Xəzər Dənizi

Fiziki-coğrafi mövqeyi

Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 %-ə qədəri toplanmışdir. Xəzər dənizi okean səviyyəsindən -27,67 metr aşağıdadır (2017-ci il).
Dənizin uzunluğu 1200 km, maksimal eni 466 km, minimal eni isə 204 km, sahəsi 392 min km2, suyunun həcmi 79 min kubkilometrdir. Orta dərinliyi 207 metr, ən dərin yeri isə 1025 metrdir (Lənkəran çökəkliyi).
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti vardır. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 %, digər çaylar – Kür 6 %, Ural 5 %, Terek, Sulaq və Samur birlikdə 4,5 %, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 % təşkil edir.

Xəzər Dənizinin ekoloji problemləri və çirklənmə mənbələri

Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formlaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.
Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır.
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində iri miqyaslı ekoloji layihələrin və kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq bır sıra ekoloji problemlər hələ də öz həllini tapmamışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınmışdır. Bu axarlar vasitəsilə dənizə gündə 1 850 min kubmetr tullantı suyu daxil olur.
Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından burada formalaşan müxtəlif tərkibli tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bunun nəticəsində dənizin və sahil zolağının ekoloji vəziyyəti pisləşir.
Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir.

Dəniz ətraf mühitinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlərin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

AR Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün AR Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət etmişdir.
Bakı şəhəri ərazisində Buzovna qəsəbəsində layihə gücü 10 min m3, Şüvəlan qəsəbəsində layihə gücü 18 min m3 olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək gün ərzində 200 min m3 gücə malik yeni bioloji təmizləmə qurğuları tikilərək layihə gücü 600 min m3/gün-dən 800 min m3/gün-ə çatdırılmışdır. Sumqayıt şəhərində layihə gücü 200 min m3/gün olan yeni bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir.
Bundan başqa dənizdə fəaliyyət göstərən neft-qazçıxarma müəssisələrində “28 May” NQÇİ-də Çilov adasında layihə gücü 300 m3/gün, “Neft Daşları”nda isə layihə gücü 500 m3/gün olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn tullantı sularının təmizlənməsi məqsədilə ümumi sahəsi 2 ha ərazini əhatə edən yeni Təmizləyici Qurğu tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı sularının (məişət tullantı suları ~300 m3/gün, kimyəvi tullantı suları ~1700 m3/gün) təmizlənməsi həyata keçirilir.
Xəzər dənizinə antropogen təsir göstərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir. İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır.
Hər il avqust ayının 12-si “Xəzər günü” və sentyabr ayının son həftəsi “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilir, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur.
Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.
Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləriAzərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci və 2008-ci illərdə imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarından irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində gün ərzində təqribən 10 000 m3 həcmində tullantı sularını təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulmuşdur. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.

Xəzər dənizinin səviyyəsi

Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır . Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir. Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil etmişdir. Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr müşahidə olunur ki, onun qiyməti 30-40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır. Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki, bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatmışdır. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olmuşdur. Xəzər dənizinin səviyyəsi 1996-2000-ci illərdə 35 sm enmiş və 2001-ci ildən yenidən qalxmağa başlamışdır. Belə ki, dənizin səviyyəsi 2001-2005-ci illər ərzində 30 sm-ə qədər yüksəlmişdir.

2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır. Son 3 ildə dəniz səviyyəsində stabilləşmə qeydə alınır. Belə ki, səviyyədə müşahidə olunan müntəzəm enmə 2015-ci ildən dayanmış və bu 3 il ərzində Xəzər dənizinin səviyyəsi Baltik sistemi ilə -27,67 m-ə bərabər olmuşdur.

Səviyyə üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakı məntəqəsində (Bayıl sahəsi) başlanmış və bu günə qədər bütün Xəzər dənizi üzrə 15 məntəqədə, dənizin Azərbaycan sektorunda isə 7 müşahidə məntəqəsində davam etdirilir.

Xəzərin səviyyəsində çoxillik tərəddüdlərdən başqa fəsillər üzrə də dəyişmələr müşahidə edilir. Belə ki, ilin isti aylarında soyuq arlara nisbətən Xəzərdə səviyyə daha yüksək olur, yanvar, fevral aylarında minimum, iyul, avqust aylarında isə maksimum qiymət alır.

Laboratoriya fəaliyyəti. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının fəaliyyəti haqqında. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyası 3 sektordan ibarətdir:

  • Analitik Tədqiqatlar Sektoru;
  • Ekotoksikologiya Sektoru;
  • Hidrobiologiya Sektoru.
Sektorların laboratoriyaları Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Əsasnaməsini rəhbər tutaraq, iş planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında, çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə, yerli və xarici neft şirkətlərinin, həmçinin beynəlxalq təşkilatların həyata keçirdiyi dəniz ekspedisiyaları və monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində analitik, bioloji və ekotoksikoloji təhlillər aparır.
Analitik Tədqiqatlar Sektorunda 9 mütəxəssis  çalışır. Mütəxəssislər Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak edir. Monitorinqlər zamanı götürülmüş su, qrunt, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi və kimyəvi təhlillər ( pH, duzluluq, həll olmuş oksigen, şəffaflıq, codluq, sulfatlar, xloridlər, qalıq xlor, asılı maddələr, biogen maddələr (ammonium ionu, nitritlər, nitratlar, fosfatlar və silikatlar), oksigenə biokimyəvi tələbat, oksigenə kimyəvi tələbat, sintetik səthi aktiv maddələr, neft məhsulları, fenollar və s.) aparılır. Aparılan tədqiqatların məqsədi dənizə axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin analitik tədqiqatlarla müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir. Sektorda təhlillər müasir standartlara cavab verən cihazlarda aparılır.
Ekotoksikologiya Sektorunda 9 mütəxəssis çalışır. Mütəxəssislər Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarında, çirklənmə mənbələrində keçirilən monitorinqlərdə iştirak edir. Götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində Dahpnia maqna və Pontoqammarus maeoticus test orqanizmlərindən istifadə etməklə ekotoksikoloji təhlillər aparılır. Bundan başqa çirkab su təmizləyici qurğuların işinin səmərəliliyini yoxlamaq məqsədi ilə mütəmadi olaraq qurğuların çıxışlarından su nümunələri götürülərək üzərində bioloji və ekotoksikoloji təhlillər aparılır. Aparılan tədqiqatların məqsədi dənizə axıdılan çirkləndiricilərin zərərli təsirlərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir.

Hidrobiologiya  Sektorunda 10 mütəxəssis çalışır. Mütəxəssislər monitorinqlərdə nümunələrin götürülməsində iştirak edir və nümunələr üzərində hidrobioloji və mikrobioloji təhlillər aparırlar. Hidrobiologiya sektoru fəaliyyətə başladığı gündən dənizdən, üzən vasitələrdən, yanalma körpülərindən, axarlardan, çirkab su təmizləyici qurğulardan götürülmüş su nümunələri üzərində ümumi Bağırsaq Çöpü Bakteriya Qrupunun və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarının təyini üçün mikrobioloji təhlillər aparır. Həmçinin gələcəkdə zooplankton və dib çöküntüsü nümunələri üzərində bentik orqanizmlərin tədqiqatının aparılması da nəzərdə tutulmuşdur. Aparılan tədqiqatların məqsədi dənizin bioloji çirklənmə vəziyyətini və çirklənmənin ətraf mühitə mənfi təsirini müəyyən etməkdən ibarətdir.

Xəzər dənizinin bioloji resurslarının vəziyyəti
Son onilliklərdə Xəzər dənizində balıq ehtiyatları kəskin azalmışdır və bu da əsasən Xəzər dənizinin balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (siyənəklərin, qızılbalığın, nərəkimilərin) və suitilərin azalmasına və vəziyyətinə mənfi təsir göstərmişdir. Bunun səbəbləri: təbii – iqlim dəyişikliyi, dəniz səviyyəsinin tərəddüdü; antropogen – dənizin çirklənməsi, yeraltı sərvətlərin istifadəsi, çayların tənzimlənməsi, yad mənşəli növlərin gətirilməsi, brakonyerlik.
Xəzər ekosisteminə mənfi təsirlə bağlı kilkə ovu 10 dəfə azalaraq, 1999-cu ildə 271 min tondan hal-hazırda 27 min tona qədər azalmışdır. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Hazırda Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. 1980-ci illərlə müqayisədə 2009-2010-cu illərdə nərə balıqlarının ov həcmi 30 dəfə azalmış və bütün Xəzəryanı ölkələrin ovu birlikdə olaraq təqribən min ton təşkil etmişdir. 2011-ci ildən bütün Xəzəryanı ölkələrin ümumi razılığına əsasən Xəzər dənizində nərə cinsli balıqların kommersiya ovlanmasına texniki moratorium tətbiq edilir və nərə balıqlarının əmtəə ovu aparılmır, yalnız balıqartırma və elmi-tədqiqat məqsədlər üçün cüzi həcmdə ovlanır.
Xəzər suitisi yeganə dəniz məməlisi və Xəzər endemikidir. XX əsrin əvvəllərində Xəzər suitisinin sayı təqribən 1 milyon fərd təşkil edirdi, lakin hal-hazırda onun populyasiyası barədə 111 min fərddən 360 min fərdə qədər dəyişən məlumatlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələri tərəfindən 2001-2017-ci illər ərzində Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə ümumi sayı 7,457 mlrd. olmaqla, aşağıdakı miqdarda müxtəlif növ balıq körpələri artırılıb buraxılmışdır: nərəkimilər – 163,3 mln. ədəd, qızılbalıq – 2,39 mln. ədəd, çəkikimilər – 7,288 mlrd. ədəd. 2004-cü ildən başlayaraq balıqartırma müəssisələrində müxtəlif növ balıqlardan ibarət törədici balıq sürüləri yaradılıb.

Bioloji resursların artırılması

Azərbaycanın bioloji müxtəlifliyində dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzər dənizi müxtəlif külli miqdarda endemik bitki və heyvan növlərinə malikdir. Xəzər dənizində 100-də çox balıq növü və yarımnövü yaşayır. Onlardan ancaq 40 növ və yarımnövünün vətəqə əhəmiyyəti var. Xəzərin balıq faunasının əksər nümayəndləri dəniz və çay kateqoriyalarına, qalanları isə keçici və yarımkeçicilərə aiddir.

Nərəkimilər- Xəzər dənizinin endemik balıq növlərindən biridir. Hal-hazırda dünyada ən böyük nərə sürüləri Xəzər dənizində olub, dünya nərə ehtiyatının 70-80%-nı təşkil edir. Burada nərəkimilərin 6 növü yaşayır: bölgə,uzunburun, nərə, qaya balığı, rus nərəsi, çökə balığı.
Xəzər dənizində nərəkimi balıqların sayının qorunması mqsədilə 2011-ci ildə Kommersiya ovuna moratorium qoyulmuşdur. Hal-hazırda bu balıqların sayının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 nərə balıqartırma zavodu fəaliyyət göstərir. İl ərzində 7-9 milyon nərəkimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.
Qızılbalıqlar- Xəzər dənizində 2 növ qızılbalıq yaşayır- xəzər qızılbalığı və ağ qızılbalıq.
Xəzər qızılbalığı keçici balıqdır, əsasən Kür çayında kürü tökür. Balıq körpələri əsasən 1.5-2 il ərzində şirinsulu çaylarda yaşayır və sonra isə dənizə keçirlər.
1950-ci ilə qədər hər il 0.5 min ton balıq ovlanırdı. Kür və araz çayları üzərində bəndlər tikildikdən sonra balıqlar əlverişli oksigen, qida və temperatur rejimi olan təbii kürüləmə yerlərinə keçə bilmirlər. Odur ki bu çaylarda qızılbalığın ehtiyyatı kəskin azalmışdır. Bu balığın ehtiyatını bərpa etmək məqsədilə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində 3 qızılbalıqartırma zavodu fəaliyyət göstərir. Bu zavodlar hər il təxminən 200 min ədəd qızılbalıq körpələri yetişdirərək  təbii su hövzələrinə buraxır. Nəticədə qızılbalığın nəslinin kəsilməsi təhlükəsi aradan qalxmışdır.

Çəkikimilər- Xəzər dənizində geniş yayılmış və növlərin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır. Xəzər dənizində  çəki, külmə, çapaq növləri geniş yayılmışdır. 1970-ci illərdan başlayaraq Xəzərdə daha 3 növ çəkikimi balıqlariqlimləşdirilmişdir. (ağ amur, əlvan və ağ alın). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində çəkikimi balıqların artrılması üzrə 3 balıqartırma zavodu  və 1 Məntəqə fəaliyyət göstərir. İl ərzində 400 milyondan çox çəkikimi balıq körpələri artırılaraq təbii su hövzəsinə buraxılır.

Xəzər dənizi üzrə regional əməkdaşlığın hüquq-müqavilə bazası
 
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehran şəhərində imzalanmış, Azərbaycan Respublikasının 2006-cı il 4 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış, Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Protokol bütün Xəzəryanı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra 25 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir.
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu 2012-ci il dekabrın 12-də Moskva şəhərində imzalanmış, Azərbaycan Respublikasının 25 fevral 2014-cü il tarixli Qanunu ilə təsdiq edilmişdir.
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmışdır.

Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində (29 sentyabr 2014-cü il, Həştərxan şəhəri) imzalanmış sazişlər:

  • “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş,
  • “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş

“Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Saziş

 

Həmçinin bax : caylarin-tesnifati/Həmçinin bax : bogaz-berzex-ve-korfezler/

Həmçinin bax : http://qirgizistanda-227-yeni-koronavirusa-yoluxma-fakti-qeyde-alinib/

Yazar :  Səbinə İsmayılova