Türkçülüyün atası-Əli bəy Hüseynzadə

Azərbaycan filosofu, ədəbiyyat tənqidçisi, Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndəsi- Əli bəy Hüseynzadə. Bu dahi ədib uzun müddət alim, həkim, şair, rəssam, tənqidçi, tərcüməçi, müəllim və jurnalist kimi fəaliyyət göstərmişdir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Mətbuat və publisistika sahəsində böyük işlər görmüşdür.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olmuşdur. Kiçik yaşlarında Tiflisə köçmüşdürlər. Atasını tez itirdiyindən babası Qafqaz şeyxüslamı Axund Əhməd Səlyaninin himayəsində böyüyür. Tiflis gimnaziyasını bitirmiş, türk, ərəb, fars, alman və rus dillərini öyrənmişdir. Babasının və dostu Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin tərbiyəsi ilə böyüyən Əli, zamanın ədəbi çevrəsini tanımış, öz türkçülük ideyaları formalaşmış və həyat devizinə çevrilmişdir.

1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mülahizələrini dinləmişdir. Lakin imperiya daxilində baş verən ictimai-siyasi prosseslər onu Peterburqdan uzaqlaşmağa məcbur edir.

Əli bəy Hüseynzadə Türkiyəyə-İstanbula gəlir və burada darülfünündə əsgəri-tərbiyyə fakültəsində tədris alır. Eyni zamanda yüzbaşı rütbəsi qazanır. “İttihad və tərəqqi” partiyasını yaradanlardan biri olduğuna görə təqib olunur. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy “Kaspi” qəzeti əməkdaşlığa başlayır. Publisistik yazılar dərc etdirir və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk hərəkatının mahiyyətini açıqlayır. Daha sonra Əhməd bəy Ağaoğlu ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayırlar.

Əli bəy deyərdi: “Türklər ya ölər, ya hicrət edər, fəqət, qul olmazlar”.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili, formalaşması və informasiya mühitinin yaranmasında bu dövrdə yaranan mətbu orqanların rolu böyük oldu. “Füyuzat” jurnalı füyuzatçılıq xətti-hərəkatını və “Füyuzat” jurnalistikası məktəbinin əsasını qoydu.

Əli bəy Hüseynzadə məqaləsinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!” Bu fikir füyuzatçılar tərəfindən təkmilləşdirilərək “Türkləşmək, islamlaşmaq, müasirləşmək”-azərbaycançılıq şəklində təbliğ olundu.

Əli bəyə görə mətbuatın aşağıdakı vəzifələri var:

1. Millətin inkişafını ləngidən səbəblərə qarşı mübarizə aparmaq.

2. Mətbuatın “borcu millətimizi qələmlə müdafiə və bu yolda mücahidədir”.

3. Mətbuat sağlam dilə və sağlam fikrə malik olmalıdır.

4. Mətbuat tərəqqiyə xidmət etməlidir.

5. Mətbuat milləti özünə tanıtmalıdır.

6. Mətbuat ana dilində millətin maariflənməsinə çalışmalıdır.

7. Mətbuat yalan məlumatları dərc etməməlidir.

Bəs bizim mətbuat bu qaydalara əməl edirmi? Sizcə bu gün Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Əhməd bəy Ağaoğlunun və digər maarifçi və ədiblərimizin yolunu davam etdirən mətbuat işçiləri varmı?

 

 

 

 

Müəllif: Nazilə Mustafaqızı