Ümumdünya Sülh Günü

Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh!
Bu söz ana sözü kimi sadə, həyat sözü kimi şirin, azadlıq sözü kimi əzəmətli və yüksəkdir. Yaşayıb-yaratmaq, xalqın maddi və mənəvi sərvətlərini artırmaq, namuslu zəhmətinin bəhrəsini nəsillərə yadigar qoymaq – nəcib insan arzusu, şərəfli insan duyğusu, adi insan borcudur. Lakin insan səadətinə düşmən olan, adını ləkələyən bir qrup insanlar dünyanı yeni müharibələrlə, qanlı dalğalarla çalxalamaq istəyirlər. Onlar milyonların həyatı bahasına mənfəət, qan bahasına mənfəət, göz yaşları, iniltilər, iztirablar, fəryad bahasına mənfəət, qazanc istəyirlər. Onlar insan səadətinə düşmən, insan sevincinə yad , gözəl insan arzusunun amansız yağısıdırlar. Bu gün-21 sentyabr insanlığın, azadlığın bayramıdır – Beynəlxalq Sülh Günüdür. 1981 -ci ildə BMT Baş Assambleyası Beynəlxalq Sülh gününü qlobal atəşkəs bir gün kimi təsis edib. Bununla da BMT bütün xalqları həmin gün atəşkəsə əməl etməyə çağırıb. 2002 – ci ildə BMT Baş Assambleyası 21 sentyabrı Beynəlxalq Sülh – yəni atəşkəs günü elan edib. 20 – ci əsrin sonlarından müstəqilliyə qədəm qoysaq da, Azərbaycan xalqı azad, demokratik yol ilə irəliləyərək bütün dövlətlər və xalqlarla sülh və dostluq şəraitində yaşayır. NATO, BMT, ATƏT və s. kimi təşkilatlar dünyada sülhü nizama salmaq, dünya müharibələrinin qarşısını almaq üçün beynəlxalq sülhsevər təşkilat olaraq yaradılmışdı. Ancaq, dünyada tam sakitliyi heç nə ilə bərqərar etmək olmayıb. Təəssüf ki, dünyanın ən sülhsevər və tolerant xalqı illər boyunca erməni təcavüzünə məruz qalıb. İllərlə Azərbaycanda müxtəlif vaxtlarda münaqişələr olmuş, dinc əhali amansızlıqla qətlə yetirilmişdi. Keçən əsrdə qarşılaşdığımız 1918- ci il mart soyqırımı və 1992 – ci il Xocalı faciəsi tariximizin qanlı səhifələrindən biridir. Tarix boyu aqil adamlar topla, silahla deyil, elm və zəka ilə silahlanmağı üstün tutmuşlar. Bu şəxslərdən biri olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993 – cü ildə hakimiyyətə gəldiyi zaman sülh yolunda atəşkəsə nail olmuşdur. NATO–nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunsa da, buna birtərəfli qaydada əməl edilir. Ermənistan nəinki atəşkəsə əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozur. Bu isə nüfuzlu beynəlxalq
təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı siyasətə kölgə salır, onlara inamı azaldır. 2000-2010-cu illər isə Prezidentin fərmanı ilə “Sülh-Mədəniyyət ili” kimi elan edilmişdir. Dövrümüzün uşaq və yeniyetmələrini qan tökmək, əzab vermək, zorakılıq prinsipləri ilə deyil, qayğı və sevgi ilə böyüdərək, onları sülhsevərlik prinsipləri ilə tərbiyə etmək lazımdır. Onlarla söhbət zamanı düşmən məkrindən, müharibə zamanı günahsız uşaqların öldürülməsi, minlərlə insanın yurd-yuvasından qaçqın düşməsi haqda danışmaq lazımdır. Bu gün sülh şəraitində yaşasaq da, nə vaxtsa, o torpaqlara qayıda bilməyimiz üçün, Vətəni qorumaq üçün onlar özlərini sabaha hazırlamalıdır.
Sülhün carçıları gələcəyimiz olan uşaqlardır. Sülh! Bu sözün dəyərini, bəlkə də, hər birimiz anlamırıq, lakin düşünməyə dəyər. Biz bu dünyada yaşayırıq, onun bizə bəxş etdikləri ilə qidalanır, gözəllikləri ilə həyatımızı rəngarəng edirik, lakin təşəkkür olaraq əvəzində ona nə bəxş edirik?! Məncə, bir düşünək…

İçimizdə olan insanlıq və bəşəri sevgini əməllərimizlə üzə çıxaraq. O zaman dünya, həqiqətən, yaşanmalı və gözəl olacaq!!!

YAZAR: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Düşüncə xətaları

Həmçinin bax: https://turaz.org/muqedds-mudafie-iran-tehlukesizliyine-zemant-verir-maj-gen-bagheri/

Həmçinin bax: https://tehsilim.org/distant-tehsil-ve-elektron-platformalardan-resurslardan-istifade-imkanlari-telimin-qebul-elan-edir/