Tik problemləri nədir?

Tik problemi nədir?

“Tik” sözü fransız sözü olub, əzələlərin ani və istəmsiz hərəkət etdirilməsi deməkdir. Tik haqqında ilk tibbi təsvir XIX əsrin əvvəlinə aiddir. Tik’in öyrənilməsində əsas mərhələ “sindrom de la Touretta”nın( Turetta sindromu) təsviri ilə başlamışdır. Tiklərə xüsusən həssas, emosional-gərgin, məsuliyyətli insanlarda tez-tez rast gəlinir.

Tikləri adəti pis vərdişlərdən fərqləndirmək lazımdır.  Adəti vərdişlər günün istənilən vaxtında, hər yaş dövründə rast gəlinir və iradidir. Belə uşaqlara dedikdə ki, bunu etmə, o iradi olaraq bu vərdişi dayandıra bilir. Bu tip vərdişlər uzun müddət davam etmir. Əgər 6 aydan 1 ilə kimi davam edirsə bu tik hesab olunur.

Tiklər 3 tipə ayrılır:

1. Səs tikləri – sanki boğazda səsi tənzimləmə, öskürmə, burun çəkmə kimi özünü göstərir
2. Hərəkət tikləri – göz qırpma, ağız bucağı əymə, çiyin atma, başını arxaya çəkmə, əl və ayaq tikləri, saçın tez-tez düzəldilməsi və yaxud ələ dolanması, paltarın ətəyini dartması, dırnaq yeyilməsi və s. aiddir.
3. Söz tikləri – eyni sözlərin təkrar işlədilməsi, ağır hallarda təkrari kobud sözlərin işlədilməsi və s. aiddir.

Müxtəlif yaş dövrlərində meydana çıxmasına baxmayaraq problem müəyyən bir yaş dövründə özünü daha qabarıq büruzə verir. Bu 3-6 (uşaqlıq böhranı) və 12-15 (yeniyetməlik böhranı) yaşa təsadüf edir. Əsasən bağça, məktəb kimi yeni mühitə adaptasiya dövründə uşaqların rastlaşdığı çətinliklər tiklərin yaranmasına səbəb ola bilər. Bəzən tiklər anidən keçsə də uzun müddət davam edən və müalicəyə çətin tabe olan hallar da müşahidə olunur.

Bu hal Turetto sindromu olan uşaqlar üçün xarakterikdir. Tikin ən ağır forması Turetta sindromu adlanır ki, bu da problemin hər üç növünün birləşməsindən irəli gəlir. Sindromun yaranma səbəblərinə gəldikdə isə, bu spesifik genə sahib olanlarda daha çox inkişaf edir. Yəni sindrom irsi yolla ötürülə bilər. Belə ki, problemin valideyndən uşağa keçmə ehtimalı 50 faizdir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox rast gəlinir.

Bəzi hallarda Turetta sindromuna valideynləri sağlam olan insanlarda da rast gəlinir.
Bu uşaqlarda lokal və yayılmış motor tiklərlə yanaşı, vokal tiklər – yəni müxtəlif səsçıxarma, aqressivlik kimi təzahürlər görünür. Problemin adətən payız-qış aylarında artması, yay fəslində isə azalması müşahidə olunur.  Bu da məktəblilərin yükünün azalması ilə əlaqələndirilir. Düzgün günlük rejim də  tiklərin azalmasında böyük rol oynaya bilir.
Tiklər keçici və qalıcı olur. 1 ildən az davam edən tiklər keçici, çox olan isə qalıcı hesab olunur. Keçici tiklər adətən 9-10 yaşa qədər olan uşaqlarda rast gəlinir. Qalıcı tiklərə isə xroniki deyilir və 18 yaşdan əvvəl başlayır.
Problem nevroloji və psixoloji səbəbdən yaranır. Nevroloji tiklər dərman müalicəsi ilə tənzimlənə bilir. Emosional olanlar isə psixoloji tiklərdir. Bura həyacan pozuntusu tərəfindən yaranan tikləri aid etmək olar.

 Tik probleminin müalicəsi var?

Tik müalicəsində 100% təsir edən bir müalicə forması hələlik yoxdur. Əsasən müalicə zamanı stress’in azaldılması üçün dərmanlardan istifadə olunur. Bu dərmanlar şəxsin stress səviyyəsini azaldaraq beynin tələb etdiyi tik istəyini də azaltmış olur. Bununla bərabər idman da stressi azaltdığına görə tik üçün müalicə üsullarından biridir.

Eyni zamanda stressi azaltmaq və uşağın problemlərini açması üçün davranış terapiyası da vacib məsələlərdən biridir. Eyni zamanda qidalanma və yaşam stilinə də diqqət etmək lazımdır. Məsələn, qidalardan kofein tik problemini daha da artırır.

▪️Bu mövzu ilə əlaqəli valideynlərə bir neçə şey demək istəyirəm. Bu problemin gec həll olunmasına səbəb valideynlərin övladlarında gördüyü bu problemə vecsiz yanaşması ilə bərabər, onları bu mövzuda danlamasıdır. Məsələn, uşağın gözünü qırpma tiki var və hər dəfə gözünü qırpanda ana “sənin başın xarab olub? özünü dəli kimi aparma” və yaxud “bu qədər gözünü qırpma, xəstəyə oxşayırsan məni utandırırsan” kimi cahil ifadələrdən istifadə edir. Uşağınızı danlamayın! Başa düşün ki, bu istəmsiz bir hərəkətdir.

Uşağın özündən asılı deyil. Siz onu danlamaqla stress səviyyəsini artırıb bu hərəkətlərin daha da artmasına səbəb olacaqsınız. Tik problemi nevroloji bir problemdir və mütləq müalicə olunmalıdır. Xahiş edirəm, istənilən mövzuda övladlarınızı danlamaq yerinə, onların da insan olduğunu unutmayın. Hər an onu tənqid etmək, danlamaq əvəzinə bir valideyn kimi onlara arxa olun, axı uşaqlar bizim gələcəyimizdir.

YAZAR: Çinarə Bayramova

Həmçinin bax: Halüsinasiyalar

Həmçinin bax:https://tehsilim.org/azerbaycan-ile-turkiye-arasinda-pese-tehsili-sahesinde-emekdasliga-dair-protokol-imzalanib/

Həmçinin bax:https://turaz.org/tarix-institundan-aciqlama/