ÜMİD

Qarlı bir qış günü idi, Balaca qız bəyaz qarın üzərində buraxdığı ləpirləri izləyərək addımlayırdı. Yenə səssiz olan küçə ilə gəlirdi. Yaşıdları hər nə qədər bu küçəylə bağlı qorxunc əhvalatlar danışsalar da, deyilənlərin heç birinə inanmırdı İşıq. Döngədən burulmuşdu ki, eşitdiyi zingilti səsi ilə zümzüməsini yarıda qoydu və səksəkə ilə ətrafı gözdən keçirib səsin mənbəyini müəyyən etməyə çalışdı. Qar vecsiz insanlar tərəfindən atılmış qalaq-qalaq zibillərin belə üstünü örtmüş, sanki yer üzünü insanın çirkab dolu izlərindən təmizləmişdi. Kaş ki, həqiqətən belə olsaydı, axan yağış, yağan qar nə qədər gözoxşayıcı olsa da insanın günahlarını, etdiklərini təmizləməkdə acizdi. Birdən gözləri xəfif qan damlalarından yaranan xətti izlədi, onu gözləyəcək faciəli mənzərə olduğunu bilir, buna görə də ayaqlarını sürüyərək hərəkət etdirirdi. Nəhayət qanlarla əhatə olunmuş qaraltını tanıya bildi.
Gördüyü mənzərə qarşısında ayaqda dayanacaq halı qalmadı balaca qızın. İnsanlığını itirmiş soyundan nifrət edirdi, sanki onların günahına şərikmiş kimi dizlərinin üzərinə çökdü. Ölmüşdü it. Və ən dəhşətlisi də anasına sıxılıb ölən balalar idi. Don vurmuşdu balaları. Hönkürtü ilə ağlarkən səhərki görüntü bir lent kimi təkrar və təkrar gözlərinin önündə oynayıb dururdu.
Məktəbə gedərkən görmüşdü silahlı adamları. Aldıqlarının bir can olduğunu bilirmiydilər görəsən? O canı da onları da eyni Tanrının yaratdığını? Eləysə nə idi bu düşmənçiliyin səbəbi? Balaca varlığı beynində qasırğalar yaradan sualların qarşısında sarsılarkən eləcə izləmişdi, insanların bir qətliama səssiz şahidliklərini. Övladlarının əllərindən tutur, arxalarına alır, öz ağıllarıycabu tükürpədən mənzərəni görməsini əngəlləməyə çalışırdılar. Öldürülən o canlıların da balaları olduğu həqiqətini görməzdən gələrək. Bilmirdi hara qaçsın yazıq heyvancığazlar, girdikləri hər deşikdə tapırdı qatil güllələri bədənlərini. Bir it diqqətini çəkmişdi o an İşığın. Tərəddüt etmədənatmışdı özünü adamın önünə. Adam hirslə ona çəkilməsini bağırarkən yaralı it aradan çıxa bilmişdi. Qolundan çəkib onu aparmağa çalışan sinif yoldaşı ürküdücü baxışları qarşısında gözlərini qaçıraraq geri çəkilmişdi.
“Qatil” demişdi adamın ta gözlərininin içinə baxaraq, dediyi sözlərin öləndə belə adamın qulağında səslənəcəyini bilmədən getmişdi məktəbinə səssizcə.

Böyük ikimərtəbəli boz tikilinin zirzibillə bəzənmiş ərazisində iri daş qəlpələrinin birləşməsindən ortaya çıxan oyuq, bir yuva üçün ideal halda idi. Zavallı it də buranı güvənli bilmiş, özünə ev etmişdi. Amma bilmirdi ki, deyil insanın yaşadığı ərazi, bir dünya güvənli ola bilməz. Əllərinə bulaşmış qan lənətidir insanın, öz qanınına bulanması ilə sonlanan bir lənət.
Çantasını yerə atmış, eləcə oturmuşdu nə qədər zaman keçdiyini bilmədən. Birdən  məhz bu yerə gəlməsinə səbəb olan səs varlığını xatırlatmaq istərmişcəsinə təkrar duyuldu. Üşümüş əlləri ilə gözlərindən axan ilıq yaşları silib yuvanın içinə boylandı.
Bu zaman onu həm heyrətləndirib həm də sevindirən, bir cüt gözlə qarşılaşdı. Necə olmuşdu ki sağ qala bilmişdi? Qorxutmamağa çalışaraq səslədi balacanı. Nəhayət bütün bədəni ağ qara xallarla bəzənmiş küçük səngərdəyən addımlarla oyuğun  tam çıxışına gəlib ürkək qara gözlərini qızcığaza dikdi. Getməsinə izn vermədən cəld qucağına aldı küçüyü İşıq. Balacanı boynundan çıxardığı şərifə bükdükdən sonra sürətli addımlarla yola düşdü. Evdə xoş qarşılanmayacağını bilir, kiçik ağlı ilə atasının verəcəyi reaksiyanı təxmin etməyə çalışır, təxmin etdikcə balaca ürəyini əsməcə bürüsə də qollarının arasında daşıdığı canın verdiyi huzurla özünü ovudurdu. Ümid qoymuşdu küçüyün adını. 6 qardaşının içində bir o sağ qalmağı bacarmış, balaca pəncələri ilə sımsıx tutunmuşdu həyata. Darvazalarının önündəki maşını görməsi ilə qonaqları gəldiyini anlamış, özünü daha güvəndə hiss etmişdi. İçəri girməsi ilə bibisinin “Oy, o əlindəki nədir?”-deyə yüksələn səsi evdəkilərin çölə çıxmasına səbəb olmuşdu. Atasının bərələn gözləri qarşısında titrəyərkən “Gətirməsəydim öləcəkdi”-deyə məsumca müdafiə etmişdi özünü. Balaca bibisinin hadisəyə əl atması ilə həyətdə köhnə şkafın içində yuva hazırlaması yarım saatını almışdı. Hər nə qədər atası baxmaqla keçsə də, uğrayacağı qəzəb fırtınasını hiss edirmiş kimi tİkan üstündə idi qızcığaz.Bu müddət ərzində hər kəs öz işinə qayıtmışdı. Nənəsinin bişirdiyi şorbaya çörək doğramış, qabda balanın önünə qoysa da yemək bilmirdi ki, bilmirdi. Anlamırdı İşıq, onun anasının südü ilə bəsləndiyi bir dövrdə olduğunu.Pəncələrini önə uzadaraq uzanmış balaca Ümid kədərli gözlərini gözlərinə dikərək zingildıyir, görəsən nə deyirdi öz dilində? Bəlkə də insanların anlaya bilmədiyi,anasının laylası idi zümzümə etdiyi, bizim isə zingilti olaraq qavradığımız. Diqqətini necə balacaya vermişdisə İşıq, “Gəl yemək ye”- deyə evdən gələn səslənişləri də, yanında əzrayıltək peyda olan atasının də fərqində deyildi. Bir onu bildi ki, kimsə qartaltək üstünə şığıyıb saçlarından tutub onu sürüyür. “Ana”-deyə ağzından bir nalə qopdu İşığın. Əgər anası olsa idi, nəyin bahasına olursa olsun, onu zərif qollarının arasına alar, hər kəsdən və hər şeydən qoruyardı, lazım gələrsə canı bahasına. Amma indi o qaranlıq və soyuq dolu məzarda yatır, kim bilir bəlkə də can yarısının nalə dolu səslənişini duyub sümükləri gizildəyirdi. Gözləri qaralır, qulağı guppuldayırdı balaca qızın. Qırıq-qırıq atasının, təhdid və təhqir dolu bağırışıları qulaqlarına dolur, niyə döyüldüyünü anlamağa çalışırdı. Saçlarının yolunması, kiçik bədəninə, balaca üzünə enən zərbələr azmış kimi, başını divara vurub bağırırı İşığa “Mənə cavab ver”-deyə. Nəyin cavabını istəyirdi bu Allahsız? Nəyin hesabın soruşurdu? Bir canı qurtarmışdı bu idimi günahı? Başının təkrar divara vurulması ilə “öləcəkdi”-dedi, hıçqırıqları danışmasına mane olduğundan ikinci dəfə deməyə çalışdı. Bəlkə anlar deyə. “Ölməsini istəmədim.”-deyə bu dəfə yüksək səslə ağlamağa başladı. Qapının qırılması ilə içəri girdi əmisi. İçəridəkilər zəng edib çağırmış olmalı idilər. Dəyəcək növbəti zərbənin qarşısını aldı. “Kişiliyi, atalığı qoyuram bir kənara, adamlığın bu qədərdi sənin?
“Allah bunu vursun elə.” Deyib tüpürüb getdi uşağının üzünə. Üzünə tüpürüləcək minlərlə insan varkən elə məhz onlardan birinin məsum uşağa bunu etməsi qədər ironik nə ola bilərdi? Sözlər, zərbələr ya, etdiyi son hərəkət? Hansı daha çox incitmişdi balaca İşığı? Yoxsa əsil incidici olan bu utanc verici hadisəyə başqalarının şahidlik etməsi idi?
“O qədər pis birisən ki, bir gün öz pisliyində öləcəksən və o iyrənc nəşinə bir nəfər belə yaxın gəlməyəcək.” Gəlinbacısının səsi idi dəhlizdən gələn o hökmlü səs.
Əmisi incitməməyə çalışaraq onu qucağına alaraq evdən çıxdıqdan sonra həyətdə fısıldaşan bibilərinin varlığını hiss etdi. “Ümid”-deyib əmisinin çiyinlərinə toxundu. Əmisi anlamazca gözlərinə baxarkən çöldən içəri boylanan gəlinbacısı güvən verən səsi ilə “Burda”- deyə cavabladı.
Əmisinin güvən verən qollarında bu günə kimi evi olan yerdən ayrılarkən gözləri son dəfə az öncə qəzəb şimşəklərinin çaxdığı, indi isə fırtınadan sonrakı xarabanı xatırladan gözlərə baxdı. Və bir daha heç görmədi. Maşında səssizlik hökm sürərkən soruşdu yorğunca.
-Əmi,anam məni sevirdi?
-Hə, əlbəttə ki
-Bəs niyə məni tək qoydu?
-Bəzi şeylər bizim istəyimiz xaricində baş verir, İşıq. Dərindən köksünü ötürən Ayla az öncə yaşananların şokunu hələ də ata bilməmişkən, bu tramvaları balaca qızcığaza necə unutduracağını düşünürdü.
-Bəs sən məni sevirsən?-deyə soruşdu bu dəfə yanına qısılmış Ümidi sığallamağa davam edərkən.
“Səni sevməmək”-deyə başladığı cümləsini pərt olmuş halda yarıda qoydu əmisi. “Mümkün deyil” deyəcəkdi. İşıq çox ağıllı qız idi, zəkasını işıl-işıl parlayan gözlərindən bilmək olurdu. Bəs ondan soruşmazmıydı ki, məni niyə aldadırsan? O zaman atam niyə məni sevmir deyə? Sevirmiydi ki, görəsən qardaşı bircə azcıq da olsa qanından olan bu qızcığazı? Hansı sevən ata bunu uşağına edərdi?
Güzgüdən ona cavab istərcəsinə baxan ağıllı gözlərə gülümsəməyə çalışdı.
-Sevirəm, İşıq həm də çox.
-“Yalançı”

Çiyinlərini inamsızca oynadıb gözlərini pəncərədən görünən, axıb getməkdə olan yola dikdi.
“Əgər məni sevsə idin bir daha ona qaytarmazdın”
“Qaytaracağımızı kim dedi?”-Arxaya dönüb cəld cavabladı Ayla.
Qızcığazın qaşları heyrətlə qalxarkən, Aylanın üzündəki kədərli gülümsəmə böyüdü,

-Artıq bizim qızımızsan, heç kim sənə zərər verə bilməz, cəhd edən də qarşısında bizi tapar.

Əmisi-İlqar minnətlə baxdı Aylanın gözlərinə. Sevdiyi adamı necə böyük ağırlıqdan qurtardığının fərqində, yanındaymışam deyərmiş kimi tutdu həyat yoldaşının əlindən.
Bir neçə ay sonra yüksək dozda narkotik qəbulundan öldü İşığın atası. Ölümü kimsəni təəccübləndirməzkən, üzüntüdən çox təəssüf duyulurdu onun üçün. Yaşamağı, insanlığı dadmadan yaşayan birinə başqa nə duya bilərsən ki?   İşıq isə iti Ümid ilə əmisinin onun üçün yaratdığı sevgi dolu dünyada dinclikiçində böyüməyə davam etdi.

YAZAR: Ləman Abas