Uşaq yaş dövrünün psixologiyası
Uşaq yaş dövrünün psixologiyası və bu yaş dövrünün davranış normalarına düzgün yanaşma tərzi. Valideyn – uşaq münasibətlərinin düzgün təşkil olunma qanunauyğunluqları.
Uşaq psixologiyasının öyrənilməsi olduqca vacib bir məsələdir. Hətta indiki zaman üçün artıq bu bir təlabatdır. Uşaq ana bətnində formalaşdığı andan bəri psixoloji olaraq daima fərqli situasiyalara məruz qalır. Ananın yaşantısı, keçirdiyi hiss və həyəcanlar, olduğu stress vəziyyəti və ya tam əks bir vəziyyət ananın xoşbəxt olması, sevinci, rahatlığı və.s kimi proseslər artıq uşağın psixoloji olaraq inkişafının təməlini qoymuş olur. Digər tərəfdən uşağın dünyaya gəlməsi ilə psixoloji inkişafın başqa bir tərəfi meydana çıxır. Bu artıq uşağın doğulduğu andan etibarən ailədən və kənar şəxslərdən aldığı psixi təsirlərdən ibarətdir. Bu baxımdan mövzunu dərindən incələyək. İlk öncə qeyd edək ki, pis valideyn və eyni zamanda pis uşaq da yoxdur. Sadecə uşaq yetişdirmək mövzusunda keçmiş təcrübələrə əsaslanıb, bugünkü zamanın tələbini unudan, yanlış mövqelərə tutunan və bunun nəticəsində ən çox sevdiyi varlıq olan uşağında psixoloji olaraq xəsərlərə səbəb olan valideynlərimiz var təəssüf ki.
Bəs bugünki təcrübə valideyn- uşaq münasibətlərinin və uşaq psixologiyasının necə təşkil olunmasından yanadır? Valideynlərin bu baxımdan hansı addımlarının atılması normal uşaq psixologiyasını formalaşdırar?
Valideyn olaraq aşağıda göstərəcəyimiz münasibət tiplərinin tətbiqi uşaqların düzgün psixi inkişafı üçün olduqca vacibdir.
Bu baxımdan ilk qeyd edəcəyimiz münasibət tipi örnək olmaqdır. Bunu belə açıqlayaq: əgər valideyn telefonu əlindən düşürmürsə, kompüterdən başını qaldırmırsa, belə vəziyyətdə uşağını dinlədiyini zənn edir və uşaqla bu şəkildə oyun oynayırsa əlbəttə ki, bu uşaq üçün çox yanlış davranış tərzi olacaq. Digər günlər ərzində valideyn eyni hərəkəti uşaqda görürsə bu zaman ondan şikayətlənməyə başlayır. Uşaqdan telefonu güclə almağa çalışır ki, bu da gələcəkdə uşağın aqressiyalı formalaşmasına səbəb olur. Bu baxımdan uşağa düzgün şəkildə örnək olmaq çox vacib davranış tərzidir.
İkinci qeyd edəcəyimiz münasibət tipi uşağa şəxsiyyət kimi yanaşılması və ona seçim haqqının tanınmasıdır. İlk öncə hər bir valideyn uşağın bir şəxsiyyət olduğunu qəbul etməli və uşağa şəxsiyyət kimi yanaşmalıdır ki, uşaq da önəmli olduğunu, fikirlərinin dinlənildiyini və qiymətli olduğunu hiss etsin. Bu tərz bir münasibət uşağın cəmiyyətdə öz mövqeyini asanlıqla qazanmasına, bu mövqeyini qorumasına, eyni zamanda insanlarla keyfiyyətli, rahat ünsiyyət qurmasına doğru atılan vacib bir addımdır. Bunun üçün nə etməliyik?
Uşağa seçim haqqını tanımaq. Məsələn: “Bu gün geyinəcəyin paltara birlikdə qərar verəkmi ? ” deməklə uşağa: “geyinəcəyin paltarını özün seçə bilərsən” siqnalını ötürmüş oluruq. Digər bir misal: tutaq ki, mağazaya getmisiniz və uşağınıza qida almalısınız. Bu zaman uşaq ziyanlı olacaq qidanı istəyir. Siz məsləhət bildiyiniz iki seçimi götürə bilər və “bunlardan hansını alaq” deyə uşağın fikrini öyrənə bilərsiniz. Bu zaman həm bütün mağazanı onun ixtiyarına buraxıb, həddindən artıq sərbəstlik verməmiş olursunuz, həm də ona seçim haqqını verirsiniz. Bu yanaşmaya aid çoxlu misallar gətirmək olar. Belə şəkildə həm uşağın fikirlərini öyrənmiş oluruq, həm də ona seçim haqqı verərək qərarlarını özünün almasına imkan yaradırıq. Sübut olunub ki, qərarlarını özü alan şəxs daha məsuliyyətli olur. Doğru qərar üçün hər cəhətdən hərşeyi ölçüb-biçir. Çünki səhv edəcəyi təqdirdə günahlandıracağı kimsə olmur. Buna görə də uşaqlara şəxsiyyət kimi yanaşılma və seçim haqqını tanımaq sağlam cəmiyyət üçün olduqca önəmlidir.
Üçüncü qeyd edəcəyimiz münasibət tipi oyun və keyfiyyətli zaman keçirmək, keyfiyyətli ünsiyyət qurmaqdır. Tv, tablet, internet, ağıllı telefonlar v.s çox güclü bir şəkildə uşağın gününün əksər hissəsini işğal edir. Bunları uşağın əlindən aldıqda bir şeyə diqqət yetirməliyik ki, həmin məşğuliyyətləri uşağın maraq dairəsində olan oyunlarla əvəz edə bilək və bu baxımdan da uşaq psixoloji travma almasın. Yadda saxlamaq lazımdır ki, uşaqlar oyunlarla böyüyür, inkişaf edir və həmin oyunlar sayəsində onlarda müəyyən hadisələr haqqında düşüncə formalaşır. Bu oyunlara valideynlərin qoşulması uşaqlar üçün əhəmiyyətli bir addımdır. Bütün bunlarla bərabər uşağı internet aləmindən tam uzaqlaşdırmaq da olmaz. Bildiyimiz kimi əsrimiz kompüter əsridir və uşaq bunları da bilməlidir.
Dördüncü qeyd edəcəyimiz münasibət tipi uşaqlara verdiyimiz internet resurslarına nəzarət etmək və bu baxımdan onlara rəhbərlik etməkdir. Artıq dünyanın irəliləmiş ölkələrində bu baxımdan fərqli yol izlənilir. Belə ki, uşaqlara internetin, kompüterin qadağan olunması yerinə həmin platformlardan düzgün istifadə üçün proqramlar öyrədilir. Bu baxımdan uşaqların inkişafı təmin olunur. Bunun ölkəmizə tətbiqi olduqca müsbət nəticələrə yol aça bilər və belə bir sistemin tətbiqi üçün şərait yaradılması kompüter əsri üçün çox vacibdir.
Beləliklə biz uşaqların düzgün psixi inkişafı üçün nə kimi addımlar ata biləcəyimizi öyrəndik. Bəs bu psixi inkişafın zədələnməməsi üçün necə davranış normaları göstərməliyik bunu bilirik mi?
Hansı faktorlar uşaqlarda normal psixi inkişafa mənfi təsir göstərir? Bu baxımdan necə davranmamağın yolunu öyrənək.
Uşağı digər uşaqlarla müqayisə etmək. Çox zaman ailələr uşaqlarını digər uşaqlarla müqayisə etməyə meyilli olurlar. Bu davranış uşaq psixologiyasına mənfi təsir göstərən bir davranışdır. Belə münasibət zamanla uşağın özünü dəyərsiz və önəmsiz hiss etməsinə səbəb olur. Uşağın güvən duyğusuna zədələyici təsir göstərdiyi kimi də, onda narahatlığın, stressin artmasına gətirib çıxarır və uşaq özünü yetərsiz hiss ettiyi üçün, çox zaman müqayisə edildiyi uşaqla yarışmağa belə çalışmır. Çünki onu özündən dəyərli hesab edir və bu sahədə “mən bacarmaram” düşüncəsini ağlına yeridir. Bu tərzdə yetiştirilən uşağın gələcəkdə özgüvən problemi yaşaması qaçılmazdır.
Uşağın bir dediyinin iki edilməməsi. Bəzi ailələrdə qanun, disiplin yoxdur və uşağın hər dediyini edirlər. Bunun nəticəsində uşaq özünü o ailədə, nə qədər kobud səslənsə də, hər dediyi edilən bir ağa kimi sayaraq, “Mən” mərkəzli davranışlar sərgiləməyə başlayır. Bu şərait altın da, uşağın məsuliyyət duyğusu azalır və zaman içində ona məsuliyyətli olmaq çətin gəlir. Çünki hər dediyi şey edilmişdir. Eyni zamanda paylaşmağı bilmədikləri üçün həmin uşaqların dost çevrəsi qazanması da olduqca çətin olur. Hər istədiyi edilən uşaq özünə yaşam məqsədi qoymaz və hər zaman doyumsuzluq yaşayar. Özünə qanun tələb edilmədiyi yerdən gəldiyi üçün də, qanunlara əməl etmək ona çətin gələr və bu baxımdan hər zaman problem yaşayar.
Uşağın kənar şəxslərin yanında, həmçinin təklikdə təhqir edilməsi və şəxsiyyətinin alçaldılması. Bu bir valideynin uşağına edə biləcəyi ən böyük pislikdir deyərdim. Bu baxımdan qeyd edək ki, uşaq beyninin düşüncə tərzi inkişaf dərəcəsinə görə yetişkin insan beyninin düşüncə tərzindən əlbətdə ki, tam təşəkkül tapmamasına görə fərqlənir. Belə olan halda bizim indiki düşüncə tərzimizə görə uşaq yaşına və həmin dövrədə uşaqlara alçaldıcı yanaşmamız düzgün deyildir. Uşağın hər hansısa hərəkətinə görə pis davranışa, təhqirə məruz qalması və bunun xüsusilə də cəmiyyət arasında edilməsi yol verilməz bir haldır. Biz belə davranışımızla uşaqda qorxu, stress, cəmiyyət arasında utancaqlıq, fikrini düzgün ifadə edə bilməmək və digər fərqli komplekslər yaratmış oluruq.
Uşağa söz verib, bu sözün tutulmaması. Əvvəldə də, qeyd etdiyimiz kimi uşaqlar hər bir davranış normalarında valideynlərini örnək alırlar. Belə ki, əgər valideyn uşağa söz verib, bu sözünün üstündə durmursa və ya uşağı həmin anda çox kobud səslənsə də, işi olduğu üçün yola verirsə bu zaman uşaqda “ hər verilən söz tutulmaya bilər və bu barədə yalan normaldır” kimi düşüncə tərzi formalaşır və biz bu davranışımızla uşaq beynində inamsızlığın və yalanın təməlini qoymuş oluruq.
Uşağın suallarına cavab verməmək. Düşünün ki, heç bilmədiyiniz bir ölkəyə düşmüsünüz və bələdçi ilə gəzirsiniz. Təbii ki, bilmədiyiniz bir şey haqqında bələdçidən məlumat alarsınız. Uşaqları da eyni şəkildə düşünüb, onlar üçün hər şeyin yeni olduğunu dərk etməli və onlara bu barədə bələdçilik, rəhbərlik etməliyik. Onların sualları çox ola bilər, amma onlara qarşı səbrlə yanaşmaq, suallarını cavablamaq və bu barədə onları tətmin etmək lazımdır.
Uşaqlara zaman ayırmamaq. Günümüzdə hər iki valideynin çətin şərtlər altında çalışması, zamanın məhdudluğu və bir sıra təsirlər uşaqlara zaman ayırmağın önünə keçir. Bəzən valideynlər gün içində “dərslərini oxudunmu?” , “yeməyini yedinmi?”, “ dişlərini fırçaladınmı?” və.s kimi sözlərlə uşaqları ilə maraqlandığını düşünürlər. Amma bu sadecə uşağın ettikləri ilə maraqlanmaqdır. Gün daxilində az da olsa uşağa zaman ayırıb, gününün necə keçdiyini, necə hiss ettiyini soruşmaq olduqca önəmlidir. Bu uşağın şüuraltına “ mənim üçün dəyərlisən və zamanımın məhdudluğunda belə sənə zaman ayırmaq mənim üçün önəmlidir ” mesajinı veririk və bu davranış uşağın özgüvəninin formalaşmasında çox önəmli bir davranışdır.
Beləcə biz bu yazıda uşaq psixologiyasında valideyn- uşaq münasibətlərinin önəmini öyrənib və bu baxımdan düzgün davranış normaları ilə yaxından tanış olmuş olduq. Unutmayaq ki, uşaq psixologiyası çox həssasdır. Buna görə də, valideynlər uşaqlarına səbrlə yanaşıb, onları dinləməli, anlamalı və onlara düzgün nümunə olmalıdırlar. Hər bir uşaq gələcəyin bir ailə üzvüdür və onlara nə veririksə eynisini cəmiyyətə və gələcəkdə qurduğu ailəyə ötürür.Bu baxımdan anlayış və insani münasibət ən qiymətli mirasdır.Sağlıqla qalın. Sağlam həyatlar.
Psixoloq: Rzazadə Səbinə.
Həmçinin bax Yeniyetməlik yaş dövrünün psixoloji xarakteristikası və xüsusiyyətləri.