Xocalı soyqırımı

Xocalı türklərin yaratdığı qədim maddi-mədəniyyət nümunəsi idi.Türkün tarixinin qədim zamanlarının qorunduğu,mühafizə olunduğu dünyanın ən qədim mərkəzlərindən olan bu şəhər təkcə son əsrdə bir neçə dəfə erməni terrorunun hədəfinə çevrildi.Tarixiliyi və zənginliyi paralel şəkildə özündə yaradan “Xocalı” toponiminə fikir vermək gərəkir.”Xoca” türkcə ağsaqqal,böyük mənasını daşıyaraq hörmət əlamətini bildirir.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi.Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış,yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də endi.Şuşa səmasında mülki vertolyotun vurulması,vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi.Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi.Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi,yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan,ağır texnikalardan atəşlərə,erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları,rus hərbi birləşmələrinin 366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi.Bu soyqırım siyasəti əvvəlcədən düşünülmüş,ciddi planlaşdırılmış və dəqiq yerinə yetirilmişdi.Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərinə hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu faciədə 366-cı rus hərbi alayının iştirakını təsdiqləyir.Belə ki,hərbçilərin telefon söhbətində Xocalıya hücuma hazırlıq getdiyi,danışıqların milyon rəqəmlərlə hesablanan pulu gözlədikləri anlaşılır.

Bəşəriyyət növbəti Xatın faciəsi yaşadı.Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının,diaspora və lobbiçilərinin birgə hazırladıqları “Böyük Ermənistan” planının ilkin fazası,hərəkatın ilkin bəndi “Haydad” və “ASALA” terror təşkilatlarıyla birgə icra olundu.Bu soyqırım əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika,tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər,istifadəsi qadağan olunan “dairəvi” güllələr,digər silahlar sınaqdan çıxarıldı.Həmin qanlı gün,saat 23.00 radələrində Xocalıya 11 istiqamətdən hücuma keçildi.Xocalılar vəhşiliklə üz-üzə qaldı.613 nəfər 63-ü uşaq,106-sı qadın,70-i qoca olmaqla Xocalı sakini qətlə yetirildi,8 ailə tamamilə məhv edildi,25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirdi,1275 nəfər əsir götürüldü.

Xocalı soyqırımı  törədilən zaman müsibəti gözləri ilə görən jurnalist Viktoriya İvleva isə faciəni belə təsvir edir:”Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm.Bu bulud yarıçılpaq insanların toplusu idi.Azərbaycanlıların dəstəsinin sonunda 3 uşaqlı qadın gedirdi.O, qar üzərində ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı.Sən demə,onun uşaqlarından biri ikigünlük imiş.Digər yüzlərlə qaçqın kimi bu qadının və onun uşaqlarının sonraki taleyini mən televiziya lentlərindən izlədim.Bu televiziya lentlərində səs zolağı operatorun hönkürtüsündən ibarət idi.Bu adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı”.

Viktoriya İvlevanın televiziya müşahidəsində izlədiyi hönkürtü,Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaşlarına çevrilməsiydi.O,yerlə-yeksan edilən soyqırıma məruz qalan Xocalını çəkirdi,köməksiz,dinc əhalinin faciəsini kamerası ilə tarixin yaddaşına yazırdı.

Ermənilər insanları bir-birlərinə bağlayaraq,üzərlərinə neft tökərək yandırıb,uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən betər faciəni bəşəriyyətə “bəxş etdilər”.Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq,bəşəriyyət üçün yeni olan vandalizm nümunəsi ortaya qoydular.

 

YAZAR: Nərmin Hüseynova

 

Həmçinin bax: https://kafkazh.com/rusiya-terefinden-ermenilere-hediyye-edilen-erazilerimiz/

Həmçinin bax: https://tehsilim.org/qehremanlar-unudulmur-adli-resm-sergisi-kecirilib/