Vitaminlər
Vitaminlər hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz komponentləridir. Vitaminlərin çoxusu insan və heyvan orqanizmində sintez olunmurlar. Bitkilərdə və mikroorqanizmlərdə aminturşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohidratlardan (qlükoza, qalaktoza və s.) və qeyri-üzvi birləşmələrdən sintez olunurlar. Vitaminlər bir çox fermentlərin tərkibinə daxildir, bioloji katalizdə mühüm rol oynayır. Onlar orqanizmdə fermentlərin zülal olmayan hissələrinin-koferment və prostetik qruplarının qurulmasında iştirak edir. Onlar bitkilərin, heyvanların və insanların boy və inkişafında da mühüm rol oynayır. Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilərin və heyvanların orqanlarında müxtəlif intensivlikdə getməklə onların yaşından, xarici mühit amillərindən (günün uzunluğu, temperatur, havanın rütubəti, təzyiq, şüalanma və s.) və onların orqanizmindən də asılıdır.
Viataminləri öyrənən elm sahəsi vitaminologiya adlanır. Hazırda 50-yə qədər vitamin müəyyən edilmişdir. Onların əksəriyyəti bitkilərdən süni surətdə sintez üsulu ilə alınmışdır. Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə vitaminəbənzər maddələr də mövcuddur. Onların bioloji rolu hələlik yaxşı tədqiq edilməmişdir. Belə maddələrə xolin, inozit, linol turşusu, I-vitamini (S-metilmetionin), B15- vitamini (panqam turşusu), orot turşusu, ubixinon, paraaminbenzoy turşusu, karnitin, linol, linolein, araxidon turşuları aiddir. Müəyyən edilmişdir ki, onların qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Vitaminlər müxtəlif qrup üzvi birləşmələrə aid olduğu üçün onların həllolma qabiliyyətinə görə iki qrupa bölünür.
- Yağda həll olan vitaminlər – A, D, E, K, Q
- Suda həll olan vitaminlər – B qrupu (B1, B2, B3, B5, B6) vitaminləri, C, PP, fol, paraaminbenzoy turşusu və s.
Yuxarıda qeyd edilən vitaminlərin bəziləri bir neçə formada olur. Həmin formalar – vitamerlər adlandırılır. Məsələn, A1 və A2 vitaminləri A vitamininin, D2 və D3 vitaminləri D vitamininin vitamerləridir.
Vitaminlər əvəzolunmaz birləşmələrdir. Onların orqanizmdə müxtəlif miqdarda olmasından asılı olaraq orqanizmin avitaminoz hipovitaminoz və hipervitaminozluq halları yaranır.
Avitaminozluq – qida maddələrinin tərkibində vitaminlərin tamamilə olmaması halına deyilir. Bir neçə vitaminin olmaması poliavitaminoz adlanır. Bu hal müəyyən xəstəliklərə gətirib çıxarır və orqanizmin məhvi ilə nəticələnir.
Hipovitaminozluq – qidada bu və ya digər vitaminin qismən çatışmamazlığı, yəni vitaminlərin səviyyəsinin normadan aşağı düşdüyü hallarda baş verir. Əmələ gəlmə səbəblərinə görə hipovitaminozları iki qrupa bölmək olar: 1)ekzogen hipovitaminozlar-qida maddələrinin keyfiyyətsizliyi nəticəsində baş verir.
2) endogen hipovitaminozlar-orqanizmdə baş verən patoloji hallarla əlaqədar meydana çıxır.
Hipovitaminozluq hallarında – orqanizmin iş fəaliyyəti aşağı düşür, qaranlıqda görmə zəifləyir, ümumiyyətlə orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir.
Hipervitaminozluq – vitaminlərin uzun müddət həddindən artıq qəbul edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Belə xəstələrə hipervitaminozlar deyilir. Hipervitaminozluq yağda həll olan vitaminlər (xüsusən A və D) üçün xarakterikdir. Bu hal insan orqanizmində bir sıra allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.
Vitaminlərlə zəngin bitki və heyvan mənşəli ərzaqlarla qidalanma orqanızmdə fermentativ proseslərin normal getməsi üçün əsas amillərdən biridir.
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək üçün iki üsuldan istifadə edilir: fiziki-kimyəvi və bioloji üsullardan.
Fiziki-kimyəvi üsul müxtəlif vitaminlərin müəyyən kimyəvi reaktivlərlə rəngli reaksiyalar vermək qabiliyyətinə əsaslanır. Bioloji üsulun mahiyyəti bundan ibarətdir ki, heyvanlar müəyyən müddət ərzində (dəniz donuzu, siçovul və s.) süni, vitaminsiz pəhrizlə qidalandırırlar, təcrübə heyvanlarında avitaminoz əmələ gəldikdən sonra, onları tədqiq olunan qida maddələri ilə yemləyirlər. Qida maddəsinin müəyyən vitaminin avitaminozunun qarşısını ala bilən miqdarını təyin etməklə, onun tərkibindəki vitaminin aktivliyini hesablayırlar.
YAZAR: Mahizər Əsədzadə
Həmçinin bax: https://kafkazh.com/dogru-bildiyimiz-yanlislar/
Həmçinin bax: https://turaz.org/socar-umid-yataginda-hasilati-artirmaq-niyyetindedir/