Torpaq, uğrunda ölən varsa, Vətəndir!
Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Mən mübaliğəyə varmadan deyərdim ki, insan qəlbinə hakim olan, özündən asılı olmadan yaranan bir okeandır vətən eşqi, vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü açdığı anda onu həyata gətirən qadın-ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisi kiçik bir tumurcuq kimi yeşərir qəlbində, böyüyür. Günlər, aylar, illər bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu eşq daha da dərinləşir, əbədiləşir və insan qırılmaz tellərlə bağlanır yurduna.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə Vətən.
Dağları qürurumuz, çayları qaynar qanımız, meşələri geniş ürəyimiz olan bir diyarda – Azərbaycan adlı diyarda doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu kirpik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı Vətən övladının həyat məqsədi, ömür andıdır.
“Dədə-Qorqud” filmində gözəl bir epizod var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir məsləhət verir: “ Torpağı əkib – becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib – becərməyə dəyməz.” Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Torpaq – uğrunda ölən varsa, Vətəndir.
1941-1945-ci illər müharibə dövrünün qəzetlərindən birində belə bir xəbər dərc edilmişdi: “ Azərbaycanlı zabit düşmən gülləsindən ağır yaralanır, onu xəstəxanaya gətirirlər. Cərrahiyyə əməliyyatı zamanı vəziyyətinin get-gedə ağırlaşdığını hiss edən xəstə həkimə dayanmaq işarəsi verir. O, son nəfəsində var gücünü toplayır və S.Vurğunun “Azərbaycan” şeirindən bir bənd zəif, titrək səslə deyir :
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Zabitin yanaqlarından bir damla yaş düşür, sonra isə gözlərini sonsuzluğa yumur. “
İndi mən demək istəyirəm ki, ağlama əsgərim, rahat yat. İntiqamın alındı və alınmağa davam edir.
YAZAR: Jasmine Mərdanova
Həmçinin bax: Çingiz xan və Monqol dövləti
Həmçinin bax: https://turaz.org/dunya-azerbaycanlilari-susanin-azadligini-qeyd-edir/