Uzaqdakı soydaşlarımız- Şor türkləri
Mövzu haqqında
Dünyanın ziynəti olan türklər qədim dövlətçilik tarixinə və qədim mədəniyyətə sahib olmuşlar. Türklər Koreyadan Macarıstana qədər geniş ərazidə yaşayırlar. Türk xalqları müxtəlif dinlərə sitayiş etmələrinə, müxtəlif bölgələrdə yaşamalarına və bu qədər ayrılıqlara baxmayaraq dil və mədəniyyət birliklərini qoruyub saxlamış yeganə xalqdır. Uzaq Sibirdə yaşayan türk xalqlarından tutmuş Anadoluya qədər dil və mədəniyyət birliyi dəyişməmişdir. Lakin, türk xalqlarının bir-birlərindən uzun müddət ayrı qalmaları onların bir çoxunun xüsusilə Sibirdə yaşayan azsaylı xalqlarının digər türklər tərəfindən unudulmalarına səbəb olmuşdur. Müasir dövrümüzün elm, texnologiya dövrü olduğunu nəzərə alarsaq bizdən çox uzaq düşmüş türk xalqlarının, öz soydaşlarımızın tarixlərini, milli adət və ənənələrini, xalq yaradıcılıqlarını və eləcə də yaşadıqları problemləri digər türk toplumlarına çatdırmaq üçün çalışmalıyıq.
Bu türk xalqlarından biri də Şor türkləridir. Şor türkləri bu günkü Rusiya Fedrasiyanın Qərbi Sibir ərazisində yaşayırlar. Sayları 1937-ci il repressiyalarından və İkinci Dünya Müharibəsindən sonra kəskin şəkildə azalmışdır. Qeyd edək ki, müstəqil dövlətçilik tarixinə malik olmayan şorlar digər türk dövlətlərinin tərkibinə qatılmış və son olaraq Rusiya tərəfindən işğal olunmuşdur. Türkoloq Radlov tərəfindən Şor adı verilən bu türk boyuna mənsub insanlar özlərini Tatar- kiji, Şor- kiji adlandırırlar. Şorların hal-hazırda sayı 18 mindən çoxdur və əsasən çoxluq şəkildə Rusiyanın Kemerovo dairəsində yaşayırlar.
Şor türklərinin mənşəyi.
Şor türkləri Qərbi Sibirinin cənub şərqində yaşayan azsaylı türk xalqlarından biridir. Altay xalqlarının türk qrupunun Hun qoluna daxil olan Şor türkləri antropoloji cəhətdən Monqoloid irqinin Ural qrupuna aid edilir. Amma morfoloji və kranieloji əlamətlərinə görə onlar Ural və Cənubi Sibir antropoloji tipləri üçün müəyyən edilən çərçivədən kənara çıxırlar. Şor türkləri öz adət və ənənələri, folklorları baxımından Tuva türklərinə daha yaxındılar. Şor türklərinin bir etnos kimi formalaşmasına daha dərindən nəzər saldıqda isə bir çox tədqiqatçı tərəfindən onların bir etnos kimi formalaşması dövrü VI- IX əsrlər aralığı götürülür. Bir sıra tədqiqatçılar isə onların bir etnos kimi formalaşdığı dövrü Rusiyanın XVII əsrdə bölgəni işğal etməsi və bölgədə Kuznetsk mahalını yaratması ilə əlaqələndirirlər. Şor türklərinin bir etnik mənsubiyyət kimi yaranmasında Uyğur türkləri və Yenisey qırğızları yaxından iştirak etmişlər. Lakin, Altayın və Sibrin yerli xalqı olan türklərin bura gəlmə olduqlarını sübut etməyə çalışan rus tədqiqatçıları şorların güya Uqor, ket mənşəli olduqlarını və zamanla türkləşdikləri fikrini irəli sürürlər. Lakin, bu absurd fikirdir çünki türklər eləcə də şorlar indiki ərazilərdə eramızdan əvvəlki dövrlərdə də yaşamışlar və məhz rus xalqının etnogenizisində yaxından iştirak etmişlər.
Şor adının yaranma tarixi.
Şor türkləri və xalqa daxil olan boylar ( şorlar, bitnslər, kalarslar, karqinlər və digərləri ) 1926-cı ilə qədər ” Madar- kiji ”,” Dəmirçi tatarları “ adı ilə tanınıblar. Onlara Şor adını isə ilk dəfə XIX əsrdə böyük türkoloq alim Radlov vermişdir. Radlov eyni dildə danışan Qara tatarları, Dəmirçi tatarları, mrassları və Kondom tatarlarını birləşdirərək onları Şor adlandırmışdır. Bu gündə bu türk xalqları özlərini “ Şor- kiji ” , “ Tatar- kiji ” və “ Madar kiji “ adlandırırlar.
Şor türklərinin tarixinə qısa baxış.
Qeyd etdiyimiz kimi şorların bir etnos kimi formalaşması ilə bağlı iki əsas fikir vardır. Bir qrup tədqiqatçılar onların VI- IX əsrlərdə, digər qrup tədqiqatçılar isə XVII əsrdə Rusiyanın bölgəni işğal etməsi nəticəsində formalaşdıqlarını qeyd edirlər. Rusiya tədqiqatçıları hər cür absurd fikirə əl ataraq Sibirdə və Altayda yaşayan türk dilli xalqların bu bölgələrə gəlmə olduqlarını və şorlar da daxil bir sıra türk xalqlarının Uqor, ket mənşəli olub sonradan türkləşdiklərini sübut etməyə çalışırlar. Lakin istər Şor türkləri olsun, istərsə də digər türk dilli xalqlar məhz bu ərazilərdə eramızdan əvvəlki dövrlərdən bəri yaşayıb və dünyaya hökm edən imperatorluqlar yaratmışlar. Şor türklərinin özlərinə məxsus müstəqil dövlətçilik ənənənələri olmamaışdır. Onlar daima digər türk dövlətlərinin yaranmasında iştirak etmişlər. Böyük Hun İmperatorluğuna, Göytürk dövlətinə, Uyğur dövlətinə tabe olmuşlar. Daha sonrakı illərdə isə onlar Çingiz xana tabe olmuşdular. Şor türkləri sahib olduqları və istehsal etdikləri kürkləri ilə məhşur idilər. Onların əlində olan zənginliklərə sahib olmaq istəyən Rusiya çarı kazaklardan ibarət ordusunu 1607-ci ildə şorların üzərinə göndərir. Qonşu Qırğız və Kalmık türklərinin köməyə gəlməsi ilə birlikdə ruslar məğlub edilmiş və bölgədən qovulmuşdur. Lakin, bundan sonra qırğızlar və kalmıklar bölgənin kürklərinə sahib olmaq istəmişdilər. XVII əsrin sonlarında şorlar ruslara tabe olmuşdular. Sovet höküməti isə şorlara qarşı daha amansız rəftar etmişdir. Belə ki, 1930-cu illərdə xüsusilə 1937-ci il repressiyalarında Şor ziyalıları sürgün edilmiş və güllələnmişdir. İkinci Dünya Müharibəsi zamanında isə Sovet höküməti Şor ziyalılarını bu dəfə cəbhəyə göndərmişdir. Şor xalqının ziyalı təbəqəsini məhv edən Sovet höküməti Şor türkcəsində fəaliyyət göstərən məktəbləri bağlatmış və rus dilini məcburi hala gətirilmişdir. Şor türkləri hal-hazırda Rusiya Fedrasiyasının Kemerovo mahalında, Xakasyada və Altay Respublikasında yaşayırlar. Şor türklərinin sayı 18 mindən çoxdur.
Şor türklərinin adət və ənənələri, folklorları.
Şor türklərinin adət və ənənələri, folklorları, ədəbiyyatları, dünya görüşləri və eləcə də dilləri uzun müddət araşdırılmamışdır. Biz bu yazıda əsasən onların adət və ənənələrindən, folklorlarından bəhs edəcəyik. Şor türklərinin foklorları əsasən XIX əsrin ikinci yarısından etibarən öyrənilməyə başlanılır. Bu işdə də böyük iş türkoloq Radlovun üzərinə düşmüşdür. Lakin şorların folklorları ilə bağlı ilk çalışmalar misyonerlər tərəfindən aparılır. Şorlar gənc nəslin yaxşı vaxt keçirtməsi və öz tarixi adət və ənənələrini dərindən öyrənilməsi üçün şənliklər keçirir və milli güləş, ox atma, qılınc oynatma yarışları keçirilir. Qeyd etdiyimiz kimi Şor türkləri ilə bağlı geniş araşdırmalar aparan Radlov şorların şifahi xalq ədəbiyyatını özünün “ Aus Sibiren “, “ proben “ əsərlərində bir araya gətirmişdir. O, həmçin bu əsərlərində şorların adətləri ilə də bağlı bilgilər verir. N. P. Direnkovanın 1940-cı ildə yayınladığı “ Şorskiy Folklor “ adlı əsərində şorların foklorları haqqında ümumi məlumatlar verir. Babuşkin isə Şor türklərinin nağıllarını bir arada toplamış və yayınlamışdı. 1989-cu ildə isə Çudaykova Şor nağıllarını və əfsanələrini bir arada toplamış yayınlamışdır. Qeyd edək ki, bu əsərlər şor türklərinin folklorlarının öyrənilməsində çox mühim qaynaqlardır. Son dövrlərdə Türkiyədə də Şor türkləri ilə bağlı dərin araşdırmalar aparılır. Belə ki, Mətin Ərgün Şor qəhrəmanlıq dastanlarını bir araya toplayaraq onları 2006-cı ildə “ Şor Qəhrəmanlıq Dastanları “ adlı kitab yayınlamışdır. Əsərdə 15 dastan mətninə yer verilir.
Nəticə
Göründüyü kimi Şor türkləri zəngin folklor və xalq yaradıcılığına sahibdilər. Lakin, onların adət və ənənələrini, folklorlarını əsasən rus mütəxəssislər tədqiq etmiş və dünyaya çatdırmışlar. Ancaq, hər fürsətdə türklərin gəlmə olduğunu və Sibir və Altay xalqının türkləşdiyini təkrarlayan ruslar bu mədəniyyət nümunələrini saxtalaşdırıb dünyaya təqdim edə, yaxud özününküləşdirə bilər. Son dövrlərdə Türkiyədə digər türk xalqlarının folklorlarının öyrənilməsi sahəsində müəyyən işlər görülsə də, digər müstəqil Türk dövlətləri də bu sahə üzərində işləməlidir. Dəyərləimizə və soydaşlarımıza sahib çıxaq. Mustafa Kamal Aatatürkün dediyi kimi: Nə mutlu Türkəm deyənə!
YAZAR: Nağı Nağıoğlu