Vətənin qürurlu övladları
Qürur nədir? Sualına belə cavab vermək olar:
Qürur hissi ağacın quru budağına deyil də bir yaşıl yarpağına baxıb fərəhlənməsidir.Qürur birinin həm etdikləri, həm də dedikləri ilə fəxr etməkdir. “Səninlə qürur duyuram” sözü hər insana sanki yaşadığın dünyanın lazımi sirrini açmisan ,ona görə də sənə bu sözü demişlər kimi hiss etdirər.
Bir dövlət kim ilə, nə ilə qürur duyar?
– Təbii ki, onun bayrağını daima ucaldan, gələcəyimizə ümidlə baxan insanlarla qürur duyar. Bütün dünya onunla savaşsa belə həmişə müstəqillik uğrunda canından belə keçməyə hazır olan insanlarla qürur duyar.
Dövlətin qüruru onun qəhrəman, güclü, gələcəyə ümidlə baxan övladlarıdır. Vətəni bir gəmiyə bənzətsək, bu övladları da yelkənlərə bənzətməliyik. Çünki , gəmiyə yön verən, istiqamətləndirən onun yelkənidir. Ya bu ucsuz -bucaqsız dənizdə yolunu itirəcək, ya da müstəqilliyini davam etdirib, daima ümid işığını itirmədən yolunu tapacaq.
Bir dövlətin məğlubedilməz olması üçün çıxılmaz vəziyyətdə belə ” Biz nələri bacardıq ,bunu da bacararıq!”deyən,gələcəyə ümidlə baxan qürurlu və güclü övladları olmalıdır. Bir insanı məhv etmək asandır, ama bir dövləti məhv etmək çox çətindir.
Dövləti güclü edən də əhalisinin böyüklüyü deyil, insanlarının qəlbindəki sevgi, gözlərindəki ümid və qürur hissidir.
Azərbaycanın görkəmli yazıçılarından Elxan Elatlının ” Qan ləkəsi ” romanında bir hissə var ki, həqiqətən də Azərbaycan əsgərinə olan qürurumuzu əks etdirir:
«Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki,təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın.
Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!»
– Qalx ayağa, türk oğlu!
” Ümidin varsa , edəməyəcəyin bir şey ola bilməz ,gücün və özünə inamın varsa kimsə sənə qalib gələ bilməz” .
Vətənin qürurlu övladlarına deyiləcək sözlərimiz tükənməzdir. Onların həyatına nəzər salsaq elə də çox xatirələri olmadığını görərik. Bizlər , yəni normal insanlar hər günümüzü özümüz üçün , sıxıcı və ya əyləncəli yaşayırıq. Ama onlar təkcə bir məqsəd üçün: vətəni qorumaq üçün yaşayırlar. Hədəflərinə çatmaq üçün nələr edirlər .Ailələrini belə düşünmədən, sadəcə vətən üçün gecə-gündüz vuruşurlar. Onların bizdə qoyduğu xatirələr az olsa da, qəhrəmanlıqları dillər əzbəridir.
2016-cı il Aprel döyüşlərində qəhrəmanlıq göstərən polkovnik -leytenant Murad Mirzəyev haqqında hər birimiz bilirik və qürur duyuruq. Onun etdiyi qəhrəmanlıq , vətənini qoruma istəyi bizim gözlərimizi yaşardır.
Biz duyğularımızı ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə edirik.Murada qarşı hiss etdiyimiz qüruru, sevgini onun etdiklərini yada salmaqla dilə gətirmək olar. Onun vətənimiz üçün etdiyi qəhrəmanlığı,son anlarda belə vətəni, insanların gələcəyini düşünüb, bizdə “Geriyə dönmək yox!” şüarı yaratdığını unutmaq mümkün deyil.
Murad Mirzəyevin sevimli müəllimi, şair Rahil Məmməd Murada olan sevgisini, qürurunu belə ifadə etmişdir:
…. Əməliylə milləti diksindirdi elə bil
Bu millətə ruh verən indi onun adıdır
Bir obanın,bir elin, bir kəndin oğlu deyil,
Murad Vətən oğludur, Vətənin övladıdır.
Bəzən hər kəsin çarəsiz olduğu an, ümid işığı söndüyü an olur. Sanki həyat yoluna səpilən işıqlar bir anda sönür. Və biz daha sonra ayağa qalxdıqda həmin günləri xatırlayıb həyata daha çox bağlanırıq. Bitər dediyimiz şeylər yenidən canlandığında ümid işığının yandığını görürük. Bir növ özümüzlə qürur duyuruq. Qəlbimizdəki o ümid işığını ölməz saxlamağa çalışırıq. Azərbaycan əsgərləri də bəzən bizim fərqli cəhətdən yaşadığımız hekayəni dərk etməyə , daha sonra yenidən ayağa qalxmağa başlayırlar. Hər an onların bizim dəstəyimizə, dualarımıza ehtiyacı olduğunu bilir və əlimizdən gələni edirik. Daima onlarla qürur duyuruq.
Biz bütün əsgərlərimizlə fəxr edirik və şəhidlərimizi , qəhrəmanlarımızı heç vaxt unutmayacağıq!
Yazar: Mənzifə Əhmədova ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsində 2ci yerin sahibi)