Uşaqların yaradıcılığı

Uşaqlar bizim gələcəyimizdir. Onları necə yetişdirmək isə, valideynlərə aiddir. Əvvəlcə bunu qeyd etmək istəyirəm ki, yaxşı övlad istəyirsinizsə, yaxşı valideyn olmalısınız. Tərbiyəli övlad istəyirsinizsə, ona tərbiyənin nə olduğunu göstərməlisiniz. Yaratdığınız obraz uşağınızın götürəcəyi və öyrənəcəyi canlı nümunədir. Yəni uşağınızda səhv hərəkət görsəniz, danlamazdan öncə özünüzə nəzər  yetirməlisiniz.
Belə bir söz var: “Filosofla danışmaq istəyirsənsə uşaqla söhbət et”. Bu sözün mənası böyükdür. Uşaqların düşüncələri,fikirləri o qədər yaradıcıdır ki, bəzən onların ağlına gələn, böyüklərin ağlına gəlmir. Onlar ətrafındakı hər şeyi o qədər rəngarəng və fərqli görürlər ki, bu onların düşüncələrinə yansıyır.
Yaradıcılıq , olmayan bir şeyi xəyal edib, nəzərdə tutulanı başqalarından fərqli yolla edə bilmək və yeni fikirlər yaratmaq qabiliyyətidir. Daha doğrusu yaradıcılıq hər kəsin gördüyünü görüb, onunla bağlı fərqli yeni ideyalar fikirləşməkdir.
Yaradıcılıq, zehni fəaliyyətin ortaya çıxardığı fərqli bir qabiliyyətdir. Bu, insanların dünyaya gəldikləri andan onunla birgə yaranan bir xüsusiyyətdir. Hər insanda az və ya çox dərəcədə yaradıcılıq vardır. Elə alimlərimiz,ixtiraçılarımız var ki, kiçik yaşda oxumayan,nadinc, sözə baxmayan uşaqlar olmuş, böyüdükdə elmə çox böyük töhvələr vermişdirlər.
Bəzən insanın xəyal etdiyi bir fikir o qədər də məntiqli olmaya bilər amma sonra o fikrin yeni bir fikir olduğunu hiss edərsiniz.
Yaradıcılıq: 1.Yeni bir nəyisə yaratmaq bacarığı.
2. Zəka,düşüncə və xəyal gücündən istifadə edərək görülməyən yeni fərqliliyin ortaya çıxmasıdır. Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Rus psixoloqu S.L.Rubinşteyn “yaradıcılığa” belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub, ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».
Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir. Uşaqlarda təxəyyül, xəyal qurma bacarığı daha çox inkişaf etmişdir. Onlar adi oyun oynayarkən də öz yaradıcılıqlarından istifadə edirlər. Televizorda gördükləri obrazı fantastik düşüncələri ilə daha da dəyişdirir, özünküləşdirirlər.
Kiçik yaşlı uşaqlar,,xüsusilə də 3 yaşdan sonrakı dövrdə uşaqlarda ətraf-aləmə maraq daha da artır.Bu dövrdə onlar o qədər çox sual verirlər ki, bəzən böyüklər əsəbləşirlər. Amma bu, düzgün deyildir. Bu dövr uşağın təxəyyülünün inkişaf etdiyi bir zamandır. Ona görə də verilən bütün suallara  tam, aydın,dəqiq və əhatəli şəkildə cavab verilməlidir. Səhv və ya ötəri cavabları onlar doğru olaraq qəbul edəcəklər. Gələcəkdə şüuraltlarında qalan bu təhrif olunmuş fikir isə onların yaradıcılığına mənfi təsir göstərəcəkdir.
Uşaqlar yaradıcılığını nə qədər kiçik yaşlarından istifadə etməyə başlarlarsa, irəlidəki yaşlarında bu istedadlarından daha aktiv şəkildə istifadə edərək öz işində daha çox nailiyyətlər əldə edərlər.
Araşdırmalar göstərir ki, aşağıdakı müəyyən davranışların çox olması yaradıcılığın qüvvətli olduğunun göstəricisidir:

* Çox sual vermək;
* Qarşılaşdığı çətinliklərin çoxlu həll yollarını tapması;
* Yeni və maraqlı tapıntılar etmək;
* Öyrənməyi sevmək;
* Özünə güvənmək;
* Araşdırma;
* Çətinliklər qarşısında israrla davam etmək;
* Riskə getməyi sevmək;
Bu xüsusiyyətləri özündə birləşdirən uşaqlar öz fərqliliyi ilə seçilirlər.
Uşaqlarda yaradıcılıq fəaliyyətinin inkişafı mühitdən, ailədəki vəziyyətdən də çox asılıdır.Bəzi uşaqlara fikir versək görərik ki, özlərinə qapalıdırlar, sosiallaşmağı sevmirlər, ünsiyyət qurmaqdan çəkinirlər, tək qalmağı, tək oynamağı daha çox sevirlər. Belə uşaqların öz yaradıcı dünyası vardır. Bəzən bu tip özünəqapalı uşaqlarda rəsim çəkməyə, yap-boz oynamağa daha çox maraq olur. Tək qalar, öz yaradıcılıqlarını bu formada göstərərlər.
Qeyd etdiyimiz kimi uşaqların yaradıcılığının inkişafında ailənin rolu əvəzsizdir. Valideyinlər yaradıcılıq istəyən hər cür fikri dinləyərək dəstək verməli, yemək yeyərkən, ya da məktəbə gedərkən söylədiyi müxtəlif fikirləri və planları dinləməli, sonraya saxlamamalı və uşağı susdurmamalıdırlar. Əsas odur ki, bütün bunlara əvvəlcədən imkan verilsin. Çalışdıqca uşağınız sizinlə fikrini bölüşəndə işinizi kənara qoyub onu dinləyin, hətta əyləşin ki, övladınızla ünsiyyəti daha da səmimi edəsiniz. Onu dinləyərkən başınızla razılıq əlamətlərinizi bildirin ki, dinlənildiyini və fikirlərinin önəmsənildiyini hiss etsin.Yalnış bir fikir gördükdə isə onu yönləndirməyə çalışın.Ona dəstək olun.
Fərqli görmə texnikasından istifadə edin.  Məsələn, bir hekayə danışarkən yarıda kəsib, “hekayənin sonu necə ola bilər?” “Bəs sən bu cümlənin yerinə başqa hansı cümləni işlədərdin ? ” kimi suallarla hekayəyə fərqli baxış bucağından baxmasına kömək edin. Bu zaman həm də uşağınızın psixologiyasını öyrənmiş olacaqsınız.
Və ya etüd göstərin. Məsələn, bir çox artıq materiallardan istifadə edərək yeni nələrsə düzəltməsini ondan istəyin;  düymələr, kibrit çöpləri, düyü. Bunlarla bir karton ya da torpaq üzərində müxtəlif şeyləri düzəltməsinə təşviq edin. Nəticədə nə edirsə-etsin, ona deyinməyin, əksinə onu tərifləyin, həvəsləndirin. Uşaq önəmsənildiyini və anlaşıldığını görəndə sizə daha çox bağlı olacaq.
Uşaqların yaradıcılığını inkişaf etdirmək üçün ona rəsm çəkməsi üçün boyalar alın və ya hazır rəsimləri boyamaq üçün kitablar, klassik musiqi dinlətdirin, yap-boz, kubik-rubik kimi oyunlar alın. Uşaqlarınızla ayrıca bir vaxt təşkil edib, rollu oyunlar oynayın.
Qeyd edim ki, yaradıcılıq ,təxəyyülün inkişafı yalnız psixi və əqli cəhətdən sağlam uşaqlarda yaranmır. Məsələn, autizm sindromlu uşaqlarda da yaradıcılıq qabiliyyəti inkişaf edib.  Autizm sindromlu uşaqlarda yaradıcılıq qabiliyyətinin aşkarlanması üçün istifadə edilən reabilitasiya üsullarından, ölkəmizdə bu sahədə görülən işlərdən, fəaliyyət göstərən təcrübəli mütəxəssislərin uğurlu nəticələri olmuşdur.
Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır. Ən çox rast gəlinən təzahürü qarşısındakının gözünə baxmaqdan yayınmaq, ünsiyyətə qoşulmaqdan çəkinməkdir. Əslində onlarda ünsiyyətə girmək tələbatı var. Buna görə belə uşaqları ünsiyyətə daxil olmağa məcbur etmək, israrlı olmaq lazımdır. Uşaqlarda yaradıcı təxəyyülün inkişafı məktəbdəki biliklərdən daha vacibdir.Yaradıcı təxəyyül oyun oynayarkən daha çox inkişaf edir. Yaradıcı təxəyyülü inkişaf edən uşağın beyni, problemi güclü incələyə bilir və daha uyğun,məntiqli həll yolunu tapa bilir.
Yaradıcı təxəyyülü inkişaf etmiş uşaq öz fərqli düşüncəsi ilə hər zaman kollektivdə seçilir.Gələcək həyatında, iş sahəsində də bu düşüncə tərzi ona uğur gətirəcəkdir.
Hər şeyin təməli ailədən başlayır. Ailə nə qədər övladına dəstək və dayaq olarsa, uşaq o qədər özgüvənli olar. Valideynlərinin sevgisi ilə böyümüş uşaq hər zaman atacağı addımı seçə bilir. Valideynləri ilə səmimi, dost olan uşaq bütün fikirlərini ailəsi ilə bölüşə bilir. Valideyinlər bu məqama çox diqqət etməlidirlər. Övladınızla nə qədər dost olmağa çalışsanız o qədər həyat yolunda ona dəstək olmuş olarsınız. Onların fikirlərini diqqət və hörmətlə dinləmək isə, ən vacib məqamdır.

YAZAR: Mədinə Xəlilova

Həmçinin bax: Rütubətli və yarımrütubətli subtropik meşələr zonası

Həmçinin bax:https://tehsilim.org/yeni-elektron-xidmet-istifadeye-verilib/

Həmçinin bax:https://turaz.org/100-yasli-yapon-saati-zelzeleden-sonra-yeniden-islemeye-baslayib/