Turukki etno-sivasi birliyi
Azərbaycanın cənubunda yaşayan əhalinin tərkibinə turukki (dünyada türk etnik adının ilk forması hesab edilir) adlı etnik birlik də daxil idi. Turukki tayfa birliyi tarix səhnəsinə kutilər və lullubilərlə eyni vaxtda çıxmışdılar. E. ə. III minilliyin II yarısında turukkilərin kutilər və lullubilərlə bir müttəfiq kimi xatırlanması onların bir-biri ilə qonşuluqda yaşadığını göstərir. E. ə. XXIV əsrə aid yazılarda akkadlı Sarqonun dövründə onun dövlətinin ərazisində yaşayanlar içərisində turukki tayfa adı da çəkilmişdir. Akkad hökmdarı Naramsuenə qarşı kutilərin və digər tayfaların birləşdiyi hərbi ittifaqa turukkilər də qoşulmuşdular. E.ə. XVIII – XIII əsrlərə aid Assur yazılarında turukkilərin adma tez-tez rast gəlinir. Bir Assur mətnində onlar «Turukku ölkəsinin adamları» kimi verilmişlər və bu ərazidə kutilərin də yaşadığı göstərilmişdir. Lullubi kimi turukkilər də Zaqros dağlarından Raniyə düzənliyinə keçərək hurrilərlə əlaqə saxlayır və Mesopotomiya hüdudlarına daxil olurdular.
Assur hökmdarı I Şamşi-Adadın (e.ə. 1813-1783) yürüşlərinə qədər turukkilər qərb qonşuları ilə dinc əlaqələr saxlayır və Aşşurun ticarət əlaqələrində vasitəçi kimi iştirak edirdilər. Turukkilər e. ə. XVIII əsrdə assurlarla dəfələrlə müharibə aparmışdılar. Mari məktublarında turukki hökmdarı Lidayanın adı assurlara qarşı vuruşan turukkilərin başçısı kimi xatırlanmışdır. Turukkilər assurların Dəclədən şərqdəki əraziləri ələ keçirmək cəhdinə qarşı duran ciddi bir qüvvə kimi çıxış edirdilər. Lidayanın başçılığı ilə turukkilər Assur hökmdarı İşme Daqana (e.ə. 1797-1757) qarşı uğurlu hərbi əməliyyat keçirərək Şuşarra ölkəsini assurlardan azad etmişdilər. Assur mənbələrindən birində yazılmışdır: «Turukku Lidaya və Şuşaradakı turukkular bizə düşmənçilik etdilər və iki şəhəri viran qoydular». Turukkilər Dəclədən şərqdə öz vətənlərindən uzaqlarda Assurun nəzarəti altında olan torpaqlarda kifayət qədər sərbəst hərəkət edir və elə bir ciddi müqavimətlə üzləşmirdilər.
Qədim yazılı mənbələri araşdıran istedadlı alimimiz Mirheydər Mirzəyevin fikrinə görə Babil hökmdarı Hammurapinin dövründə (e.ə. 1792 -1750) turukkilər bölgədə kifayət qədər güclü toplum kimi tanınırdılar və Assurla mübarizənin gedişində vahid hakimiyyət altında birləşmişdilər. Hətta güclü Babil şahı Hammurapi öz rəqiblərinə qarşı müharibəyə hazırlaşarkən Turukki hökmdarı Zaziyaya müraciət etmişdi. Zaziya öz qoşunu ilə yardıma gələcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq vədinə əməl etməmişdi. Görünür, Zaziya ikili siyasət yeridirdi. Hammurapiyə qarşı Elam, qonşu Kuti və digər ölkələrdən təşkil olunmuş ilk iki koalisiyada iştirak etməməklə yanaşı, o, Hammurapiyə də kömək etməyə tələsmirdi. Bunun nəticəsidir ki, Babil şahı Hammurapi hakimiyyətinin 35-ci ilində Marini darmadağın etdikdən sonra əsas diqqətini turukkilərin də daxil olduğu koalisiyaya yönəltmiş, hakimiyyətinin 37-ci ilində turukki ordusu üzərində qələbə qazanmışdı. Döyüş şübhəsiz ki, Turukki ölkəsindən kənarda baş verdiyindən Hammurapi Turukkumu zəbt edə bilməmişdi.
E. ə. XIX əsrin sonu – XVIII əsrin birinci yarısında döyüşkən turukkilər mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarları ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.
E. ə. XIV – XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onların dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək)
Ali məktəblər üçün dərslik (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, (BAKI, 2016)
YAZAR: Paşazadə Zinyət
Həmçinin bax: Ağ Hun dövləti
Həmçinin bax: tehsilim.org/akkreditasiya-telimleri-davam-edir/