Toxumlu bitkilər

Çılpaqtoxumlular. Ağac və kolşəkilli nümayəndələri mövcuddur. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli və ya pulcuqşəkilli (sərv və tuya ağaclarında), bəzilərində isə (ginqko) enliyarpaqlıdır. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar olur. Qozalarda toxumlar yetişir. Toxumlar qoza pulcuqlarında çılpaq yerləşdiyinə görə çılpaqtoxumlular adlandırılır. Çılpaqtoxumluların nümayəndələrinə adi şam, Eldar şamı, küknar, qaraşam, Sibir şamı, ardıc, sərv və s. kimi bitkilər aiddir.

Adi şam – quraqlığa davamlıdır. Gövdəsindəki qısa zoğlar üzərində cüt-cüt yerləşən iynəşəkilli yarpaqları xaricdən möhkəm dəriciklə ortülmüşdür. Dəricikdə ağızcıqların sayı az olduğundan yarpaqları suyu qənaətlə buxarlandırır. Yarpaqları 2-3 il yaşayır, sonra qısa zoğlarla birlikdə tökülür. Şam ağacı işıqsevəndir. Qumlu, bataqlıq və çürüntüsü az olan torpaqlarda bitə bilir. Şamlarda kök sistemi yaxşı inkişaf etmiş olduğundan kökü torpağın dərinliyinə gedir.

Adi küknar – kölgəyədavamlı və rütubətsevəndir. İynəşəkilli yarpaqları adi şam yarpaqlarından qısa olur və 5-7 il yaşayır. Əsasən, qida maddələri ilə zəngin olan torpaqlarda bitir. Onun kökü torpağın dərinliyinə getmir, yan kökləri torpağın üst qatlarına yayılır.

Eldar şamı – quraqlığa dözümlüdür. Torpağın münbitliyinə tələbkar deyil. Adi şamdan fərqli olaraq, qollu-budaqlıdır və iynə yarpaqları 2-3 dəfə uzundur. Azərbaycanda küçə və parkların yaşıllaşdırılmasında geniş istifadə edilir.

Hazırda çılpaqtoxumlulardan qaraçöhrə, Eldar şamı, qarmaqvari şam və ardıcın bəzi növləri “Qırmızı kitab”a salınmışdır. Onların qorunması və çoxaldılmasına diqqət yetirmək lazımdır.

 

Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti

 

Çılpaqtoxumluların çoxalması. Çılpaqtoxumluların, məsələn, adi şam ağacının çoxalması belə baş verir. Yazda birevli bitki olan şam ağacının cavan budaqlarında iki cür – dişi və erkək qoza yetişir. Dişi qozaların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq kisəsi olur. Erkək qozadakı yetişmiş tozcuqlar külək vasitəsilə dişi qozalarda olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra dişi qozanın pulcuqları qapanır. Tozlanmadan müəyyən müddət keçdikdən sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və spermi iştirak edir. Yaranan ziqotdan rüşeym inkişaf edir. Qozalar yetişdikdə qonur rəng alır. Yetişmiş qozaların pulcuqları aralandıqda onun içərisindən pərdəvari qanadcığa malik toxumlar tökülür. Onlar külək vasitəsilə yayılır və əlverişli şəraitdə cücərərək yeni bitkiyə başlanğıc verirlər.

Çılpaqtoxumluların əhəmiyyəti Digər bitkilər kimi, çılpaqtoxumlular da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən xüsusi maddələr – fitonsidlər ifraz edir. Çılpaqtoxumluların əksəriyyətində kök sistemi yaxşı inkişaf etdiyi üçün torpaqların eroziyadan qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlulardan xammal kimi də istifadə olunur. Onlar tikinti materialı kimi işlədilir. Gövdələrindən kimyəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, skipidar, kanifol, müxtəlif vitaminlər, Sibir şamının toxumundan isə yağ alınır.

Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi

Örtülütoxumluların ümumi əlamətləri. Örtülütoxumluların 300 minə yaxın növü vardır. Xüsusi çoxalma orqanı – çiçəyin olmasına görə onları həm də çiçəkli bitkilər adlandırırlar. Örtülütoxumlular dünyanın hər yerində və müxtəlif həyat şəraitlərində yayılmışdır. Ağac, kol və otşəkilli nümayəndələri mövcuddur. Örtülütoxumluların hamısının çiçəyində yumurtacıq yumurtalığın daxilində yerləşir. Dişiciyin yumurtalığından meyvə, mayalanma getmiş yumurtacığından isə toxum əmələ gəlir. Bitkilərin “örtülütoxumlu” adlandırılmasının əsas səbəbi, çılpaqtoxumlulardan fərqli olaraq, toxumunun xaricdən meyvəyanlığı ilə örtülməsidir. Bunlarda, adətən, ikiqat mayalanma baş verir.

Örtülütoxumlular iki sinfə bölünür: ikiləpəlilər və birləpəlilər.

İkiləpəlilər sinfi. Xaççiçəklilər və gülçiçəklilər fəsiləsi

Xaççiçəklilər fəsiləsi. Fəsilənin 3 minə yaxın növü var. Əksəriyyəti ot bitkisidir. Bəzilərində əsas kök yoğunlaşaraq meyvəköklər əmələ gətirir.Yarpaqları gövdə üzərində növbəli düzülür.

Çiçəyinin quruluşu. Çiçəkləri əksər hallarda sadə salxım çiçək qrupuna toplanır. Çiçəyinin kasa yarpaqları və ləçəkləri 4 ədəddir. Ləçəkləri xaç şəklində düzülmüşdür. 6 ədəd erkəkciyinin dördü uzun, ikisi isə qısadır. Ətirli və nektarlı çiçəkləri həşəratla tozlanır. Meyvəsi əksərən buynuzmeyvə və ya buynuzcuqdur.

Mədəni və yabanı nümayəndələri. Mədəni nümayəndələri ağbaş kələm, gül kələm, kolrabi kələmi, Brüssel kələmi, vəzəri, turp və s.-dir. Yabanı nümayəndələrinə isə yabanı kələm, vəzərək, çöl xardalı, quduzotu, sarılıqotu, quşəppəyi, yabanı ağ turpu nümunə göstərmək olar.

Xaççiçəklilərin əhəmiyyəti. Xaççiçəklilərin bir çox mədəni nümayəndələrindən (ağbaş kələm, gül kələm, vəzəri, turp və s.) qida kimi istifadə olunur. Xaççiçəklilərin bir qismi müalicəvi xüsusiyyətə malikdir. Məsələn, quşəppəyinin yarpaqları C vitamini ilə zəngindir və qankəsici xüsusiyyətə malikdir. Ağ turpdan tənəffüs yollarının müalicəsində istifadə olunur. Bu fəsiləyə aid olan şəbbugülünü isə gözəl görkəm və qoxusuna görə bəzək bitkisi kimi də becərirlər.

Gülçiçəklilər fəsiləsi. Fəsiləyə 3 minə qədər növ daxildir. Ağac, kol və otşəkilli nümayəndələri var. Yarpaqları sadə və ya mürəkkəb olur.

Çiçəyinin quruluşu. Çiçəkləri tək və ya qruplarda toplanır. Çiçəyinin kasa yarpaqları, ləçəkləri, adətən, 5 ədəd olur. Ləçəkləri müxtəlif rənglidir. Erkəkcikləri çoxdur. Alma, gilas, albalı kimi bitkilərin çiçəyində, adətən 1, itburnu və çiyələkdə isə çoxlu dişicik olur. Əksərən həşəratla tozlanır.

Meyvələri. Gülçiçəklilərdə çəyirdək, fındıqça və sair kimi meyvə tipləri olur. Bəziləri, məsələn, alma, heyva, yalançı meyvə əmələ gətirir.

Mədəni və yabanı nümayəndələri. Meyvə ağaclarının bir çoxu gülçiçəklilərə aiddir. Qızılgül və dovşanalması bəzək bitkisi kimi becərilir. Yabanı nümayəndələrinə ot bitkilərindən olan şirpəncəsi, qaytarma, çınqılotu, quşqonmaz və s. aiddir.

İkiləpəlilər sinfi. Paxlalılar və badımcançiçəklilər

Paxlalılar (və ya kəpənəkçiçəklilər) fəsiləsi. Fəsiləyə 17 minə yaxın növ daxildir. Əksəriyyəti birillik və çoxillik otlar, həmçinin kol və ağac bitkiləridir. Bəzilərinin köklərində kök yumrucuqları olur. Bu yumrucuqlar atmosfer azotunu mənimsəyən və köklərlə simbioz şəkildə yaşayan bakteriyaların hesabına yaranır. Buna görə paxlalı bitkilərin bütün orqanları azot olan maddələrlə, xüsusən zülallarla zəngindir.

Çiçəyinin quruluşu. Çiçəkləri tək və ya salxım, yaxud başcıq çiçək qrupunda toplanmışdır. Çiçəkləri əksərən kəpənəyə oxşadığından fəsiləni bəzən kəpənəkçiçəklilər adlandırırlar.

Kasacıq, əsasən, 5 bitişik kasa yarpağından, tacı isə 5 ləçəkdən ibarətdir. Kəpənəkşəkilli çiçəklərin ən iri sərbəst ləçəyi yelkən, iki sərbəst yan ləçək avarlar, iki bitişik ləçəklər qayıqcıq adlanır. Qayıqcığın içərisində əksər hallarda doqquzu bitişik, biri isə sərbəst yerləşən 10 ədəd erkəkcik və bir dişicik olur. Yonca və akasiya kimi bitkilər həşəratla çarpaz yolla, noxud, lobya, acıpaxla isə öz-özünə tozlanır. Fəsilənin bütün nümayəndələrində paxlameyvədir.

Mədəni və yabanı nümayəndələri. Paxlalıların mədəni nümayəndələrinə lobya, paxla, noxud, mərci, yerfındığı, soya kimi bitkilər aiddir. Yabanı nümayəndələrinə isə üçyarpaq yonca, ballıyoncanı nümunə göstərmək olar.

Badımcançiçəklilər fəsiləsi. 2,5 min növü var. Əksəriyyəti ot və ya kolşəkillidir. Gövdə və yarpaqları, adətən, spesifik qoxuya malik maddə ifraz edən vəzili tükcüklərlə örtülüdür.

Çiçəyinin quruluşu. Çiçəkləri tək, bəzən isə salxım və ya süpürgə çiçək qrupuna toplanır. Çiçəkdə kasacıq 5 bitişik kasa yarpağından, tac isə 5 bitişik ləçəkdən ibarətdir. Erkəkcikləri 5 və dişicikləri 1 ədəd olur. Erkəkciklərin sapı ləçəklərə bitişmişdir. Öz-özünə və ya həşəratla tozlanırlar.

Pomidor, badımcan və bibərin meyvəsi giləmeyvə; tütün, tənbəki, petuniya, bat-batda isə qutucuqdur.

Mədəni və yabanı nümayəndələri. Badımcançiçəklilərdən kartof, pomidor, badımcan, bibər – mədəni bitkilər kimi becərilir. Yabanı nümayəndələri isə quşüzümü, bat-bat, xanımotu və dəlibəngdir.

Badımcançiçəklilərin gövdəsinin müxtəlif hissələrində zəhərli maddələr – alkaloidlər toplana bilir ki, bunlar da insan və heyvanlarda güclü zəhərlənmələr törədir. Alkaloidlərdən dərman maddələrinin alınmasında istifadə edilir.

İkiləpəlilər sinfi. Mürəkkəbçiçəklilər fəsiləsi

Mürəkkəbçiçəklilər fəsiləsi. 25 min növü var. Əksəriyyəti otşəkilli bitkidir. Mürəkkəbçiçəklilərin bir çox növləri payızın axırlarına qədər çiçəkləyir.

Çiçəyinin quruluşu. Çiçəkləri səbət çiçək qrupunda toplanmışdır. Səbəti təşkil edən çiçəklərdə bəzən kasa yarpaqları olmur və ya tükşəkilli olub kəkil əmələ gətirir. Erkəkciklər 5 ədəddir. Onların tozluqları bitişərək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri ikiağızcıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər. Əksəriyyəti həşəratlarla çarpaz tozlanır. Meyvəsi – toxumçameyvədir. Bir çoxunun toxumçameyvələrində küləklə yayılmanı təmin edən uçağanı olur.

Mədəni və yabanı nümayəndələri. Mədəni nümayəndələrinə – günəbaxan, topinambur, astra, georgin aiddir.

Yabanılara isə zəncirotunu, göyçiçəyi, çobanyastığınıdəvədabanını və s. nümunə göstərmək olar.

Günəbaxanın yağından qida kimi və müxtəlif sənaye sahələrində istifadə olunur. Mürəkkəbçiçəklilərin aptek birəotu, üçbarmaq, andız kimi nümayəndələri dərman bitkiləri hesab olunur.

Georgin, astrapayızgülü isə bəzək bitkisi kimi becərilir.

 Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi

Birləpəlilər sinfi. Toxumlarının rüşeymində bir ləpə yarpağı və bitkidə saçaqlı kök sistemi olur. Sadə yarpaqları paralel və ya qövsvari damarlanır. Çiçəkləri, adətən, 2 və ya 3 üzvlü olur. Gövdələri, əsasən, buğumarası hüceyrələrinin bölünməsi hesabına böyüyür. Birləpəlilər sinfinə taxıllar, zanbaq və digər fəsilələr aiddir.

Taxıllar fəsiləsi. Fəsilə 8000-ə qədər növü əhatə edir. Əksəriyyəti ot bitkisidir. Gövdələri buğumludur. Bir çoxunda, məsələn, buğda, çovdar, pişikquyruğu da gövdədə buğumarasının içərisi boş olur. Belə gövdələrə küləş gövdələr deyilir. Lakin bəzi taxıllarda, məsələn, qarğıdalı və şəkər qamışında buğumarası toxuma ilə doludur. Taxılların yarpaqları uzun və nazikdir. Paralel damarlanmışdır və gövdə buğumunu əhatə edən qın əmələ gətirmişdir.

Çiçəyinin quruluşu. Taxıllarda çiçək qrupu – mürəkkəb sünbül, mürəkkəb qıça və ya süpürgədir. Sünbül sünbülcüklərdən təşkil olunmuşdur. Müxtəlif taxıllarda hər sünbülcükdə çiçəklərin sayı müxtəlif olur.

Əksər taxıllarda çiçəklər 2 çiçək pulcuğu, 2 bitişik çiçək pərdəsi, 3 erkəkcik və bir ikiağızcıqlı dişicikdən ibarətdir. Meyvəsi dənmeyvədir.

Mədəni və yabanı nümayəndələri. Ən çox təsərrüfat əhəmiyyətli taxıllara buğda, çovdar, qarğıdalı, arpa, vələmir və çəltik aiddir. Bunlar qədim dövrlərdən becərilir. Dənmeyvələri, əsasən, nişasta və zülalla zəngindir. Yabanı nümayəndələrinə ceyranotu (şiyav), hind darısı, bambuk, çayır və ayrıqotunu misal göstərmək olar.

Zanbaqlar fəsiləsi. Növ sayları 4000-ə çatır. Əksəriyyəti çoxillik soğanaqlı otlardır. Bəzi növlərində, məsələn, aloe və inciçiçəyində kökümsov olur. Soğanaq və kökümsovlarında yeni zoğların inkişafı üçün ehtiyat qida maddəsi toplanır. Fəsilənin bir çox nümayəndələri səhra və ya yarımsəhralarda yaşamağa uyğunlaşmışdır.

Çiçəyinin quruluşu. Bəziləri təkçiçəkli olsa da, digərlərində çiçəklər qrup halındadır. Məsələn, dağlaləsində tək, may inciçiçəyində çiçəklər sadə salxım, soğan və sarımsaqda isə sadə çətir çiçək qrupuna toplanmışdır. Çiçəkyanlığında əlvan rəngli yarpaqcıqları və erkəkcikləri 6 ədəd olmaqla 2 cərgədə – üçü xaricdə və üçü daxildə düzülmüşdür. Çiçəyin mərkəzində 3 ağızcıqlı iri dişicik olur. Əksərən həşəratla tozlanır.

Əksər nümayəndələrində meyvələr qutucuq, bəzilərində, məsələn, inciçiçəyində giləmeyvədir.

Mədəni və yabanı nümayəndələri. Bir çox zanbaqlar mədəni bitkilər kimi yetişdirilir. Bunlara soğan, sarımsaq aiddir. Bəziləri, məsələn, dağlaləsi dekorativ bitki kimi becərilir. Zanbaqkimilər arasında qarğagözü, may inciçiçəyi kimi zəhərli nümayəndələrə də rast gəlinir. Bunlardan dərman kimi istifadə edilir.

 

YAZAR: Fidan Əmirəliyeva (OYU BİOLOGİYA)

Həmçinin bax: https://kafkazh.com/yosunlar-mamirlar-qijikimiler/