Turizm bərabərdir artım

Turizm bərabərdir artım.
Müasir dövr texnologiya, tibb, nəqliyyat və s. kimi sahələrdə yeniliklər gətirdiyi kimi bərabərində həyatlarımıza stress də gətirdi. Bir çox insan gündəlik həyatın onu sıxdığını, istirahət istədiyini deyir. Doğrudan da, bir neçə günlük istirahət insanın zehnini və bədənini “təzələyir”. Tətildən sonra insanın işləmə qabiliyyəti artır. Hamı televizorda gördüyü müxtəlif ölkələri, ekzotik heyvanları, cürbəcür bitkiləri, rəngarəng mədəniyyətləri canlı görmək istəyər. Əlbətə ki, bu istirahətin pul ilə qarşılığı var. Amma insanlar özləri üçün asudə olan vaxt müqabilində pul xərcləməyə hazırdır. İnsanın cibindəki pul azalır, ancaq enerjisi, yaşamaq həvəsi artır. Turistlərin ciblərindən çıxan pul isə turizmin inkişafına yönəlir. Beləliklə, iqtisadi artım baş verir, dövlət büdcəsi artır. Səyahət insana enerji iə birlikdə dünyagörüşü qazandırır. Əgər xarici ölkəyə səyahət olunubsa, turistlərin getdikləri ölkənin əhalisi, tarixi, adət-ənənəsi – bir sözlə, mədəniyyəti haqqında məumatı artır. Belə səyahətlər ölkələri olduqları kimi tanımağa imkan verir.

Ölkəmizə gələn xarici turistlərdən belə bir cümləni eşitmək mümkündür: “Mən buraya gəlməmişdən əvvəl elə bilirdim ki, sizin ölkədə müharibə var, bura səyahət üçün qorxuludur”. Doğrudan da, ölkəmiz müharibə şəraitindədir. Amma bu o demək deyil ki, buraya gələn turistlər təhlükədədirlər. Qısa formada desək, turizm zehinlərdəki səhvləri təmizləmək üçün yaxşı vasitədir. Zehinlərdə səhvlər azaldıqca insanların mənəviyyatı artır. Mədəniyyət mənəviyyatın formalaşmasında müstəsna rolu sahibdir. Mədəniyyətin gücünün sərhədi yoxdur. Həqiqətən də, bəzən orduların fəth edə bilmədiyi torpaqları bir mahnı, yaxud hər hansı bir xalqın milli yeməyi fəth edir. Mədəniyyətlərin sərhədləri aşmasının açarı məhz turizmdir. Buna görə də turizmin inkişaf etdiyi ərazilərdə tarixi abidələrin qorunmasına diqqət artır.

Turizm insan maraqlarının üzərində qurulmuşdur. Dünyanın zirvəsi olan Everesti fəth etmək üçün Nepala, dini öhdəliklərini yerinə yetirmək üçün Məkkə, yaxud Vatikana, təhsil almaq üçün London, ya da Berlinə getmək istəyənləri tapmaq çətin deyildir. Bu baxımdan turizmin neçə-neçə sahələri hələ də ixtisaslı kadrlardan məhrumdur.

Turizm insanın daxili aləmi ilə bağlı olduğu qədər ölkə iqtisadiyyatı ilə də bağlıdır. Turizm yeni iş yerlərinin açılmasına, işsizliyin azalmasına, nəqliyyat

şəbəkəsinin genişlənməsinə səbəb olur. Bundan əlavə, heç kəs turizmin gəlirlə sahə olduğunu dana bilməz. Bu sahə nəinki turizm üzrə təhsil alanlar üçün, həm də gələcəkdə biznes ilə məşğul olmaq fikrində olan digər ixtisas sahibləri üçün də uğur vəd edən sahədir.

YAZAR: Sabir Əliyev
Həmçin bax: İyirminci əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatı və fəhlələrin vəziyyəti
Həmçin bax: https://turaz.org/naxcivani-taniyaq-layihesi-davam-edir/
Həmçin bax: https://tehsilim.org/felsefe-doktoru-ve-elmler-doktoru-proqrami-uzre-doktorantura-ve-dissertanturaya-qebul-adra/