Uzaq durmalı olduğumuz 7 insan tipi
Həyatımızda ən önəmli olan zamanımızın çox hissəsini ətrafımızdakı insanlarla söhbət etməklə və ya bu və digər münasibət qurmaqla keçiririk. Yaxşı, bəs bir ev alan zaman 40 dəfə düşünən, yaxud da maşınımıza doldurduğumuz yanacağın keyfiyyətini dəfələrlə ölçən bizlər ətrafımızdakı insanları necə düzgün seçə bilirikmi !?
Bir neçə tip insan var ki, onları sizə anlatma gərəyi duydum.
1.Tənbəl və miskin insanlar- Bənd olaraq çox həssas bənddir. Çünki həyatını işləmək, çalışmaq, kəşf etmək sütunun üzərində quran insanlar tənbəlliyi heç cür qəbul edə bilmirlər. Fikrimcə tənbəllik dövrümüzün ən böyük xəstəliklərindən biridir.Tənbəl insanlar oxuduqlarından heç bir şey anlamayan zərərsiz zərərlilərdir. Ətrafdakılara faydaları bir kənara qalsın , heç özlərinə belə fayda vermirlər. Yaxşı necə mi fayda vermirlər!?
Tutalım siz tər içində nəyisə, hansısa işi etməyə çalışırsınız, onlar isə bir klaviaturanın başında gündüzü gecə edərlər, amma söz iş görməyə gələndə sizi elə gözəl günahkar edərlər ki, ruhları belə inciməz. Əslində bizim aşiq olduğumuz xəyalları onlar qurmağa qorxarlar. Bu xarakterdə bir insan sizə yaxınlaşmağa çalışarsa , yaxud da sizə gəlib “bu qədər işləyirsən, çalışırsan, yoruldun artıq, dünyanı sənmi xilas edəcəksən” deyərsə bu cümləni ona xatırladın. “Öləndə onsuzda bol-bol dincələcəyik”
2.Dedi-qodu edənlər- Bəzi insanlar həyatlarına dair heç bir şey, anladacaq heç nəyləri olmadıqları üçün başqalarının həyatına nüfuz etməyə çalışarlar. Unutmayaq ki, dedi- qodu başqalarının arxasınca danışmaq və əmin olmadığımız səbəblərə görə onları günahlandırmaqdır. Dedi-qoducular dəyərli insan olduqlarını göstərməyə çalışırlar. Lakin siz onlardan uzaq olub dəyərlərini bildirin. Bir söhbətdə fitnə-fəsad, dedi-qodu qoxusu gəldiyi an söhbəti sonlandırın, özünüzə hakim olmağı bacarın, dedi qodusu edilən şəxs sizə əvvəl nəsə etmiş olsa belə…
3.Öz dərdlərindən danışıb sizi dərdləndirənlər- Həyatımızın hər hansısa bir anını nəyinsə mücadiləsini verərkən keçiririk. Doğrusu isə budur ki, həyatda heç bir zaman ” aha ,oldu”, ” heç bir problem yoxdur” ,”hər şey istədiyim kimidir” vəziyyəti heç zaman olmur. Bu bəzən bir ev tapa bilməyib, küçədə yatmaq da ola bilər yaxud da dəniz mənzərəli evdə oturub yan binadakı tikinti səsindən yata bilməmək də.Onsuz da insanı insan edən bu dərdləri, problemləri həll edə bilmə çalişqanlığıdır. Həyatı dəyərli edən şey qarşılaşdığımız əngəllərə verdiyimiz qarsılıqlardır. Guya bütün dünyanın dərdin həll edib öz dərdlərini həll etməyə vaxtı qalmamış insanlardan bacardıqca kənar gəzək.
4.Pul-Sərvət aşiqləri- Əllərinə pul düşən zaman yollarından yayınıb, səhv istiqamətlərə addımlayanlara şamil olunur. Həyatında 1 ehtiyaci olanı, 1 kimsəsizi sevindirməmişkən maşının embleminə adının baş hərfini yazdıranlardan danışıram. O insanlar ki, yüksəlməyi hər səfərində pulla, maddiyyatla, var- dövlətlə ölçürlər. Daha yüksəlməyi qəlb gücü ilə olduğunun fərqinə belə varmırlar.
5.Məqsədsizlər- Həyat məqsədi olmayan insanlardan danışıram. O insanlar ki, çox danışırlar, həmdə lap çox, nə danışdıqlarının, danışıqlarının qarşı tərəfi yorub-yormamasının fərqinə belə varmırlar. Qeyd edim ki, bu tip insanlar özləri boş olduqları üçün ətrafdakı hamının belə olmasını istəyirlər.
6.Pessimistlər- Ətrafında baş verən bütün hadisələrə pis tərəfdən baxanlardan danışacam. Siz hansısa bir işi etməyə başlayanda onlar daim pisləməyə başlar, bir ölkəyə getmək istərsən yolundan döndərməyə çalışarlar. Həmin ölkədə baş verə biləcək ən pis hadisələri yada salmağa çalışarlar. Bir sözlə o qədər pessimist danışarlar ki, edəcəyin işləri onlara dediyinə peşiman olarsan.
7.Sizə dəyərsiz olduğunuzu hiss etdirməyə çalışanlar- Hər hansısa bir məsələdə sizi bacarıqsız olduğunuzu isbat etməyə çalışanlarlardan danışacam. Nəsə deyəndə “sən bacarmazsan” deyə qarşılıq verib, insanı ruhdan salan, özgüvənin öldürən insanlardır. Nə qədər uzaq olsanız uğurlarınız bir o qədər bol olar.
Sonda isə bunu demək istəyirəm ki, sizə yaxşı gələn, sizi yaxşı hiss etdirən insanlarla ünsiyyətdə olmağınız sizin uğurunuz üçün böyük addım olar.
Hikmet Anıl Öztekin yazılarından qismən istifadə edilmişdir.
Sevgilərlə…❤️
YAZAR: Türkan Mürsəl