Tükənmişlik sindromu

Günümüzdə insanların sayı artdıqca texnika və texnologiya inkişaf etdikcə insanlar daim bir şeyləri özlərinə problem edirlər.Əlbəttə bu problemlər yalnız iş həyatında deyil,ailə,cəmiyyət və insanın özünün bir sıra fizioloji pozulmaları nəticəsində bir sıra psixoloji xəstəliklər,psixoloji pozğunluqlar meydana gəlir.Bunlardan ən geniş yayılmışı Tükənmişlik sindromudur.Tükənmişlik sindromu fərdin normal şərtlərdə karyerasında,dostlarından və ya ailə əlaqələrindən aldığı müvəffəqiyyət duyğusunu azaldan və şəxsiyyətin itməsinə inanılmasına yol açan zehni və fiziki cəhətdən tükənmə halıdır.Eyni zamanda bir iş həyatı stressi növüdür.Profesional həyatda və ya ev işlərində uzun saat işləmək,xəstə bir ailə fərdinə baxmaq və yaxud da siyasət və cəmiyyət içi mənfi hadisələrin şahidi olmaq kimi stressli vəziyyətlərə davamlı məruz qalmaq tükənmişlik sindromuna səbəb ola bilər.Buna başqa adla emosional yanma sindromu da deyirlər.
Bu sindrom ilk dəfə 1974-ci ildə Herbert Freudenberger tərəfindən “uğursuz olmaq,bezmək,enerji və gücün azalması və yaxud narazı istəklər nəticəsində fərdin daxili qaynaqlarında meydana gələn tükənmə durumu” şəklində qeyd etmişdir.Lakin günümüzdə tükənmişliyin ən çox yayılmış və qəbul edilən tərifi,eyni zamanda öz adıyla adlandırılan Maslach Tükənmişlik Ölçməsi (MBI)1-ni də inkişaf etmiş Christina Maslach tərəfindən təsbih edilmişdir.Maslach-a görə tükənmişlik  ” İşə uyğun olaraq  çətin duyğusal tələblərə məruz qalan və davamlı digər insanlarla üz-üzə işləmək vəziyyətində olan insanlarda  görülən fiziki bitkinlik, uzun davam edən yorğunluq, çarəsizlik və ümidsizlik  duyğularının,edilən işə, həyata və digər insanlara qarşı mənfi münasibətlərin əks olunması ilə yaranan bir sindromdur”. Daha aydın bir ifadə ilə Maslach tükənmişlik “iş həyatında insanlarla çətin bir münasibət  içərisində olan fərdlərdə görülən duyğusal tükənmə, həsaslaşma və aşağı uğursuzluq hissi” olaraq tərif edilmişdi.Maslach-ın tükənmişlik sindromuna verdiyi model aşağıdakı kimi ifadə edilir.
Duyğusal tükənmə – həssaslaşma -uğursuzluq.
Maslach və Jackson bu modelə “ Üçlü psixoloji sindrom”adı vermişdir.Bu modelə əsasən qeyd olunur ki,tükənmişlik əvvəlcə insanın  emisonal halda tükənməsi ilə başlayır.Bu zaman bir sonrakı mərhələdə ətrafındakı insanlarla münasibətində mənfi hallar özünü qələmə  verir.Ən sonuncu mərhələdə isə insanın ətrafındakı insanlara qarşı mənfi münasibəti iş həyatında uğur qazanmasına da öz təsirini göstərir və bununlada həmin şəxsin uğur qazanmasında problem yaranır.Tükənmişliyə bir çox faktorlar təsir göstərir.Bunlardan ən çox yayılanı fərdi və sosial faktorlardır. Fərdi tükənmişlik insanın öz içindəki problemlərindən, başqa mənada isə beynindəki psixoloji vəziyyətdən və ya onun fizioloji halından qaynaqlanır.Bu daha çox A tip şəxsiyyətə malik olan insanlarda (1970-ci ildə ürək-damar sistemi xəstəliklərinin daha çox hansı insanlarda olduğunu bilmək üçün insanları A və B tip şəxsiyyətə ayırmışlar.Bunlar rəqabətcil,eyni anda birdən çox işi edən,çətin bir işin öhdəsindən gələn,hər zaman diqqət mərkəzində olan, zamanlarının qiymətinini bilən,tez əsəbləşən,işini ən qısa zamanda ən yaxşı formada edən,özgüvənləri aşırı yüksək olan və s.insanlardır.)),kimsə tərəfindən idarə olunanan,yerinə yetirilməyən gözləntiləri olanlarda,özünəməxsus bir xüsusiyyətə sahib olmayan insanlarda,ən əsası empatiya qura bilməyənlərdə gözlənilir.Digər tərəfdən isə demoqrafik xüsusiyyətlərdə olan fərqliliklər də tükənmişliyə səbəb olan faktorlardan biridir.Bəzi insanlar qadınların say etibarı ilə kişilərdən daha çox bu hal ilə rastlaşdıqlarını (Ergin,1992; Örmen,1993; Torun,1997; Sürgevil, 2005.),bəziləri isə əksinə,kişilərin qadınlardan daha çox bu hal ilə rastlaşdıqlarını (Girgin və Baysal, 2005; Polatcı,Ardıç və Tınaz, 2007;Otacıoğlu, 2008),bəziləri isə heç bir cinsiyyət fərqi olmadan hər kəsin bu hal ilə eyni tərzdə rasta gəldiklərini qeyd ediblər. (Naktiyok və Karabey, 2005; Şanlı,2006;Gençay, 2007;Polatcı, 2007). Həmçinin tükənmişliyə ailə vəziyyəti,yaş,iş zamanı,iş yoldaşları ilə münasibətlərin mənfi olması da səbəb olur (Maslach və Jackson,1981; Ergin,1995; Izgar,2001; Tümkaya,1996; Lee ve Ashforth,1993; Randall ve Scott,1988.).Beləliklə, subayların evlilərə daha çox,uşaq sahibi olmayanların olanlarına nisbətən daha çox tükənmişliyə düçar olduqları təsbih edilmişdir (Maslach və Jackson,1981; Lee ve Ashforth,1993,Özdemir 2001).Bəzi insanlar təhsil səviyyəsi artdıqca tükənmişliyinin qarşısının alınması ilə,bəzi insanlar isə tam tərsi olaraq daha çox tükənmişliklə çabalayıb məğlub olduqlarını qeyd ediblər.Tükənmişliyə səbəb olan sosial faktorlar aşağıdakılardır:
1.Sosial konfiliktlər
2.Qəbul edilmiş qərarlara heç bir rəy bildirməmək,
3.İşləmə zamanının uzunluğu,
4.Sosial münasibətlərin zəif olması,
5.Sosial dəstəyin olmaması,
6.Vəzifə bölgüsünün düzgün aparılmaması,
7.Vəzifələrarası konfilektlər
8.İş həyatında şəraitin olmaması
9.Motivasiya azlığı
10.İş həyatında cinsi və psixoloji sui-istifadənin olması (Mobbing)
11.İş yerində özgüvəsizliyin olması
12.İş mühitinə uyğun olmayan liderlik tiplərinin var olması
13.İş standartlarının olmaması
14.İş mühitində etik qaydalarının olmaması
15.Şəxsiyyət alçaldılması
16.İşdə yenidən qurma işlərinin olmaması
Tükənmişlik sindromu anidən ortaya çıxmaz,əksinə yavaş-yavaş,sakitcə formalaşar.Tükənmişliyin xüsusiyyətlərinin göz ardı edilməsi onun müalicəsində və gələcəkdə insanın həyatında da mənfi hallara gətirib çıxaracaq.Tükənmişliyin simptonları adətən insandan-insana dəyişdiyi kimi burada həm psixoloji,fiziki həmdə davranış formasında mövcud olan simptomların olması qeyd edilir.Tükənmişlik fiziki mənada əvvəllər zəif, heç ilk baxışda bilinməyən simpomlarla özünü göstərir.Bunlara aiddir:
1)Yorğunluq
2)Bitkinlik hissi
3)Baş ağrıları
4)Keylik hissi
5)Yuxu pozulmaları.
Sonradan isə ağır simptomlarla özünü göstərir bunlara isə aiddir:
1)Aşırı öskürək və tənəffüs prosesində pozğunluqlar
2)İnfeksiyalara qarşı immunitetin azalması
3)Artıq və ya azalmış çəki problemi
4)Bədənin müəyyən hissələrində ağrıların olması
5)Həzm sistemi xəstəlikləri,xüsusi ilə ishal və qəbizlik olması
6)Yüksək təzyiq olması
7)Yüksək şəkərin olması
8)Nəbz vurğularının sayının artması
9)Əzələ süstlüyü
10)Dəri xəstəlikləri
Bununla yanaşı psixoloji simptomlarda nəzərə çarpır.Bunlara aiddir:
1)Aqresivliyin aşırı olması
2)Psixoloji incilməyə açıq olmaq
3)Səbəbi bilinməyən narahlıq hissinin olması
4)Səbirsizlik
5)Özgüvən azlığı
6)Ətrafa qarşı düşmənçilik hissinin olması
7)Gücsüzlük və ya ümumi zəiflik
8)Səbəbi bilinməyən güc və enerki itkisi
9)İşlə bağlı ümidsizlik
10)Həyata neqativ duyğularla bağlanmaq
11)Digər insanlara qarşı önyarğılı və ya qınayıcı olmaq
12)Qayğısızlığın olması
13)Ailə içi problemlərdə artma
14)Narazılıq
15)Nəzakət,dostluq,hörmət hisslərində azalma
16)Beyinlərində bilinməyən düşüncələr və qarşıqlıq
17)Səbəbsiz şübhə duyğularının olması
18)Paranoya
19)Depressiya
20)Günahkarlıq hissi və problemi həll etmədən yayınmaq
21)İşi tərk etməyi düşünmək
22)Tez-tez işə getməmə hissinin olması və s.
Davranış formasında yaranan tükənmişlik sindromunun simptomları bunlardır:
1)Unutqanlıq
2)Uğursuzluq hissi,
3)Ailə içi mübahisələr
4)Diqqətsizlik
5)Tez əsəbləşmək
6)Birdən sinir partlaması
7)Tez-tez var olan ağlama periodları
8)Tək qalma istəyi
9)Həssaslıq və ya hər şeydən incimə
10)Uğurlarına heç kəsin qiymət vermədiyi inancı
11)Soyğunluq və bir sıra cinayətlərə meyillik
12)İşi zəif etmək
13)İşdən kənarlaşmaq
14)İşinə qarışan insanlara qarşı həddən artıq əsəbi reaksiyanın olması
15)Xidmətin keyfiyyətində problemlərin olması
16)İş həyatında insanlarla ünsiyyətə girməmə və ya münasibət pozuntuluqlarının yaşaması
17)Xidmət etdiyi şəxslərdən çoxlu şikayətlərin gəlməsi
18)Sənədlərdə yaranan çoxlu problemlər
19)Zəif iş performansı
20)İş yoldaşlarına təhqir etmə və günahkar baxışların olması
21)İşi sevməmək
22)Az zaman ərzində başqa bir işə meyillik
23)İşə gec getmək və ya getməmək,
24)Sosial münasibətlərdə problemlərin olması və s.
Tükənmənin insanlar üzərində keçici və ya qalıcı xarakterə sahib olması aşkar edilmişdir.Bununla bərabər deyə bilərik ki,Tükənmişliyin nəticəsi həm insanın özündə, həm ailəsində həm də ətrafında, yəni, sosial mühitdə mənfi hallarla özünü göstərir.Bu səbəbdən tükənmişliyin nəticəsi 3 hissəyə ayrılır:Fərdi, iş həyatı və ailə həyatı.
Əslində tükənmişlik stressin də bir növü kimi qeyd edilir.Bu səbəbdən bu fərdə daha çox təsir edir (Maslach ve Zimbardo,1982).Fərdin tükənmişliklər yaşadıqları, fiziki cəhətdən onun yorulmasına və həyata ümidsiz,neqativ duyğularla bağlanmasına səbəb olur.Lakin,fərdin yaşadığı yorğunluq hissinin qaynağı iş mühitində yaranan gərginliyin olmasıdır.İş həyatında fasiləsiz davam edən gərginlik fərdin yuxusunda da pozğunluqlara məsələn yuxuda kabuslar görməsi, yuxunun olmaması səbəbi ilə yaranan ümumi halsızlıq və narahatlıq hissinin olması,tez-tez nəyinsə yolunda gedə bilməyəcəyinə aid hisslərin olması və s. kimi səbəb olur.Digər tərəfdən xroniki yorğunluq və gərginlik qrip olma və ya tənəffüs prosesində yaşanan bəzi xəstəliklərə səbəb olma ehtimalını,baş ağrılarının artmasına səbəb olur.
Yaşanan bu sindromdan əziyyət çəkən şəxslər bu duyğu ilə evə gəldikdə onun həyat yoldaşı ,uşaqları və ya ana-atası onunla maraqlanılmadığını düşünməsinə səbəb olur. Yaşadığı tükənmişlikdən qaynaqlanan günahkarlıq hissinə sahib olan fərd ailəsi tərəfindən bu tərz günahlandırma duyğusu ilə ailə daxili problemlərin yaşanmasına, ailə fərdlərinin bir-birindən uzaqlaşmalarına,boşanma və ayrı evdə qalmaq istəyinin olmasına ,hətta uşaq və valideyninin bir-birindən ayrılmasına gətirib çıxara bilər.
Tükənmişlik sindormunun qarşısını almaq üçün həm fərdi həm də sosial tədbirlər həyata keçirilə bilər. Sosial tədbirlər aşağıdakılardır:
1)Lazım olduqda digər iş yoldaşlarından kömək istəmək və ya bir işi etmək üçün əlavə yoldaş istəmə bacarığına yiyələnmə
2)Sərbəst qərar vermə imkanlarının artırılmasına zəmin yaratmaq və verilən qərarlara qatılmaqdan çəkinməmək
3)İşi edəcəyin qədər üstünə götürmək və lazım olduqda “yox” deməyi bacarmaq
4)Ədalətli mükafat sistemi təyin etmək
5)İş yükünün eyni insanlarda cəmlənməsinin qarşısını almaq üçün çətin işləri parçalayaraq hər kəsə eyni miqdarda məsuliyyət vermək
6)Kollektivlə işləməyi bacarmağa cəhd etmək
7)İş mühitindəki dəyişikliklərə uyğunlaşmaq
8)İş həyatında yaranan konfliktlərin qarşısını almaq və onları idarə etmək
9)Vəzifələri düzgün bölmək
10)Şəxsi inkişafa və dinləməyə əhəmiyyət vermək,işləyən zaman bunlara mümkün qədər zaman ayırmaq
11)Sosial mühitdə münasibətin bərpası üçün alternativ yollar axtarmaq
12)Nahar yeməyi və istirahət zamanı üçün rahatladıcı və iş mühitindən uzaq bir yer təyin etmək
13)İnsanlara yeni vəzifələrini vaxtında  izah etmək
14)Tez-tez pozitiv cavablar vermək
15)Yuxarı vəzifədəkilərdən daim mənəvi dəstək almağa cəhd etmək
16)Uzun iş saatını azaltmaq
17)Xidmət daxilində müxtəlif təlimlər təşkil etmək,
18)Karyera üçün fürsət tanımaq
19)Tətil və sosial bacarıqlarının inkişafı üçün şərait yaratmaq
20)İş mühitində sosial dəstək məqsədi ilə qruplar təyin etmək.
Fərdi tədbirlər aşağıdakılardır:
1)Tükənmişliklə əlaqəli informasiyaya sahib olmaq
2)Özünü yaxşı tanımaq və ehtiyaclarını təyin etmək
3)İşlə bağlı düzgün, real ehtiyaclara uyğun hədəf təyin etmək
4)Şəxsi inkişafa və sosial dəstək qruplarına qatılmaq
5)Nəfəs alma texnikalarını bilmək,rahatlamaq üçün musiqi dinləmək və idmanla məşğul olmaq
6)Hobbilərə sahib olmaq
7)İşə başlamazdan əvvəl işin çətinliyindən bilginin olması
8)Zaman idarə olunması ilə bağlı bilgiyə sahib olmaq
9)Tətilə çıxmaq
10)İşdə və şəxsi həyatda monotonluqdan qaçmaq
11)Rahat sakit bir yaşayışı təmin etmək
12)İşə ara vermək və işdə dəyişikliklər etmək
13)Stressi idarə etmək haqqında bilgiyə sahib olmaq və s.
Sindromun ağırlığından asılı olaraq müalicə müddəti fərqli olur.Dərinləşməmiş formalarda yalnız psixoterapiya ilə qarşısını almaq mümkün olur. Daha şiddətli formalarda farmakoterapiya da lazım olur.Tükənmişlik sindromu zamanla və ya müalicə olunmaqla keçir. Lakin elə adamlar var ki, əksər hallarda məyus görünürlər, həyat onlara mənasız və rəngsiz gəlir. Hər nə olsa da həyatdan həmişə narazı qalırlar. Belə adamlar psixopatik tipdir. Onlar tez-tez pessimistliyə qapılırlar. Bu cür xasiyyət 18 yaşda formalaşır və ömrün axırına qədər davam edir.Amma həyatdan küskünlük 23-24 yaşda yaranıbsa, bunun səbəbi var. Səbəbi tapıb problemi həll etmək olar.
Ümumi statiska göstərir ki,tükənmişliyə meyilli olan ölkələrdə vardır buna meyilli olmayan da .Türkiyə ana və atalarda “Tükənmişlik sindromunun ən az olduğu ölkələr”dən biridir.Belçikada aparılan bir araşdırma fərdiliyin ön planda olduğu Qərb cəmiyyətlərində ana və atalar arasındakı tükənmişlik sindromunun çox yüksək olduğunu ortaya çıxarıb.Yeni tip koronavirus epidemiyası səbəbi ilə daha da artan problemlərin çoxu anaların üzərinə düşür.42 ölkədə araşdırmaya qatılan valideynlər üzərində “romantik tükənmə”, “valideyn rolundan sevinə bilməmə”, “gərginlik”, “yorğunluq” və “uşaqlara qarşı məsafə” problemləri araşdırılıb.Burada xüsusi qeyd edək ki, ana-atalar arasında tükənmişlik sindromunun ən çox olduğu ölkə Belçikadır. Burada hər 12 valideyndən biri tükənmişlik problemi yaşayır. Siyahının ikinci sırasında Amerika Birləşmiş Ştatları gəlir. ABŞ-da ana və ataların 7,9 faizi tükənmişlik sindromu ilə mübarizə aparır. Amerikadan sonra Polşa, Burundi, Fransa, Rusiya, Finləndiya, İsveçrə və Hollandiya valideynləri gəlir.Tükənmişlik sindromunun ən az olduğu ölkələr isə sırasıyla Türkiyə, Kuba,Peru və Taylanddır.Ana və ataların tükənmişlik duyğusunun az qala sıfır olduğu qeyd edilən yer Türkiyədir. Araşdırmaya görə,Türkiyə kimi ölkələrdə geniş ailə, məhəllə anlayışı, həmrəylik və mədəni fərqliliklər valideynləri tükənmişliyə qarşı daha çox qoruyur.Qeyd edək ki, tükənmişlik sindromu yaşayan valideynlər daha çox stressli olduqlarından əsəbi, təcavüzkar davranır, özlərinə, uşaqlarına zərər yetirir, ailəyə laqeyd yanaşır, intihara cəhd kimi problemlər yaşayırlar.

YAZAR: Aydan Qurbanova

Həmçinin bax:Stress haqqında

Həmçinin bax:https://tehsilim.org/virtual-mektebin-1-illik-yolu-fasilesiz-ve-innovativ-tehsil/

Həmçinin bax:https://turaz.org/enenevi-tehsil-ne-vaxt-berpa-olunacaq/