Vətən Müharibəsi Qəhrəmanı şəhid Baş Leytenant Adil İbrahimlinin xatirəsi yad edilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğum günü münasibətilə xatirə tədbiri keçirilib.

Milli Məclisin, Müdafiə Nazirliyinin, Xəzər və Ağdam rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə əklil, çələnglər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

Polkovnik Abdulla Qurbani hərbi qulluqçunun qısa, lakin şərəfli, hər bir gənc üçün örnək olan ömür yolundan, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, onun ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edilib ki, Adil İbrahimli 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2016-cı ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edib və ona 2018-ci ildə “baş leytenant” hərbi rütbəsi verilib. Vətən müharibəsinin ilk günündən  Murovdağ döyüşlərində, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Sağlığında iki döyüş medalı ilə təltif olunun gənc zabitə ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Adil İbrahimlinin qayını leytenant Qəmbərli Elton Baba oğlu da Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn zabitlərimizdəndir.

Xatirə mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə Marşı”nın sədaları başa çatıb.

Həmçinin bax: Şəhid Adil İbrahimli