Xəstəxanaya yerləşdirilən azyaşlı nəzarətə götürüldü

Kütləvi informasiya vasitələrindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş məlumata əsasən, Xəzər rayonu Binə qəsəbə sakini Əliyeva Sabirə Rəcəbəli qızı altı aylıq nəvəsi ilə birlikdə təcili yardımla Bakı şəhəri, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.

Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, iyulun 22 –də Komitənin səlahiyyətli nümayəndəsi A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında olarkən özünü uşağın nənəsi kimi təqdim edən Sabirə Əliyeva ilə söhbət zamanı müəyyən olunmuşdur ki, azyaşlının valideynləri qanuni nikahda olmadan birgə yaşamışlar. Uşağın nənəsi tərəfindən ananın psixoloji problemlərdən əziyyət çəkdiyi və hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə uşağın yaşayış yerinə gedərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.

Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.

Mənbə: Axar.az

Müxbir: Nuray Ələkbərova