Torpaqəmələgəlmənin əsas amilləri
Plan:
- Torpaqəmələgəlmənin bioloji amilləri.
- Torpaqəmələgəlmədə və torpaq coğrafiyasında relyefin rolu.
- Torpaqəmələgəlmədə iqlim amilləri.
- Torpaqəmələgətirən süxurlar.
Torpaqəmələgətirən amillər (torpaqəmələgətirən süxurlar, iqlim, bitki və heyvanat aləmi, relyef, ərazinin yaşı, insanın təsərrüfat fəaliyyəti)
Bu və ya digər şəraitdə torpağın yaranmasını təmin edən səbəblərə torpaqəmələgəlmə amilləri deyilir. Torpaq 5 amilin – torpaqəmələgətirən süxurlar, bitki və heyvan orqanizmləri, iqlim, relyef və zamanın (ərazinin yaşı) təsirindən yaranır.
Torpaqşünaslıq elminin banisi V.V.Dokuçayev müəyyən etmişdir ki, torpaq da bitki, heyvan orqanizmləri və minerallar kimi sərbəst təbii-tarixi maddədir və onun əmələ gəlməsi (genezisi) üçün müəyyən tarixi inkişaf dövrü-təkamül prosesi tələb olunur. Bu tarixi törəmə-torpaq,bitki və heyvan orqanizmlərinin,iqlimin,relyefin və ərazinin geoloji yaşının müəyyən amillərinin (təbii-coğrafi landşaft) qarşılıqlı təsiri və fəaliyyəti nəticəsində əmələ gəlmiş və inkişaf etmişdir.
Torpaq əmələgətirən amilləri funksional asılılıq kimi aşağıdakı kimi göstrəmək olar:
T=S+B+H+İ+Qs+R+İn+t
Burada:
T-torpaq ; S-Süxurlar; B-Bitki; H-Heyvanlar aləmi ; İ-iqlim; Qs-Qrunt suları; R-Relyef; İn-insan fəaliyyəti; t-zamandır.
Deməli, torpaq (T) müəyyən zaman (t) daxilində mövcud amillərin (S,B,H,İ,Qs,R,İn,t) qarşılıqlı əlaqəsi və təsiri nəticəsində əmələ gələn təbii törəmədir.
Torpaq əmələgəlməni daha dərindən dərk etmək üçün bu prosesə təsir edən ayrı-ayrı amilləri öyrənmək lazımdır.
Torpaqəmələgətirən süxurlar və ya ana süxurlar, torpağın ümumi kütləsinin çox hissəsini təşkil edir. Torpaq əsasən iki tərkib hissədən (mineral və üzvi) ibarətdir. Onun mineral hissəsi onun ümumi həcminin 90-95 faizini təşkil edir.Deməli, torpaqəmələgətirən ana süxurlar torpağın bünövrəsi, təməlidir. Lakin ana süxurların aşınma məhsullarının torpağın fəaliyyətsiz skeleti hesab etmək olmaz.
Məlumdur ki, süxurlar müxtəlif minerallardan ibarətdir. Hər bir mineralın özünəməxsus kimyəvi və fiziki xassələri vardır. Onların bəziləri müxtəlif kimyəvi reaksiyalarda fəali iştirak edir,mineralların tərkibində olan kimyəvi elementlər müxtəlif birləşmələr şəklində torpaq tərkibini zəginləşdirir. Ana süxurun tərkib hissələri, onu təşkil edən mineral və kimyəvi elementlərin xassələri torpağa təsir edir, onun bu və ya digər xüsusiyyətlərini müəyyən edir. Süxur və minerallar qida elementlərilə nə qədər zəngin olarsa, onun üzərində əmələ gələn torpaq da keyfiyyətinə görə o qədər münbitli olacaq və əksinə.
Ana süxurların mexaniki, fiziki və kimyəvi xassələri iris surətdə torpağa keçir. Süxurun sıxlığı, məsaməliliyi, istilik keçirməsi torpaqəmələgəlmə prosesini nəinki sürətləndirir, həm onun xassələrinə əsaslı sürətdə təsir göstərir.Misal üçün kimyəvi aşınma havanı özündən pis keçirən süxurlarda (gilli və ağır süxurlarda) zəif kedir. Yumşaq məsaməli, hava və suyu yaxşı keçirən süxurlarda torpaqəmələgəlmə prosesi sürətlənir, üzvi maddələr daha intensiv sürətdə minerallaşır.
Ana süxurların tərkibi torpağın rənginə də ciddi təsir göstərir.Məsələn qum daşları, gil şistləri, qneys və qranit üzərində inkişaf edən torpaqların rəngi əsasən qonur, əhəng daşları üzrəində əmələ gələn torpaqların rəngi isə boz olur.
Relyefin torpaqəmələgəlmə prosesində rolu, onun yer səthinə düşən atmosfer çöküntülərinin və günəş enerjisinin paylanmasına təsirilə əlaqədardır.Məlumdur ki, ərazinin mütləq yüksəkliyinin dəyişməsi temperatur şəraitini dəyiş, bununla əlaqədar olaraq torpaqda gedən müxtlif fiziki, kimyəvi və bioloji proseslərin sürəti də dəyişir. Relyef şəraiti həmçinin səth sularının paylanmasına təsiri dağlıq ərazilərdə daha çox nəzərə çarpır. Dağ yamaclarının baxarlığı (cəhəti) və meylliyi günəş enerjisinin paylanmasına təsir edir. Yağmurlar, temperatur və günəş işığı düzən sahələrdə demək olar ki, bərabər paylanır.Dağlıq və təpəlik ərazilərdə isə bu nisbət pozularaq böyük fərq yaranır, hətta eyni ərazidə relyefin cüzi dəyişməsi də iqlim elementlərinə müəyyən təsir göstərərək mikroiqlim (yerli iqlimin) yaranmasına səbəb olur. Məlumdur ki, ərazinin relyefi ilə əlaqədar olaraq qrunt suları səthdən müxtəlif dərinlikərdə yerləşir. Bu halda yeraltı suların torpaqəmələgəlmə prosesinə təsiri ərazinin relyefindən asılıdır. Belə nəticəyə gəlmək olar ki, relyef digər təbii amillər vasitəsilə torpaqəmələgəlmə prosesinə təsir edir.
Torpaqəmələgəlməyə relyefin təsiri çox rəngarəngdir. Hər hansı hansı bir ərazidə torpaqəmləgətirən amillərin qarşılıqlı təsiri müəyyən mənada relyefdən asılıdır. Belə ki, iqlim amilləri, bitki qruplarının yer səthində yerləşməsi, suda həll olan maddələrin, kalloidlərin və sülh hissəciklərin miqrasiyası, bir sözlə landşaftdaxili proseslər və landşaftlararası əlaqə relyefin xassələri ilə müəyyən edildiyi üçün bu amil, torpaqəmələgəlmə proseslərinin xassə və xüsusiyyətlərinə mühüm təsir edir.
Torpaqəmələgətirən amillərin paylanması və qarşılıqlı təsirini müəyyən edərək relyef torpaqların coğrafiyasına da ciddi təsir göstərir. Bu zaman bir tərəfdən meqa və makrorelyef formaları,digər tərəfdən isə mezo və mikrorelyef formalarının rolu və əhəmiyyəti bir-birindən xeyli fərqlənir.
Meqa və makrorelyef formalarının əhəmiyyəti. Meqarelyef formalarının təsiri özünü əsasən güclü hava kütlələrnin gətirdiyi atmosfer rütubətinin paylanmasının tənzimlənməsində və mütləq yüksəklikdən asılı olaraq hidrotermik şəraitin dəyişməsində aydın göstərir.
Geniş düzənlik və yayla ərazilərində atmosfer çöküntülərinin miqdarı tədricən dəyişir. Bu da bitki tiplərinin tədricən dəyişməsi və bioiqlim zona və yarımzonlarının əmələ gəlməsinə səbəb olur. Torpaqların üfüqi zonallığı üçün torpaq əmələgətirici süxurların eyni tipdən olması əlverişli şərait yaradır.
Dağ sistemləri atmosfer çöküntülərinin, eləcə də bitki və torpaq tiplərinin yayılmasına əsaslı təsir göstərir. Buna misal olaraq Şimali Amerikanı göstərmək olar. Burada materikin şərq və qərb sahilboyu zonasında uzanan dağ sistemləri üfüqi torpaq zonalarının enlik istiqamətində dəyişməsinə səbəb olur.
Su buxarları ilə doymuş hava kütlələri yüksək dağ sistemlərini adlayıb keçə bilmir və buna görə də külək tutan bu cür yamaclar daha çox rütubət alır və beləliklə müxtəli baxarlı dağ yamacları müxtəlif miqdarda atmosfer yağıntıları alır. Misal üçün rütubətli qərb küləkləri Qafqaz dağlarının qərb yamaclarında 2-3 min mm yağıntı verdiyi halda həmin küləklərin keçə bilmədiyi şərq yamaclarında cəmi 300 mm yağıntı düşür.
Yüksəkliyin artması ilə bərabər temperaturun da qanunauyğun surətdə dəyişməsi baş verir. Bunun nəticəsində dağlıq ölkələrdə yüksəklik (şaquli) zonallığı kimi mürəkkəb bir qanunauyğunluq təzahür edir. Torpaqların yüksəklik zonallığı torpaq coğrafiyasının ən əsas qanunauyğunluqlarından biridir. Bu qanuna uyğunluq Kür-Araz ovalığından Böyük və Kiçik Qafqaz dağlarının su ayrıclarına doğru torpaqların yayılmasında özünü aydın göstərir.
Mezo- və mikrorelyef formalarının təsiri. Mezo- və mikrorelyef formalarının torpaqəmələgəlməyə təsiri məhdud sahədə günəş enerjisinin və düşən atmosfer çöküntülərinin yenidən yenidən paylanmasında təzahür edir. Yer səthinin parçalanması, yamacların meyilliyi və baxarlılığı günəş enerjisinin paylanmasında böyük rol oynayır. Şimal yarımkürəsində cənub baxarlı yamaclar daha çox günəş enerjisi alır. Buna görə də cənub yamaclarda torpaq səthi və onun üst qatları şimal baxarlı yamaclarda müqayisədə daha çox (bəzən 5-8 ºC-dək) qızır.
Məludur ki, yer səthinə düşən səthi axınlar şəklində yamacın nisbətən hündür olan yuxarı hissəsindən aşağıya doğru axır. Bununla əlaqədar olaraq yamacın aşağı hissəsi yuxarı hissələrə nisbətən daha çox yağıntı alır, bəzən normadan da artıq rütubətlənir, qrunt sularının səviyyəsi isə nisbətən yüksək olur. Bu zaman relyefin qonşu yüksək hissələrində (yamacın yuxarılarında) rütubət çatışmamazlığı müşahidə edilə bilər.Bu səbəbdən mezo- və mikrorelyeflərin çökək və yüksək hissələrində torpaqəmələgəlmə prosesilə,torpaqların fiziki və kimyəvi xassələrində (hava-su rejimi, Ph, mütəhərrik qida elementlərin miqdarında və s.) maddələr mübadiləsinin xarakterində nəzərəçarpan fərqlər müşahidə olunur. Yağıntı və ərinti sula rının yaratdığı səthi axınlar torpaqların üst çürüntülü qatını yuyaraq relyefin nisbətən alçaq sahələrinə, yaxud müxtəlif su hövzələrinə daşıyıb aparırlar. Bu xüsusi ilə meylli yamaclarda aydın nəzərə çarpır. Torpaqların yuyulmasına yamacların meylliyi böyük təsir göstərir. Ona görə də torpaq hissəciklərinin miqrasiyasında yamcların meyilliyi çox mühüm amil sayılmalıdır. Çünki yamacların meylliyi artdıqca su axının surəti çoxalır.
Bununla yanaşı mezorelyef suda həll olan maddələrin miqrasiyasına da böyük təsir göstərir. Relyefin nisbətən hündür sahələrində torpaq səthin düşən atmosfer çöküntülərinin infiltrasiyası (süzülməsi) zamanı suda asan həll olunan kimyəvi birləşmələr torpaqdan yuyulub apaprılır və bəzi hallarda relyefin nisbətən alçaq sahələrində cəmləşə bilir. Bu səbəbdən də relyefin müsbət (yüksək) elementlərində heç bir asıllığı olmayan, müstəqil,landşaft-geokimyəvi şəraitdə avtomorf torpaqlar əmələ gəlir.Çökək və alçaq sahələrin torpaqları isə relyefin daha yüksək sahələrindən gətirilmiş kimyəvi element və birləşmələrlə zəginləşmiş səth və qrunt sularının təsiri altında inkişaf edir. Nəticə etibarı ilə mezorelyefin mənfi elementlərinin torpaqları landşaft-geokimyəvi şəraitdən asılı vəziyyətdə olur. Qrunt sularının təsiri altında formalaşan torpaqlarda hidromorf torpaqlar adlanır.
İqlim – torpaqəmələgəlmə prosesinin ən mühüm amillərindən biridir. Torpağın istilik enerjisi və rütubətlə təmin olunması iqlimdən asılıdır. Torpaqların coğrafi yayılması, xüsusilə üfuqi zonallıq iqlim şəraiti ilə sıx əlaqədardır.
İqlimin bilavasitə təsiri nəticəsində torpağın su və istilik rejimi yaranır. Bu isə öz növbəsində aşınma və torpaqəmələgəlmə prosesində maddələr mübadiləsinin xassələrini müəyyən edir. Hava kütlələrinin hərəkəti nəticəsində torpağın sülb hissəsi atmosfer vasitəsilə miqrasiya edir. Torpağın qaz fazasının xassələri də onun yayıldığı ərazinin iqlimi ilə əlaqədardır.
İqlim həmçinin digər amillərə təsir edərək torpaqəmələgəlmə prosesinin mahiyyətini dəyişir. Bitkilərin həyatı üçün vacib olan istilik və rütubət iqlimlə əlaqədar olduğu torpaqəmələgəlmə prosesinin bioloji proseslərinin sürəti və başqa xassələri müxtəlif olur.
Torpağın istilik enerjisi və su ilə təmin olunmasında mühüm vasitə iqlimdir. Torpaqəmələgəlmə prosesində iştirak edən iqlim amillərinə temperatur, yağmurlar, torpağın atmosfer çöküntüləri ilə isladılması, qızması, soyuması, atmosfer qazları (O2, N2,CO2,) su buxarları, günəş enerjisi, su-istilik rejimi və s. aiddir.Torpaq əmələgəlmə prosesinin inkişafı yer səthinə düşən istiliyin və yağıntıların illik miqdarından, onların mövsüm və sutka ərzində paylanmasından asılıdır. İqlim amili həmçinin bitkilərə və torpağın canlılar aləminə təsir edir. İqlim torpaq əmələgəlmə prosesinə bilavasitə təsiri Yer səthinə düşən atmosfer çöküntüləri vasitəsilə torpaq qatının rütubətlənməsindən, torpağın Günəş enerjisi təsirindən qızması və soyumasından ibarətdir. Torpaq əmələgəlmə prosesi zamanı iqlim amillərinin torpağın flora və faunasına təsiri dolayı təsir adlanır.Beləliklə,torpaqla atmosfer arasında daimi istilik və nəmlik mübadiləsi təşəkkül tapır.Bu mübadilə prosesində torpağın çox əhəmiyyətli xassəsi olan hidrotermik rejimi formalaşır. Ona görə də iqlimin temperatur şəraitinə və nəmliyinə görə səciyyəsinin böyük əhəmiyyəti vardır.
İqlimin termik qruplarının ayrılmasının əsasını vegetasiya dövründə 10ᵒC-dən yuxarı orta sutkalıq temperaturların cəmi təşkil edir:
İstiliklə təminolunma
İqlim qrupları | 10 ᵒC-dən yuxarı temperaturların cəmi |
Soyuq (qütb) | < 600 |
Soyuq-mülayim (boreal) | 600-2000 |
İsti-mülayim (subboreal) | 2000-3800 |
İsti (subtropik) | 3800-8000 |
Çox isti (tropik) |
> 8000 |
Adı çəkilən termik qrupların iqlimi Yer kürəsini əhatə edən enlik qurşaqları şəklində yerləşmişdır.Bu qurşaqlar təkcə orta sutkalıq temperaturların cəmi ilə deyil,rütubətlənmədən asılı olaraq geniş hüdudlarda dəyişən müəyyən bitki və torpaq tipləri ilə də səciyyələnirlər.Onlar torpaq-bioiqlim və ya torpaq-biometri qurşaqlar adlanır.
Torpağın istilik rejimi, kimyəvi və bioloji proseslərin sürəti,optimal rütubətlənmə şəraitində bioloji məhsuldarlıq iqlimin termik qrupları ilə sıx əlaqədardır.
Rütubətlənmə şəraitinə görə iqlimin əsas 6 qrupunu ayırırlar:
Rütubətlə təminolunma
İqlim qrupları | Rütubətlənmə əmsalı (RƏ) |
Çox rütubətli (ekstrahumid) | >1,33 |
Rütubətli (humid) | 1,33-1,00 |
Yarımrütubətli (semihumid) | 1,00-0,55 |
Yarımquraq (semiarid) | 0,55-0,33 |
Quraq (arid) | 0,33-0,12 |
Çox quraq (ekstraarid) | <0,12 |
Rütubətlənmə əmsalı yağıntıların miqdarının buxarlanmaya nisbəti ilə ölçülür.
Planetimizin iqlim ekvatordan qütbə doğru, dağ ərazilərində isə dağların müəyyən ətəklərindən zirvəyədək şaquli istiqamətdə müəyyən qanunauyğunluqlarla dəyişir. Məlumdur ki, üfüqi və şaquli zonallıq qanunauyğun olaraq bitki və digər canlıalr aləminə, eləcə də torpağa təsir edir. Ona görə də hər bir bioiqlim qurşağı və ya zonası özünəməxsus torpaq tipinə malikdir.
Qeyd etmək lazımdır ki,iqlim elementlərinin torpaq əmələgəlmə prosesinə təsiri heç də fərdi olmyıb,digər amillərlə sıx əlaqədardır.Məsələn,mülayim qurşağın yüksək dağlıq zonasına və meşə-tayqa qurşağına eyni miqdarda atmosfer çöküntüləri düşür. Bu iki ərazinin digər iqlim elementləri də müqayisə ediləcək dərəcədə oxşar xassəyə malikdir.Lakin Alp çəmənlikləri zonasında,çimli dağ-çəmən torpaqlı tayqada isə gili torpaqlar əmələ gəlmişdir.Bunlardan belə nəticəyə gəlmək olar ki,iki müxtəlif coğrafi ərazinin eyni torpaq,iqlim şəraitinə malik olması heç də eyni torpaq əmələgəlmə şəraitinə malik olması demək deyildir.İqlim torpaq əmələgəlmə prosesində əhəmiyyətli olub,yalnız digər amillərlə birlikdə təsir göstərir.
Torpaqların formalaşmasında ilin fəsilləri üzrə yağıntıların paylanması,yağıntıların düşmə intensivliyi, havanın nisbi nəmliyi və həmçinin fəsillər üzrə küləyin sürəti əhəmiyyətli rol oynayır.İqlim torpaqəmələgəlmə prosesinə bilavasitə və dolayısı ilə təsir göstərir. Bilavasitə təsir özünü iqlim elementlərinin (torpağın yağıntıalr vasitəsilə islanması, qızma və soyuma və s.) bilavasitə təsirində,dolayısı ilə təsir iqlimin bitki və heyvanat aləminə təsirində özünü göstərir.
Torpaqəmələgətirən amil kimi iqlimin çox cəhətli təsiri aşağıdakılardan ibarətdir:
1.İqlim-bioloji və biokimyəvi proseslərin əhəmiyyətli amildir.Temperatur şəraiti və nəmliyin müəyyən ahəngi bitkiliyin tipini,üzvi maddələrin yaranma və parçalanma tempini, torpaq mikroflora və faunasının fəaliyyətinin tərkibini və intensivliyini şərtləndirir.
2.Atmosfer iqlimi torpağın xassə və trəkibləri vasitəsilə torpağın su-hava, temperatur və oksidləşmə-bərpa rejimlərinə təsir göstərir.
3.Torpaqda mineral birləşmələrin çevrilməsi prosesi də (aşınmanın istiqaməti və tempi, torpaqəmələ məhsullarının akkumlyasiyası və s.) iqlim şəraiti ilə sıx bağlıdır.
4.İqlim torpağın su və külək eroziyasına da böyük təsir göstərir.
Torpaqəmələgəlmə prosesinə təsir edən təbii amillərdən biri də qrunt (yeraltı sulardır). Məlum olduğu kimi təbiətdə gedən müxtəlif kimyəvi və bioloji reaksiyalar əsasən su mühitində fəaliyyət göstərirlər. Qrunt suları bu və ya digər dərəcədə minerallaşmış olurlar. Daha doğrusu torpaq və ana süxurun tərkibindəki suda həll olunan kimyəvi maddələr qrunt sularında həll olur. Əgər qrunt suları səthdən çox dərində yerləşməyibsə, onlar torpağa fəal təsir edir, torpağın su və hava rejiminə təsir göstərir. Müvafiq şəraitdə qrunt sularının təsirindən torpaqların şoranlaşması da baş verir.
Qrunt sularının səthə yaxın olması ilə əlaqədar olaraq torpaq izafi rütubətlənir və oksigen çatışmamazlığı nəticəsində bəzi mikroorqanizmlərin fəaliyyəti dayanır.Qrunt sularının təsiri nəticəsində xüsusi torpaq tipləri yaranır.
Həmçinin ali bitkilər torpaq əmələgəlmə prosesində fəal təsir göstərir,həyat fəaliyyətini başa çatdırdıqdan sonra isə yerüstü və yer altı hissələr çürüyüb torpağa qarışır və onu üzvi maddə ilə zənginləşdirir.Bitkilər süxurların tərkində olan müxtəlif kimyəvi elementləri öz orqanlarında toplayaraq,torpağın zənginləşməsinə səbəb olur. Bitkilərin torpaq əmələgəlmə prosesində ən mühüm rolu onların torpağın üzvi maddəsi üçün əsas mənbə olmasıdır. Bitkilərin kök sistemi torpağın çatlarına daxil olaraq onları dağıdır,bər süxurları yumşaq süxurlara çevirir və torpağın əmələ gəlməsi üçün münasib şərait yaradır.
İbtidai bitkilər (yosunalr,mamırlar,şibyələr) fəaliyyəti nəticəsində ali bitkilərin fəaliyyəti nəticəsində ali bitkilərin müxtəlif qalıqları parçalanaraq tərkib hissələrə ayrılır, bitkilər tərəfindən yenidən mənimsənilə bilən şəkilə düşür. Torpağın üst qatındakı üzvi maddələr heyvanların,bakteriyaların,göbələklərin,həmçinin fiziki və kimyəvi amillərin təsirindən parçalanaraq humus əmələ gətirir.
Torpaq əmələgəlmə prosesində mikroorqanizmlərin (bakteriyalar, aktinomisetlər, ibtidai göbələklər, bir hüceyrəli yosunlar, viruslar və s.) də rolu böyükdür. Belə ki, torpağın üst qatının hər qramında milyardlarla (1-5 mlrd) müxtəlif bakteriyalar fəaliyyət göstərir.Mikroblar torpaqda ammonifikasiya,nitrifikasiya prosesləri nəticəsində üzvi maddələri son məhsullarına (CO2,H2O,nitridlər və s.) parçalayır, onların müxtəlif birləşmələr şəklinə düşməsinə səbəb olur, nəhayət ali bitkilərin üzvi mineral birləşmələri mənimsənilməsi üçün münasib şərait yaradır.
Torpaq əmələgəlmə prosesində həm torpağın səthində yaşayan, həm də yeraltı heyvanlar iştirak etməklə onlar əsasən iki qrupa bölünür:biofaqlar (canlı orqanizmlərlə, yaxud heyvan toxuması ilə qidalananlar) və saprofaqlar (hazır üzvi maddələrlə qidalananlar). Lakin saprofaqlar torpaq əmələgəlmə prosesində daha böyük rol oyanyır.Müəyyən edilmişdir ki, 1 ha torpaqda 1 mln. ibtidai,1m-də isə minlərlə qurdlar,nematodlar və digrə saprofaqlar olur.
Canlılar və bitkilər aləminin torpaq əmələgəlmə prosesindəki iştirakı ümumi şəkildə torpaq əmələgəlmənin bioloji amili adlandırılır.Torpaq əmələgəlmə prosesində bioloji amilin ən mühüm təsiri torpağın üzvi hissəsinin yaranmasıdır.
Təbiət qanunlarına əsasən hər bir təbii proses zaman və məkan daxilində dəyişir. Torpağın təbii məhsul olduğunu nəzərə alsaq,onun əmələ gəlməsinə təsir edən amillər bu və ya digər coğrafi şəraitdə fəaliyyət göstərərsə, deməli torpaq əmələgəlmə prosesi müəyyən zaman ərzində inkişaf edir. Daha doğrusu, hər bir hadisənin inkişafı üçün müəyyən vaxt lazımdır. Bu baxımdan vaxt torpaq əmələgəlmə prosesinə təsir edən amillərdən biridir və torpağın yaranması üçün müəyyən vaxt lazımdır.Görkəmli Amerika alimi H.Bentenin hesablamalarına görə, xalis ana süxurlardan 2-3 sm qalınlığında torpağın əmələ gəlməsi üçün 200-1000 il vaxt tələb olunur.
Torpaqların mütləq və nisbi yaşı vardır.Torpağın əmələ gəldiyi dövrdən indiki inkişaf mərhələsinədək keçdiyi müddət onun mütləq yaşı adlanır.Bu müddət nə qədər uzun olarsa,torpaq da bir o qədər çox dəyişmiş olur.Bütün torpaqlar eyni inkişaf mərhələsi keçirmir.Bu hadisəyə torpaq əmələgətirən süxurların bircinsli olması,relyefin müxtəlifliyi və Yer şəraiti təsir edir. Mütləq yaşı bərabər olan bir ümumi ərazidəki torpaqların inkişaf mərhələsindəki fərq nisbi yaş adlanır.
Yazar: Səbinə İsmayılova
Həmçinin bax: Genetik test nədir? Necə edilir?
Həmçinin bax: tehsilim.org/aydinlan-ve-aydinlat-suari-ile-muqeddes-yola-cixan-qafqaz-maarif-birliyinin-yaradilmasindan-artiq-1-il-otur/