Xəsarət zamanı ilk tibbi yardım

Qanaxmalar zamanı ilk tibbi yardımın göstərilməsi qaydaları

Növündən (arterial, venoz, kapilyar) və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrdən asılı olaraq qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olur.

Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları;

+ zədələnmiş qan damarını sümüyə barmaqla sıxaraq,

+ turna və ya burmac qoymaq və steril sarğı sarımaq,

+ qol və ya qıçı oynaqda sonadək büküb bu vəziyyətdə bərk bağlamaqdan ibarətdir.

Xarici venoz və kapilyar qanaxmalar zamanı;

+ yaraya sıxıcı steril sarğı qoymaq (qan axan yeri steril salfetlə və ya 3-4 qat bintlə örtür, üstdən pambıq qoyurlar.)

+ Sarğını bintlə bərk sıxıb sarıyırlar. Qan sarğını islatdıqda üstündən əlavə bint sarıyırlar.

+ Bədənin yaralı yerini gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla müvəqqəti dayandırırlar.

+B ir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər.

 Arterial qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın tamamilə dayandırılması, yarada cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir. Turnanın nə vaxt qoyulduğunu tarix saat və dəqiqə göstərilməklə bir parça kağızda qeyd edib, kağızı nəzərə çarpan yerdə turnanın altına qoyurlar. Turna qoyulmuş ətrafı xüsusən qışda isti şeylə örtürlər. Turna qoyulmuş yaralıya şpris – tübik vasitəsilə ağrıkəsən dərman vururlar. Ətrafların turna qoyulmuş yerdən aşağı hissəsi ölgünləşməsin deyə 2 saatdan sonra arteriyanı barmaqla sıxaraq, turnanı tədricən 5 – 10 dəqiqə müddətinə boşaltmaq və sonra onu yenidən bir qədər yuxarıya qoymaq lazımdır. Yaralıya cərrahiyyə yardımı göstərilənədək turnanı hər saatdan bir bu cür müvəqqəti olaraq boşaldır və hər dəfə bunu kağızda qeyd edirlər. Qanaxmanı burmac vasitəsilə dayandırmaq üçün kəndirdən, burulmuş yaylıqdan və ya parçadan istifadə edirlər. İkiqat ilgək şəklində qatlanıb qola (qıça) keçirilərək burulan bel qayışı da əlaltı turna ola bilər.

Yanıqlar və sınıqlar zamanı ilk tibbi yardımın göstərilməsi qaydaları

İlk tibbi yardım – yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlığında ən qısa müddətdə göstərilir. Bu yardımı sanitar dəstələri və Mülki Müdafiə qoşunlarının şəxsi heyəti göstərir. Tibbi yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir.

Yanıqlar zamanı ilk tibbi yardım. Yanıqlar yüksək temperaturun, habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Xüsusən nüvə zədələnməsi ocaqlarında yanığa məruz qalmış yaralıların sayı daha çox ola bilər. Burada çox vaxt yanıqlar travmalarla və radiasiya zədələnmələri ilə birlikdə baş verir. Termik yanıqlar işıq şüalanmasının, alovun, qaynar suyun və buxarın təsirindən baş verən yanıqlardır. Dərinin səthinə və selikli qişalara qatı turşuların və qələvi maddələrin təsiri nəticəsində kimyəvi yanıqlar baş verir. Turşular və qələvi maddələr nəinki düşdüyü yeri zadələyir, həm də orqanizmin ümumi zədələnməsinə səbəb olur. Napalm və digər yandırıcı maddələrin törətdiyi yanıqlar daha təhlükəlidir. Napalm bədənin dəri səthinə və paltara yapışaraq yanmaqda davam edir, nəticədə həm dərinin səthi, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törədir. Dərinin səthinə və selekli qişalara radioaktiv maddələr düşüb orada uzun müddət qaldıqda radiasiya yanıqları meydana çıxır. Termik, kimyəvi və radiasiya yanıqlarının ağırlıq dərəcəsi nəinki toxumaların zədələnmə dərinliyindən, həm də yanıq baş vermiş səthin sahəsindən asılı olur.

İlk tibbi yardım qaydaları. Yardım göstərərkən ilk növbədə alışmış paltarları söndörmək, bu məqsədlə adamın üstünə palto və ya ədyal salmaqla alovu səngitmək lazımdır.  Sonra bədənin yanıq yerini paltardan azad edirlər, yəni yanıq yerinə toxunmadan onun ətrafından paltarı kəsib çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthə əl ilə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Yanıq əleyhinə konturlu sarğılardan da istifadə etmək olar. Üzə, döşə, arxaya, qarına, buda qoyulmaq üçün belə sarğılar bədənin həmin hissələrinin formalarına uyğun olaraq əvvəlcədən hazırlanır, sterilləşdirilir və xüsusi məhlulla hopdurulur. Bu sarğıları yanıq yerinə qaytanla bağlayırlar. Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı qoymaqdan və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən ibarətdir. Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox vaxt dərin olur. Toxumaların ölməsi (nekrozu) yalnız dərini deyil, onun altında yerləşən toxumaları da əhatə adir. Kimyəvi yanıqlarda göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə malikdir. Yanıq yerini dərhal 15 – 20 dəqiqə ərzində axar soyuq su altında yumaq lazımdır. Bundan sonra yanıq turşulardan baş veribsə yanıq yerinə çay sodası səpir, yanıq qələvilərdən baş veribsə sirkənin zəif məhlulunu tökür və steril bintlə örtürlər. Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan təmizləmək məqsədilə yanıq yerinə qaynadılmış (sterilizə edilmiş və soyudulmuş) bitki yagı sürtürlər.

Sınıqlar zamanı ilk tibbi yardım. Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və ya zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha təhlükəlidir. Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər.

Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları:

1) birinci növbədə,

+ yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən,

+ qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan,

+ ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir.

2)Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır,

+ sonra yaranı steril sarğı ilə örtür,

+ yaralıya ağrıkəsən dərman vurur və

+ yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar.

Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı (sınıq yerindən yuxarıda və aşağıda) iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası adlanır.

Donvurma, elektrik zədələnmələri və suda boğulma zamanı ilk tibbi yardımın göstərilməsi qaydaları

Donvurma güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinə deyilir. Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°Cdən yuxarı olan temperaturda, tez – tez dəyişən mülayim havada donvurma baş verə bilər. Soyuq havada, qarda, yağışda, dar ayaqqabıda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki və psixoloji yorğunluq, orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal zədələnmir, əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir. Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun təsiri kəsiləndən sonra, bəzən isə bir neçə gündən sora təyin etmək mümkün olur. İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra təmiz quru əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. İmkan varsa, güclü soyuq vurmuş adamı isti su vannasına salırlar. Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda (bu, 2, 3, 4-cü dərəcəli donvurma zamanı olur) dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı qoyurlar.

Elektrik zədələnmələri. Bu cür zədələnmələr mərkəzi sinir sisteminə elektrik cərrəyanı təsir edərkən baş verir. Yüngül zədələnmə qısa müddət özündəngetmə halı ilə xarakterizə olunur. Ağır zədələnmə zamanı adam huşunu itirir, onun nəfəsi və ürək fəaliyyəti zəifləyir. Bədənin elektrik məftilinə toxunan səthində ortası bir qədər əzilmiş sarımtıl ləkə müşahidə edilməsi mümkündür. Qısa qapanma zamanı adam termik yanıqlara da məruz qala bilər. İlk tədbir – adama elektrik cərəyanının təsirini kəsməkdir. Yardım göstərən şəxs elektrik cərəyanı mənbəyini şəbəkədən açmalıdır. Əgər bu mümkün olmursa, onda cərəyan altında olan məftili zədələnən adamdan kənar etməlidir. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik cərəyanı altında olan adamın özü də cərəyan keçiricisinə çevrildiyinə görə, ona çılpaq əllə toxunmaq olmaz. Cərəyanın təsirindən xilas edilməmiş adamı ancaq rezin əlcəklərlə və ya ələ quru əsgi sarıyıb, onun paltarının quru hissəsindən yapışıb, yaxud quru taxta parçası üzərində dayanaraq və belə taxtanı zədələnmiş adamın altına itələməklə cərəyanı məftildən ayırmaq lazımdır. Metal əşyalardan istifadə etmək olmaz. Bundan sonra, huşsuz halda olan adamı arxası üstə uzadır, köynəyinin yaxasını və bel kəmərini açır, ona naşatır spirti iylədirlər. Nəfəsi və ürək fəaliyyəti dayandıqda süni tənəffüs verir və ürəyi xaricdən masaj edirlər. Bədənin elektrik cərəyanından zədələnmiş sahəsinə steril sarğı qoyurlar.

Suda boğulma – tənəffüs yolları maye ilə, adətən, su ilə tutularkən baş verir. Adam suda boğularkən onun ağciyərlərinə su dolur, nəfəsi kəsilir, kəskin oksigen çatışmazlığı baş verir və ürəyin fəaliyyəti dayanır. Boğulan adamı sudan mümkün qədər tez çıxarmaq lazımdır. İlk yardım göstərərkən belə adamı belinə qədər soyundurur, ağız və burnunu lildən, selikdən təmizləyir, hündür mütəkkənin və ya dizin üstünə qarnı üstə uzadır, sonra sinəsindən basmaqla ağciyərlərdən və mədədən suyu kənar edirlər. Sonra süni tənəffüs verməyə və ürəyini masaj etməyə başlayırlar. Bu zaman ən səmərəli üsul “ağızdan – ağıza” süni tənəffüs verməkdir ki, belə süni tənəffüs zədəli şəxsin nəfəsi bərpa olunanadək davam etdirilir. Əgər nəfəs bərpa olunmursa və zədələnmiş şəxs özünə gəlmirsə, süni tənəffüs və ürəyin masaj edilməsi ancaq ölümün obyektiv əlamətləri meydana çıxarkən dayandırılır. Belə əlamətlər gözlərin bərəlməsi, işığa qarşı heç bir reaksiyanın olmaması, uzun müddət ürək döyüntüsünün olmaması,meyit ləkələrinin aşkara çıxmasıdır. Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan adama isti çay içdirtmək və onu tibb məntəqəsinə aparmaq lazımdır.

Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdəilk tibbi yardım

Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım

+Elektrik cərəyanı vurarkən,

+suda boğularkən,

+tənəffüs yolları sıxılarkən,

+ habelə bir sıra digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən dayanar və klinik ölüm halı baş verə bilər.

Ürək fəaliyyətinin dayanmasını nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edirlər. Belə adamlara dərhal süni tənəffüs verilsə və ürək xaricdən masaj edilsə bir cox hallarda onların həyatını xilas etmək olar.

+ Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib çənəaltını basaraq yaralının ağzını açmaq,

+ sonra ağız boşluğunu tüpürcəkdən və ya selikdən salfetlə təmizləmək və süni tənəffüs verməyə başlamaq lazımdır;

+ bu məqsədlə yaralının açılmış ağzına bir qat salfet (cib yaylıgı) sərir,

+ burnunu sıxır,

+ dərindən nəfəs alıb,

+ dodaqlarını yaralının dodaqlarına kip sıxır və havanı bərkdən onun ağzına üfürürlər.

Havanı yaralının ağzına o qədər üfürmək lazımdır ki, onun ağciyərləri hər dəfə mümkün qədər çox açılsın (bu, döş qəfəsinin hərəkətindən məlum olacaq). Hava az paylarla üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə hər dəqiqədə 16-18 dəfə, təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın aşkara çıxana qədər üfürmək lazımdır.

Ürəyin masaj edilməsi. Ürəyin fəaliyyəti qəflətən dayandıqda dərhal ürəyi masaj etməyə başlayırlar. Bu məqsədlə yaralını arxası üstə uzadır, onun sol tərəfində dayanıb, əllərin ovucları bir-birinin üstündə olmaqla onları yaralının döş qəfəsinin aşağı üçdəbir nahiyəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkandan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır. Tənəffüsün kəsilməsi ilə bir vaxtda ürəyin fəaliyyəti dayanarsa,eyni zamanda süni tənəffes verir və ürəyi masaj edirlər.

 

YAZAR: İsmayılova Səbinə 

Həmçinin bax: Qərar almamıza təsir edən psixoloji effektlər

Həmçinin bax: turaz.org/abituriyentlerin-nezerine/