Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü

Plan:
1. Cəlaləddinin Azərbaycana daxil olması
2. Atabəylərin süqutu. Cəlaləddinin Azərbaycanı işğal etməsi
3. Cəlaləddinin mövqeyinin zəifləməsi və Azərbaycanı tərk etməsi

1. Cəlaləddinin Azərbaycana daxil olması:

Azərbaycana monqolların vurduğu yaraları sağaltmamış yeni bir işğalçının hücumuna məruz qaldı. Beləki,  monqollar Xarəzmşah Məhəmmədi məğlub etdikdən sonra onun oğlu Cəlaləddin atasının dağılmış qoşunlarını toplayıb Çingiz xana qarşı mübarizəyə başladı. Lakin bu mübarizənin səmərəsiz olduğun gördükdə bəxtini başqa ölkələrdə sınamaq qərarına gəldi. Onun qoşunları İrana, Azərbaycana və qonşu ölkələrə soxuldu. 1225-ci ildə Azərbaycana hücum edən Cəlaləddin Marağa şəhərini tutdu. O, əhalinin rəğbətini qazanmaq üçün monqolların dağıtdığı Marağa şəhərinin bərpası ilə bağlı əmr verdi. Şəhərdə bir sıra abadlıq işləri görüldü.

2. Atabəylərin süqutu. Cəlaləddinin Azərbaycanı işğal etməsi:

Marağada abadlıq işləri gördükdən sonra Cəlaləddin Təbrizə doğru irəlilədi. Atabəy Özbək ailəsini şəhərdə
qoyub əvvəlcə Gəncəyə, sonra isə Naxçıvana Əlincə qalasına qaçdı. Cəlaləddin Təbrizin müdafiəçilərini dilə
tutmaq üçün vədlər versə də, şəhərin müdafiəçiləri ona inanmadılar. Bir həftə şəhər uğrunda qanlı döyüşlər
getdi və nəhayət Cəlaləddin şəhərə daxil ola bildi. Beləliklə,1225-ci ildə Atabəylər (Eldənizlər) dövlətinə
son qoyuldu.

Təbrizdən sonra Cəlaləddin Gəncəyə doğru hərəkət etdi. Gəncə hakimi Cəmaləddin Qumi şəhəri Cəlaləddinin sərkərdəsi Urxana müqavimətsiz təslim etdi. Digər Arran şəhərləri də Cəlaləddinin hakimiyyətini müqavimətsiz
qəbul etdilər. Cəlaləddin Gürcüstana olan yürüşdən sonra Gəncəni öz iqamətgahı seçdi və Azərbaycanın idarə edilməsini vəziri Şərəf əl-Mülkə tapşırdı.

Cəlaləddinin məqsədi tutduğu ərazilərdən qüvvə toplamaq, monqollara qarşı vuruşmaq və ata-baba mülklərini
geri qaytarmaq idi. Lakin onun apardığı fasiləsiz müharibələr, yeritdiyi siyasət əhalinin narazılığına səbəb oldu. Cəlaləddin Azərbaycanda əhaliyə arxalana bilmədi. Vəzri Şərəf əl-Mülk ilə vilayət hakimləri arasında çəkişmələr gücləndi.

3. Cəlaləddinin mövqeyinin zəifləməsi və Azərbaycanı tərk etməsi:

Əhali Cəlaləddinin siyasətindən narazı qaldığı üçün ondan üz döndərdi. 1225-1231-ci illərdə Azərbaycanın
müxtəlif yerlərində baş vermiş çıxış və üsyanların səbəbi Cəlaləddinin idarəçilik orqanlarının üzərinə ağır vergi qoyması oldu. Cəlaləddin İraqda olarkən Təbriz əhalisi üsyan etdi. Bunun səbəbi vəzirin vergiləri artırması idi. Təbrizə qayıdan Cəlaləddin üsyanı çətinliklə yatırtdı.

1231-ci ildə Gəncədə Cəlaləddinə qarşı böyük üsyan baş verdi. Sənətkar Bəndərin başçılıq etdiyi üsyançılar
şəhəri ələ keçirib şəhər hakiminin iqamətgahını dağıtdılar. Şəhərə daxil ola bilməyən Cəlaləddin üsyançılara
çoxlu vədlər verdi. Danışıqların iştirakçısı olan şəxs yazırdı ki, bu vədləri dağlar, daşlar belə eşitsə idi yumşalardı. Cəlaləddin hiylə yolu ilə müdafiəçilərin şəhərdən çıxıb açıq döyüşü qəbul etmələrinə nail oldu. Açıq döyüşdə üsyançılar məğlub oldular.

Üsyan başçılarından 30 nəfər edam olundu. Bəndər isə işgəncə ilə öldürüldü.
Cəlaləddinin Azərbaycanda möhkəmlənə bilmədi, bunun da səbəbi uğursuz daxili və xarici siyasət, əhali
arasında etibarın itirilməsi Cəlaləddini məcbur etdi ki, 1231-ci ildə Azərbaycanı tərk etsin və Diyarbəkirə getsin.

Bu ərəfədə 2-ci Monqol ( Tatar ) axını başladı. İraq ərazsini çəkilən Cəlaləddin İraqda öldürüldü. Beləliklə
Cəlaləddin öz planını həyata keçirə bilmədi. Lakin, Azərbaycana hücumlar edən və Azərbayca əhalisini qarət
edən Gürcü feodallarına vurduğu zərbə nəticəsində gürcülər bir daha özlərinə gələ bilmədilər.

Ədəbiyyat siyahısı:
1. Azərbaycan tarixi II Cild
2. Ziya Bünyadov- Azərbaycan Atabəylər dövləti

YAZAR: Zeynəb Hüseynzadə

Həmçinin bax: tehsilim.org/biologiya-muellimliyi-ixtisasi/
Həmçinin bax: Sacilər dövləti- Yusif ibn Əbu Sacın dövrünə qədər