Vətənin qürurlu övladları

Vətən… Bu söz adi bir söz deyil,özündə böyük məna, mənlik daşıyır. Vətən sadəcə torpaq demək deyil, namusdur, şərəfdir, yaşadığın həyatdır. Sevginin özüdür Vətən! Vətənini sevməyən, onu qorumayan kimsəni sevə bilməz, ailəsini qoruya bilməz. Kim olursan ol, Vətənin keşiyində durmaq, bayrağını yüksəklərə ucaltmaq hər bir vətəndaşın borcudur. Amma hər torpaq da cəsur igidlər yetişdirmir, hər vətən qəhrəman, qürurlu bir xalqa, millətə sahib ola bilmir. Saysız sənətkarlarımız vardır Azərbaycan musiqisini, ədəbiyyatını dünyaya duyurur, idmançılarımız vardır bayrağımızı yüksəklərə qaldıran. Ölkəmin istedadı ilə hər zaman ön sıralarda yer alan gəncləri var. Mən fəxr edirəm ki, Azərbaycanlıyam! Bəli, azərbaycanlı olduğumdan, bu Vətənin övladı olduğumdan şərəf duyuram!

Vətəni sevmək qədər Vətənin ərazi bütövlüyünü təmin etmək və qoruyub saxlamaq da mühümdür. Qürurlu Vətən oğulları heç bir zaman cəbhədə, döyüşdə qadınlarını düşmənlə üz-üzə qoymadı, daim qorudu. Vətənimiz tarix boyu çox keşməkeşli bir ömür yolu keçmişdir, lakin hər zaman mərdlik, cəsurluğuna görə seçilmişdir. Uzaq deyil, yaxın tarix: Aprel döyüşləri, iyulda baş verən döyüşlər və 27 sentyabr 2020-ci ildən başlayan II Qarabağ müharibəsi. Aprel döyüşlərində neçə-neçə igidlərimiz şəhid oldu, iyulda baş verən döyüşlərdə də heç də az şəhid vermədik və ən böyük itki general Polad Həşimov oldu. O isbat etdi ki, vəzifədən asılı deyil öndə olmaq və general sadəcə əmr verib geri çəkilmir, əsgərlərini öz ardınca aparır. Hal-hazırda baş verən döyüşlərdə isə generalımızın qisası Dövlətzadə Cəbrayıl Dövlət oğlu tərəfindən alındı. Nəinki generalımızın, bütün şəhidlərimizin qisası alındı. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Əlbəttə üzülürük… Kimisi övladsız, kimisi atasız, kimisi qardaşsız, kimisi yoldaşsız qalır. Bir ananın gözündən qoruduğu, bir atanın arxa, dayaq sandığı oğlunun, bir övladın yolunu gözlədiyi atasının şəhid olması, öz əlləriylə torpağa tapşırması, çox çətin və çox ağırdır. Həmin insanların ağlayış və isyanları bir kənara, sakit baxışlarından belə böyük dastanlar yazmaq olar. Çox ağır acıdır bu ,sözlərlə anlatıla bilməyəcək qədər… Vətən onlarla qürur duyur!
Milyonlarla oğullar könüllü, gülərək cəbhəyə yollandılar, gözlərində qorxu yox idi, lakin elə bir güc var ki, düşməni qorxudan lərzəyə gətirir. Hansı Vətənin övladları gülə-oynaya gedər vuruşmağa?! Canından keçməyə hazır olar Vətəni üçün?! Sizinlə qürur duyuruq, Vətənin qürurlu igidləri!!!
Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var! Qarabağ, artıq, bizimdir. Bizim olan torpaq bizimdir! Qarabağı bizə bağışlayan Tanrıya şükürlər olsun! Onu bizə bağışlayan, bizə əmanət edən şəhidlərimiz nur içində yatsınlar.

Qarabağ Azərbaycandır!

Sən bizimsən, bizimsən
Durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa
Ey şanlı Azərbaycan!

YAZAR: Kəmalə Həsənli 

Həmçinin bax: Bir şəhidin gözlərindən baxaq dünyaya

Həmçinin bax: https://turaz.org/xarici-diplomatlar-ermenilerin-fuzulide-toretdiyi-cinayetlerle-tanis-olublar/