Tonqal qalamaq Zərdüşti ənənəsi deyil
Od qalamaq, xüsusən də odun üzərindən tullanmaq qəti şəkildə Zərdüşti ənənəsi deyil. Zərdüştilər Yazın gəlişi ilə od qalamırlar və odun üzərindən nəinki tullanmırlar, hətta sadəcə üstündə dayanmağı günah sayırlar. Zərdüştilərin əsas kitablarından olan Bundaxişnda yazılıb ki, “Dey ayında hər yerdə od yandırılır, bu da o deməkdir ki, qış gəlib”. Dey ayı müasir təqvimdə dekabrın 22-dən yanvarın 22-nə şamil olunur. Deməli, Zərdüşti ənənəsinə görə Od yazın gəlişi ilə deyil, qışın gəlişi ilə hamılıqla yandırılır. Zərdüştilərin Saleh Viraz haqqında kitabında yazılıb ki, o dünyada (yəni öləndən sonra), o insan cəza alır, hansı ki, yaşadığı dövrdə “odu özünün altında yerləşdirir və öz bədənini odun üzərində tutur”. Deməli, Zərdüşti qaydalarına görə odun sadəcə üstündə olmaq günahdır. Biz isə Novruz bayramında odu yandırıb onun üzərindən tullanırıq. Bu necə də Zərdüşti bayramı ola bilər? Türklük? Herodotun dediyinə görə, türk əsilli skiflərin Kol, yəni Qor adlı ilk çarları hakimiyyətə ona görə layiq görülmüşdü ki, o, Od’u ram etmişdi. Skif Panteonunun Tabiti adlı ilahisi olub. Onu tədqiqatçılar Od tanrısı kimi qəbul edirlər. O ki qaldı sonrakı türk xalqlarının odla münasibətinə, bu haqda Bizans tarixçisi Menandr 586-cı ildə Bizansların türk Xaqanının yanına gəlişi haqda xəbərlərdə yazır. O deyir: “ Bədbəxtçiliyi dəf etmək keyfiyyətinə malik bir neçə nəfər bizanslılara yaxınlaşıb onların gətirdikləri hər şeyi birlikdə yığdılar, sonra sidr ağacının budaqlarından od qaladılar. Odu əcnəbilərin əşyaları üzərində tutub skif dilində nəsə pıçıldadılar. Sonra yanar sidr budağını əllərinə alıb əcnəbiləri odun arasından keçirdilər. Onlar bərkdən şər qüvvələrə hədə-qorxu gəldilər. Əcnəbini odun arasından keçirdərək onu bütün şər qüvvələrdən azad etdilər. Türklər odla paklaşırdılar. Ancaq bu mərasimdən sonra əcnəbi pak oldu və Xaqanın hüzuruna gəldi ”.
Menandrın “türklər odla paklaşırdılar” fikri Novruz bayramı mərasimində odun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu tonqalda qalsın!” sözləri ilə necə də eyni səslənir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müasirlərimiz arasında “…uğurluğum bu tonqalda qalsın!” ifadəsi anlaşılmazdır. Daha düzgün yozumu professor Bəşir Əhmədov verir. O deyir ki, əslində, “Ağırlığım-yorğunluğum bu tonqalda qalsın!” – deyilirdi. Bəşir Əhmədovun dediyindən belə nəticə çıxarmaq olar ki, bir çox halda olduğu kimi, bu fikir də nə vaxtsa təhrifə uğrayıb. Skiflər Uzaq Şərqdən Şərqi Avropaya qədər ərazilərə hakim idilər. Azərbaycana skiflər e.ə. VII əsrdə gəlmiş və burada özlərinin Skif çarlıqlarını yaratmışdırlar. Azərbaycanlıların Novruz bayramının səkkiz bayram günü türk əsilli skiflərin səkkiz tanrısı ilə bağlıdır: Göy çərşənbəsi – skiflərin Göy tanrısı Papeylə (Baba), Yer çərşənbəsi skiflərin yer tanrısı Apiylə (Çuvaşlar Api anaya deyillər), Su çərşənbəsi skiflərin su və atların himayədarı olan tanrı Tağımasadla (qədim türk dilində Tağı-sürü, ad-su deməkdir), Od çərşənbəsi skiflərin Od tanrısı Tabitiylə (Azərbaycan dilində təpitmə sözü var). Bununla Doğru çərşənbələri bitir. Beşinci bayram günü skiflərin Günəş tanrısı Qoytosirə həsr olunub. (Qayıt-Osir, doğan və batan günəşin simvoludur). O ki qaldı “Oğru çərşənbələr”ə, bunlar skiflərin daha üç tanrısı: Qor tanrısı – əcdadların ruhunu əks edən (Qorqud-Qor tanrısının peyğəmbəri olub), Arqimpasa tanrısı – falabaxanların hamisi, Gərəkli tanrısı – qurbangahların hamisi (Balakən rayonunda indidə Gərəkli adlanan yerdə Pir sayılan Ağac bitir). Sadalanan tanrılar mənaca iki qrupa bölünür. Beşinin təbiətlə (Göy/Səma, Torpaq, Su, Od, Günəş), üçünün (Əcdadların ruhu, Falabaxma, Qurban vermə) xalq ənənələri ilə bağlılığı müşahidə olunur. Skiflərdən təxminən on iki əsr sonra, VII əsrin əvvəllərində yaşamış Bizans tarixçisi Simokatta yazır: “ Türklər ilk əvvəl odu hər şeydən uca dəyərləndirirlər, havanı və suyu şərəfləndirirlər, torpağa alqışlar deyirlər və göyü və yeri yaradan Tanrıya sitayiş edirlər ”.
Musa Kaqankaytuklunun bizim bilavasitə əcdadlarımız olan türk əsilli albanların və hunların xristianlığı IV əsrdə qəbul etdikləri dövrə aid, sadaladığı tanrılar skif tanrıları ilə üst-üstə düşür. Bəzi tədqiqatçıların fikrincə, qədim türklərdə ilahi qüvvə Tanrı adlanıb, o birilər isə Yiyə. Qədim lüğətlərdə sonunculara “iga” və “iya” da deyiblər. Bu mövzunun üzərində ətraflı dayanmayacağam, sadəcə qeyd etmək istərdim ki, qədim türkdilli mənbələrdə “Ay tanrı”, “Yaşın tanrı/İldırım tanrısı”, “Yel tanrı”, “Gün tanrı” adlı çoxsaylı məlumat var. Müasir türkçülük elmində türk politeizmini “Tengrianizm”, yəni “Tanrıçılıq” adlandırırlar.
Məqalənin qaynağı: https://turanbatalyonu.wordpress.com/2017/05/13/novruz-bayrami-z%C9%99rdustluk-yoxsa-turkluk/
Həmçinin bax: Kafkazh Elmi Tədqiqat Mərkəzindən Yeni Təlim Proqramı
Həmçinin bax: turaz.org/lima-diaz-xaricdekii-hemvetenler-yaxsiliq-marafonu-na-qatila-biler/