Ülviyyə

15 aprel-Dünya İncəsənət Günü yaxınlaşırdı. Bu münasibətlə 9A sinif şagirdlərinə hər hansı bir rəsm əsərini seçib onu sinfin qarşısında təqdim etmələri tapşırılmışdı. Çoxları üçün bir həftə bu tapşırıq üçün yetərincə uzun görünürdü. Ülviyyə isə o gündən çox fikirli idi. Ona görə ki, Ülviyyənin nəzərində bu tapşırıq üçün bir həftə çox az idi.  O, hansı əsəri seçməli idi? Hər halda o bildiklərini ən yaxşı səviyyədə göstərmək istəyirdi. Görünür, aktyor bir atanın qızı olmaq onu incəsənət ilə sıx bağlamışdı. Amma o, aktyorluq sənətindən daha çox rəsmə və qismən də heykəltəraşlığa meyilli idi. O, hələ bilmirdi ki, bu maraq bir ömür boyu onu incəsənətlə bağlayacaq. Valideynləri çox istəsələr də, tale Ülviyyəni aktyoluğa yönəltməyəcəkdi. Onu da deyim ki, ondan çox gözəl aktrisa olardı. Görünüşcə yaşıdlarından cılız idi, qarayanız bənizi, uzun və düz saçları, iri gözləri var idi. İri gözlərinin içi həmişə parıldayardı, sanki, gülərdi.  Səsi ilə hamını, elə bil, ovsunlayırdı. Hazırcavablığı, mehribanlığı və hamıya hiss etdirdiyi hərarətli qəlbi ilə onu yaddan çıxartmaq çətin idi. Uşaq yaşlarından gəncliyin ən qızğın vaxtlarına məxsus həyəcanlı və coşqun təbiəti var idi. Balaca bir bədəndə belə güclü ürəyə hər zaman rast gəlmək olmaz.

Tapşırığı eşidən kimi ağlına birinci Mikelancelonun “Adəmin yaradılması” əsəri gəlmişdi. O, bu əsəri ilk görəndə gözlərini ağ saç-saqqallı, güclü bədəni ilə diqqəticəlb edən qocadan – tanrıdan çəkə bilməmişdi. Elə lüt Adəm də onun diqqətini az cəlb etməmişdi. Bu həm də Ülviyyəni bir az utandırmışdı. O oxumuşdu ki, orada hələ Adəm canlı deyil, canlanmaq üçün tanrının ona toxunmasını gözləyir. Təsəvvür edin, Adəm hələ tam diri deyil və olduğu cənnət də solğundur. Bütün cənnət məna qazanmaq üçün Adəmə ehtiyac duyur. Ülviyyə üçün bu heyrətamiz bir şey idi. Məhz cənnətin insansız sıxıcı olması fikri onda insana məhəbbətdən daha çox, vurğunluq yaratmışdı. Amma bu vurğunluq başqalarından daha çox özünə idi. Əllərin toxunurcasına yaxınlaşması, ancaq elə oradaca donub qalmaları Ülviyyəni heyrətləndirir, səbirsizləşdirir və bir az qıcıqlandırırdı. O, həmin toxunuş anını – dirilməni görmək istəyirdi. Ancaq uzun müddət baxdıqdan sonra bunun əbəs olduğunu anladı. Ancaq hər bir tərəfi bir fəlsəfə, gözəllik olan bu əsəri sinfin və müəllimin qabağında təqdim etmək asan deyildi. Hər halda lüt oğlanın açıq nümayişi 9-cu sinif uşaqları üçün olduqca gözlənilməz olacaqdı.

Növbəti gün Ülviyyə ancaq Leonarda da Vinçinin  məşhur “Sonuncu şam yeməyi” əsəri haqqında fikirləşirdi. Aydın idi ki, uşaqlar “Mona Liza”nı daha çox tanıyırdılar. Ancaq belə tanınan əsər Ülviyyənin bir neçə illik böyük əzmlə öyrəndiklərini bəsit göstərə bilərdi. Ülviyyə isə bunu istəmirdi, axı hamıdan fərqlənmək onun arzusu idi. Hamıdan çox araşdırıb, hamıdan daha gözəl təqdimata sahib olmaq, müəllimin “afərin, yaxşı çalışmısan” söyləməsi ona bütün yorğunluğu unutdura bilərdi. Ancaq, görəsən, uşaqlar onu başa düşə biləcəklərdimi? İsa peyğəmbərin həvarilərinə “biri bizə xəyanət edəcək” dediyi zaman həvarilərin üzlərindəki təəccüb sinif uşaqlarını Ülviyyə qədər həyəcanlandıracaqdımı? İsanın yaxın dostu olan Pyotrun əlindəki xəncər ilə xaini öldürməyə hazır olması – bu təslimiyyət hamının qəlbinin dərinliklərinə toxuna biləcəkdimi? Tarixin ən böyük xəyanəti 9-cu sinif şagirdləri tərəfindən lazımi dərəcədə qiymətləndirilə biləcəkdimi? Ülviyyə düşünürdü ki, yox. Onda başqa bir əsər düşünmək və seçmək lazım idi. Bəs, hansı əsər?

Növbəti gündə ağlın dar yollarından keçmək üçün nəzərdə tutulan əsər Salvador Dalinin “Yaddaşın əzmi ” (Əriyən saatlar) əsəri idi. Salvador Dalinin ən az uzun bığları qədər məşhur olan bu əsər zamanın nə qədər vacib və həssas olduğunu göstərən nadir incilərdəndi. Ucsuz-bucaqsız səhrada, sanki, zaman donmuş, saniyələr öz əhəmiyyətini itirmişdi. Zamanın olmadığı şəraitdə ehtiyac duyulmayan saatlar ərimiş, məhv olmağa üz tutmuşdular. Ancaq bu nadir incəsənət incisi nədənsə qızın zehnində çox qalmadı. Ülviyyənin beyni onu çox sürətlə zehin “ələyində” ələdi.

Günlər keçirdi, ancaq əsər seçilməmişdi. Ülviyyənin yaşına xas olmayacaq qədər geniş və mürəkkəb zehni var idi. Bu zehində adlar, əsərlər sürətlə axıb gedirdi. Pablo Pikassonun “Germika”sı, Fransua Buşenin “Dincələn qız”ı, Leonardo da Vinçinin “Salvador Mundi”si, Jak-Lui Davidin “Maratın ölümü” kimi şah əsərlər gözünün önündə canlanırdı. O, yüzlərlə rəsm əsəri görmüşdü, ancaq bir çoxunun da adı, müəllifi yadında qalmamışdı. Güclü tədqiqatların həyəcanlandırıcı marağı indi yerini dərin təəssüf hissinə buraxırdı. Unudulan hər ad, gözdən qaçırılan hər detal itirilən sərvət demək idi. Bütün bunlara başqa fənlərdən aşağı düşən qiymətlər əlavə olunanda vəziyyət get-gedə pisləşirdi. Ülviyyə üçün naməlum “x”-in tapılmasının, atomun quruluşunun, yaxud sulfat turşusunun xassələrinin heç bir mənası yox idi. Son bir ildə digər fənlər nəzərdən tamamilə düşmüşdü. Ülviyyənin ən çox sevdiyi iki fənn var idi, tarix və ədəbiyyat. O, sadəcə oxumurdu, həm də oxuduqlarının içində yaşayırdı. Oxuduğu hər epizodu ağlında canlandırır, özünü hadisələrin mərkəzində təsəvvür edir, personajların yerində olsaydı, necə hərəkət edəcəyini düşünürdü. Belə yanaşma onda tez-tez dəyişən emosiyalara, dərin köklərə malik fəlsəfə yaradırdı. Bu fəlsəfə humanizmə köklənmişdi. Ülviyyə bir dəfə vandallar haqqında oxuyanda ağlamışdı da. Ona heç nə məhv olan mədəniyyət kimi pis təsir edə bilməmişdi. Qarabağın işğalı, dağıdılan, məhv olan abidələr həmişə onun qəlbində yara idi. Ülviyyənin mədəniyyətə vurğunluğu çox az insanda tapılardı. Onun Misir piramidalarına vurğunluğu, Astek məbədlərinə olan sevgisindən, yaxud Artemida məbədinə olan marağından az deyildi. Sırf buna görə elə rəsm əsəri axtarırdı ki, bütün mədəniyyətlərin ortaq nöqtəsi olsun. Zevs ilə İsanı, Misir ilahı  Ra ilə vikinq ilahı Toru birləşdirə bilsin. Bunun üçün Ülviyyə fikirləşirdi, ancaq tapa bilmirdi.

Artıq təqdimata çox az qalırdı. Cəmi bir gün. Ülviyyə uşaqlarla danışmışdı. Çoxu əsər seçmişdi artıq. Çiçək Pol Sezarın “Piano çalan qız”ını, Nərminə Pikassonun “Şar üzərində qızcığaz”ını, Orxan isə Arif Hüseynovun “Aşıq” əsərini seçmişdi. Bu xəbərlər Ülviyyəni darıxdırdı. Məktəbdən evə qayıdanda dilxorluğu anasının gözündən qaçmadı. Amma qızının xasiyyətini bilirdi. Çox insan kimi onun qızı da yemək yeyəndə sakitləşərdi, o vaxt onu danışdırmaq daha asan olacaqdı. Yarım saatdan sonra anası yemək yeyən Ülviyyəni dilə tutmağa başladı. Kefsizliyinin səbəbini öyrənəndə dodağındakı təbəssümü gizlədə bilmədi. Nə də olsa, o atasının qızı idi. Ərinin bir cümlə üstündə yarım saat məşq etdiyinin şahidi olduğundan qızının bu həssaslığını anlaya bilirdi. Ülviyyə zehninin qarışıqlığından anasının ona yol göstərə biləcəyini unutmuşdu, incəsənətə qarşı azalmayan marağı onun xoşuna gəlirdi. Ülviyyənin ürəyi anasının sözləri ilə rahatlıq tapdı:

-Qızım, bəlkə, səma ilə bağlı bir şey tapasan. Elə bir mədəniyyət yoxdur ki, onda göyün, ulduzların, günəşin və ayın xüsusi yeri olmasın. İnsanlar hələ mağarada yaşayarkən başlarını səmaya qaldırar, sarsılmaz görünən göyün böyüklüyündən dəhşətə gəlirdilər. Heyif ki, dörd tərəfi daş-betonla əhatə olunan biz havanın çirkindən heç ulduzları belə normal görə bilmirik. Mən sənə inanıram, əziyyətinin şahidiyəm. Elə bil əsər tapa bilərsən ki, keçmişlə bu günü, bəlkə də, gələcəyi birləşdirsin. Elə bir ideyası olsun ki, insanı daim inkişafa, həm də sülhə çağırsın. Eyni zamanda insanın acizliyini, həm də qüdrətini anlatsın.

Anasının ürəyində zərrə qədər narahatlıq yox idi ki, qızı birdən onu yetərincə anlamaz, sözlərini düzgün başa düşməz. O, həmişə qızını düşündürə biləcək tərzdə danışırdı. İnanırdı ki, qızında öyrənməyə maraq da, əzm də, qavrayacaq ağıl da var.

Anasının sözlərindən dərhal sonra Ülviyyənin ağlında bir əsər canlandı: Van Qoqun “Ulduzlu gecə” peyzajı. Küləyin təsirində gah o yana, gah bu yana əyilən uca sərv ağacları, hərəkət edirmişcəsinə təsvir olunan səma, parlaq çıraq kimi işıq saçan ay və sakit, yatmış şəhər. Düzü, bu uğurlu seçim ola bilərdi. Ancaq birdən-birə Ülviyyənin gözləri qarşısında başqa bir əsər canlandı, şüurun dərinliklərindən bir səhnə açıldı. Bu əfsanəvi rəssam Tahir Salahovun “Bəşəriyyət naminə” əsəri idi.Təxmini 6-7 ay əvvəl bu əsər ilə təsadüfən tanış olmuşdu. Atasının dostu bir qonaqlıqda incəsənətə böyük həvəsi olduğunu bildiyi Ülviyyəyə telefonundan rəsm əsərləri göstərirdi. Bunların içində ən yaddaqalanı, heç sübhəsiz, “Bəşəriyyət naminə” idi. Ən maraqlısı o idi ki, Ülviyyə necə oldu ki, bunu xatırlamamışdı? Amma bəzən belə də olur, insan şüuru aşiqi olduğu şeyi özündən belə qısqanır, hətta özündən də uzaq tutur. Əsərdə toxunulacaq xırdalıqlar, izah olunacaq məsələlər o qədər çox idi ki. Nisbi seçilən mavilik, qatı qaranlıq, bəzi yerlərdə qaranlığı qılınc tək kəsən ulduzların işığı və insan – bunların hamısı ecazkar harmoniya təşkil edirdi. Kosmosun fəthi, ulduzlara yetişmək, uzağı yaxın etmək, ağılalmaz kainatı anlamaq bütün zamanlarda insanların xəyalı olmamışdımı? Nə bilmək olar, bəlkə insan nə vaxtsa kainatın ucsuz-bucaqsız genişliyinin bir yerində tanrını tapdı? Yəqin ki, belə olsaydı, hamının, eləcə Ülviyyənin də ona deyəcək bir-iki sözü, yaxud sualı olardı. Ülviyyə bu əsərdə daha bir şey görürdü. Bu həyat idi – qadın və kişi idi. Bəlkə, onlar kainatın ucqarında yeni həyatın başlanğıcı olacaqdılar? Bəlkə, burada rəssam cütlüyün bir-birini tamamlamasını hormonik şəkildə başa salmaq istəyib? Yaxud ola bilərdimi ki, onlar kosmosa uçacaq insanlara yol göstərmək, mayaq rolunu oynamaq istəmişlər? Yəqin ki, bu suallar ətrafında aparılan təqdimat, yaxud fikir mübadiləsi çox maraqlı olacaqdı…

Səhəri gün Ülviyyənin təqdimatı çox uğurlu oldu. Əsəri 12 aprel – insanın kosmosa ilk çıxış günü ilə əlaqələndirməsi maraqlı təqdimat idi. O, həm sinif yoldaşlarını, həm də müəllimi düşündürə bilmişdi. Ülviyyə o zaman bilmirdi ki, illər ötəcək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sənətşünaslıq ixtisasını bitirəcək və elə orada müəllim işləyəcək. Elə bir müəllim ki, Azərbaycan mədəniyyətinin qüdrətini, incəlik və zənginliyini layiqincə tələbələrinə başa sala bilsin. O, istəyirdi ki, tələbələrinin Qərb mədəniyyətinə olan vurğunluqları Şərq mədəniyyətinə – öz mədəniyyətlərinə soyuqluq yaratmasın. Çünki müxtəlif xalqların mədəniyyətlərini və tarixlərini uzun illər tədqiq etdikdən sonra həqiqəti çox yaxşı anlamışdı. Qılıncla fəth oluna bilməyən torpaqlar mədəniyyət ilə fəth oluna bilər. Heç təsadüfi deyil ki, Ülviyyə elə indi də tələbələrinə 9-u sinifdə üzləşdiyi çətin seçimdən danışır…

Son

YAZAR: Sabir Əliyev

Həmçin: TARİXİN GİZLİ QƏHRƏMANLARI-MÜMİN AKSOY
Həmçin bax: https://tehsilim.org/bdu-nun-daha-uc-mezunu-miq-musabiqesinde-yuksek-netice-gosterib/
Həmçin bax: https://turaz.org/virtual-kitab-sergisi-layihesinde-xalq-sairi-xelil-rza-uluturkun-eserleri-teqdim-edilib/