Vətən müharibəsinin qəhrəmanları-Şəhid Namiq Xəlilli

Sizə elə bir insandan danışacağam ki, böyük arzuların, ümidlərin xəyalını qurmaqla və getdikcə gerçəyə çevirməklə addım-addım irəliyə doğru gedən qisməti, taleyi, həyatının yarımçıq qalması, doğmalarının, tanışlarının xatirələrindən heç vaxt silinməyəcək. Bu həyat elədir ki, hər üzü var; üzdən -üzə düşəndi, üzdən- üzə dəyişəndi. Heç bilmək olmur ki, nə verəcək, nə alacaq, kimi bərkidəcək, kimi laxladacaq.

1994-cü il fevral ayının 25-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Azadkənd kəndində ziyalı bir ailədə göz açmış Namiq Həsən oğlu Xəlilli 2000-ci ildə Ordubad rayonunun Azadkənd tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Uşaq çağlarından hərbiyə böyük marağı olan Namiq 2009-cu ildə sənət verərək hərbi lisəyə qəbul olmuşdur. 3 il Naxçıvanda oxumuş, 4 ilini də Bakıya gedib orada təhsilini davam etdirmişdir. 2016- cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayır. İstedadı və bacarığı ona həmişə böyük uğurlar, qələbələr qazandırırdı.

Hər zaman ata-ana nəvazişi, qayğısı, sevgi və diqqəti ilə böyüyən Namiqin tale əlindən anasını-Fəridə xanımı aldı. 2019- cu ildən anasızlığa düçar olan Namiq vətənpərvər bir oğul idi. Bəlkə də, yaşıdları arasında onun qədər bu torpağa bağlı olan, yurdumuzun hər bir qarışını, bölgəsini, ağacını, daşını sevən öz qüdrətli, müstəqil ölkəsi ilə – Odlar Yurdu ilə öyünən, fəxr edən ikinci bir gənc tapılmazdı. O, qüruru, mətinliyi, mübarizliyi, dönməzliyi və qətiyyəti ilə bərabər xoş qılığı, nəvazişi, mərhəməti və xeyirxahlığı ilə də seçilirdi. Ancaq, əfsuslar olsun ki, 2020- ci il sentyabrın 27- də torpaqlarımızın bütövlüyü uğrunda baş verən ” İkinci Qarabağ müharibəsində iştirak etmiş, 23 oktyabr 2020- ci il tarixində Laçın istiqamətində qəhramancasına şəhadət şərbətini içmiş, şəhidlik məqamına yüksəlmişdir. Bu müharibədə böyük uğurlar əldə edən Namiq Xəlilli və dostları bir çox erməni postunu almış, erməni alçaqlarını vəhşətə salmış və onları Azərbaycan milləti qarşısında boyun əyməyə məcbur etmişdir. Atası Xəlilov Həsən öz sözlərində “Atası kimi övladımla fəxr edirəm. O, bizim və Azərbaycan xalqının fəxridir. Düşünməsinlər ki, Azərbaycan xalqı bundan qurtardı. Bizim gələcək nəsillərimiz var və bu nəsil vətən uğrunda canından keçməyə daim hazırdır. ” Həsən Xəlilovun dilindən Namiqin dostu – Əzimli Alim belə bir şeir yazmışdır:

 

Namiqsiz dünyamın çırağı sönüb,

Qorxudur bu zülmət qaranlıq məni.

Oğulsuz bu dünya aslana dönüb,

Hərdən şikar sanır bir anlıq məni.

 

Əlimdə gül ilə oğul məzarı,

Bu həsrət, bu möhlət niyə bilmirəm.

Öpüb yanağından qoxlayıb səni,

Oğulcan mən gəldim deyə bilmirəm.

Namiq şəhid olmazdan bir neçə gün öncə ailəsinə, dost- tanışlarına zəng vurub onlardan halallıq almışdır. Sanki şəhid olacağını qabaqcadan hiss etmişdi. Ürəklərdə böyük yer alan qəhrəmanımız heç vaxt ağlımızdan, qəlbimizdən çıxmayacaq, daimi yaddaşlarda qalacaq.

 

Şəhidlər candan artıq sevdilər Ana yurdu,

Şəhidlər qoymadılar sönə ocağı, odu,

Şəhidlər qazandılar müqəddəs şəhid adı,

Şəhidlər bu torpağın, bu xalqın qan yaddaşı,

Şəhidlər igidliyin, hünərin yol yoldaşı.

 

Hazırladı: Əzimova Əsmər

 

Həmçinin bax: Bir şəhidin gözlərindən baxaq dünyaya

Həmçinin bax: https://turaz.org/prezident-ilham-eliyev-italiya-deputatlar-palatasinin-sedri-muavinini-qebul-edib-foto/

Həmçinin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezi-okt-az-portalina-sagird-ve-abituriyentlr-ucun-yeni-sinaq-imtahanlari-yerlesdirmisdir/