yeni meydana gələn quru onurğalıları ilə rəqabətə davam gətirməmələri və iqlim dəyişilmələri ehtimal olunur.
Sürünənlərin əhəmiyyəti və qorunması. Yırtıcı sürünənlər digər heyvanlarla qidalanaraq onların sayının sürətlə artmasına imkan vermir. Kərtənkələlər həşəratlarla, ilanlar gəmiricilərlə qidalanmaqla zərərvericilərin və xəstəliklərin qarşısını alır. İlan zəhərindən təbabətdə istifadə edilir.
İnsanın fəaliyyəti nəticəsində mühit şəraitinin dəyişməsi sürünənlərə də öz təsirini göstərmişdir. Belə ki, kərtənkələlərdən – qızılı mabuya, ilanlardan – Kiçik Asiya gürzəsi, eskulap ilanı, tısbağalardan – Aralıq dənizi tısbağası və s. növlərin adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüşdür.
YAZAR: Fidan Əmirəliyeva (OYU BİOLOGİYA)
Həmçinin bax: https://kafkazh.com/qan-damar-sistemi-qan/