Türk dillər ailəsindən Oğuz dil qrupu

Türkologiyada oğuz sözünün mənşəyi haqqında vahid fikir yoxdur. Türkoloqların əksəriyyəti bu sözü qəbilə, tayfa mənasını bildirən ok və kəmiyyət şəkilçisi -uz şəkilində şərh etmişlər.

Oğuz qrupu dillərini səciyyələndirən bir sıra qədim yazılı abidələr mövcuddur. Hər şeydən əvvəl Orxon abidələrini misal çəkmək olar. Belə ki, bu qədim abidələrdə bütün müasir türk dillərinin az və ya çox dərəcədə payı vardır. Lakin oğuzların tarixi inkişaf prosesini əks etdirmək baxımından, eləcə də faktiki dil materiallarına uyğunluğu baxımından bu abidələr onlara daha yaxındır. Orxon abidələrindən başqa, oğuz qrupu dillərini səciyyələndirən daha bir neçə yazılı abidənin adını qeyd edə bilərik. Onlardan “Dədə Qorqud” dastanları, “Divani-hikmət”, “Oğuznamə” kimi əsərləri göstərə bilərik. F. Zeynalovun fikrinə əsasən, bunlar daha çox müştərək oğuz abidələri hesab oluna bilər.

F. Zeynalov türk dillərini belə təsnif etmişdir:

  1. Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və Krım-tatar dilləri.
  2. Bulqar qrupu – tatar, başqırd, qumuq, qaraçay-balkar, karaim dilləri.
  3. Qıpçaq qrupu – qazax, qaraqalpaq, qırğız, Altay, noqay dilləri.
  4. Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur, salar dilləri.
  5. Uyğur-oğuz qrupu – tuva, karaqas, xakas, kamasin, şor, tobol, kuyerik, barabin dilləri.
  6. Çuvaş dili.
  7. Yakut dili.

A. Qurbanov bu bölgüyə öz münasibətini bildirmiş, F. Zeynalovun təsnifinin öz dəqiqliyi və obyektivliyi ilə seçildiyini vurğulamışdır. Həmçinin, F. Zeynalovun təsnifində dillərin qohumluq dərəcəsi daha çox nəzərə alındığını A. Qurbanov vurğulamışdır.

Oğuz dil qrupuna aid türk dillərində 140 milyona yaxın insan danışır. Qrupa aid edilən dillər arasında ən çox danışılanları Türk dili və Azərbaycan dilidir. Hal-hazırda oğuz dil qrupuna daxil olan dillər bunlar hesab edilir:

Türk dili, Azərbaycan dili, Türkmən dili, Qaqauz dili, Xorasan-türk dili, Qaşqay dili, Aynalu dili, Əfşar dili, Salar dili

Oğuz qrupu dillərinin ortaq fonetik, leksik, qrammatik xüsusiyyətlərinə nəzər saldıqda dillərin ümumi oxşarlığını rahatlıqla seçə bilirik. Oğuz qrupu dilləri arasında türkcə, türkməncə və azərbaycanca bir-biri ilə oxşarlıqdan ziyadə, bir çox məqamda eynilik təşkil edir deyə bilərik. Kiçik bir müqayisəyə nəzər salaq:
Azərbaycanca:  bir, iki, üç, dörd, beş, altı, yeddi və s.
Türkcə: bir, iki, üç, dört, beş, altı, yedi vb.
Türkməncə: bir, iki, üç, dört, bäş, alty, ýedi we ş.m.
Qeyd etdiyimiz sözlər hər üç dildə fonetik tərkib baxımından, demək olar ki, fərqlənmirlər (yalnız beş sözü azərbaycanca və türkcə eyni səslənərkən, türkməncə sözdəki sait səs ö və e saiti aralığında olan səs kimi duyulur. Yeddi rəqəmi isə türkmən və türkcədən fərqli olaraq azərbaycanca iki d ilə tələffüz olunur).

 

Yazar: Türkan Nağıyeva

Mənbə:

  • Nəriman Seyidəliyev – Afad Qurbanov və Ümumi dilçilik (Bakı.2019)
  • Fərhad Zeynalov – Türkologiyanın əsasları (Bakı. Maarif. 1981)
  • Afad Qurbanov – Ümumi dilçilik (II cild)

HƏMÇİNİN BAX: Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

HƏMÇİNİN BAX: Səfəvi dövlətinin Avropa ölkələri ilə əlaqələri