Temperament tipləri

Temperament nəzəriyyəsi çox qədim tarixə malikdir. Temperament– insanın elə bir anadangəlmə xüsu­siyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərt­lən­dirir. Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan həkimi Hippokrat sayılır. Qədim yunanlara görə 4 cür maye var. Bunlar qan, öd, qara öd, selikdir. Onlar düşünürdülər ki, insan davranışındakı fərqlər həmin mayelərdən birinin bioloji aktivliyinə əsaslanır.
Və bu baxımdan 4 temperament tipi fərqləndirildi.
1. Sanqvinik
2. Xolerik
3. Fleqmatik
4. Melanxolik tipləridir.

Temperament tiplərinin xüsusiyyətləri:
1. Sanqvinik (qıvraq) temperament tipi.
yüksək reaktivlik səciyyəvidir. Mimikaları daha zəngin və mürəkkəb olur. Daha zirək və diribaş olurlar. Rahat otura bilmir, vəziyyətlərini tez-tez dəyişirlər. Hər işə qarışır, girişirlər. Lakin, sona kimi etmirlər. Sıxılanda dayandırıb, başqasına keçirlər. Çox hərəkətli olurlar. Sürətli yeriyir, tez-tez danışırlar. Nəsə haqqında tez-tez həyəcanla, ehtirasla danışırlar. Çox pozitivdirlər. Onlarda hər şeyə maraq oyatmaq asandır. Həvəsləri davamsızdır. Tez həvəs göstərib, tez soyuyur, yorulmadan uzun muddət işləyə bilir. Sanq­viniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik olurlar. Hisləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, beləliklə insanlara özünü daha tez sevdirə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur. Onlar həmişə harasa tələsirlər, gedirlər gəlirlər. Onlar həyatdan həzz almağı bacarırlar. Çox emosionaldır lakin yaddaşları zəifdir. Tez sevinib tez kədərlənirlər və bunu da tez unudurlar. Onlar tez təsir altına düşürlər. Enerjili, soyuqqanlı, hər şeyi bilmək istəyən, təmkinli, təşəbbüskar, dünyagörüşlü, qayğısızdırlar. Müsbət emosiyalara meyllidirlər, ürəyi yumşaq, şəndirlər. Həyatdan daha çox yaxşı hadisələri gözləyirlər.

2.Xolerik (coşqun) temperament tipi.
Bu tip öz coşğunluğu ilə seçilir.Xoleriklər özlərinə əmindirlər, öz imkanlarını dəyərləndirməyə meyillidirlər. Tez-tez ucadan danışırlar, çox hərəkətlidirlər, heç vaxt yerlərində oturmazlar. Yüksək reaktivlik, aktivlik, reaksiyaların cəld olması xolerik tipə uyğundur. Çox səs salır, insanların sözünü kəsirlər. Lakin özləri əsəbləşdiyində tez özündən çıxır, dava salır. Səliqəsizdirlər. Xoleriklər peşə sahəsində uğurları asan əldə edirlər, lazım olan işdə inadkar və israrlı olurlar. Bu temperament növündən olanlar azadlığa meyillidirlər və stresslərə qarşı dayanıqlı olmaları ilə lovğalana bilərlər, öz güclərini tez bərpa etmək bacarığına malikdirlər. Hövsələsiz, səbirsiz, tündməcazdırlar. İnadkardırlar. Maraqları sabit, davamlıdır. Sadiqdirlər. Onlar üçün mühit dəyişmək çox çətindir. Yeni mühitə tez alışa bilmirlər. Senzitivlik aşağı olur. Müvazinətsizdirlər. Başladıqları içi sona çatdırırlar. Qıcıqlı, nikbin, enerjili, qətiyyətli, tezcoşan, öz hərəkətlərinə fikir verməyən tipdir.

3.Fleqmatik (ətalətli) temperament tipi.
Sakit olurlar, az danışan yəni qaradinməzdir. Mimikaları çox kasıbdır. Keçirtdiyi hislər mimikalarından bilinmir. Hərəkətləri, yerişi ləng və astadır. Onları güldürmək, hirsləndirmək, həyəcanlandırmaq və.s o qədər də asan deyil. Mehribandırlar, dostlarını unutmazlar. Soyuqqanlı, səbirli, təmkinlidirlər. Emosional oyanıqlılığı zəifdir. Reaktivlik azdır. Çətin dost olurlar. İnsanları tərk etmək çətin olur. İnsanları unuda bilmir, keçmiş xatirələrlə yaşayırlar. Xarici təsirlərə çətin cavab verirlər. Psixi tempi ləngdir. Heç bir tip fleqmatik qədər təmkinli deyil. El arasında onlara “yerəbaxan” deyirlər. Fleqmatiklər emosiyalarına yaxşı nəzarət edə bilir və təlaşa düşməyə meyilli deyillər. Hətta stress vəziyyətində belə soyuqqanlılıqla işləməyi bacarırlar. Onlardan əla iqtisadçı, mühasib və ya elm xadimi – fizik, kimyaçı, astronom, riyaziyyatçı ola bilər. Fleqmatiklər əla riyazi qabiliyyətləri ilə fərqlənirlər, o səbəbdən fleqmatik xarakterli insandan əla mexanik, proqramçı, mühəndis, arxitektor və elektrik də ola bilər. Passiv, canyandıran, dərin düşüncəli, dinc, etibarlı, rəvan, sakit təbiətli, inadcıldırlar. Pis nəsə baş verəndə qısa müddət sonra heçnə olmamış kimi davrana bilərlər.

4. Melanxolik (zəif) temperament tipi.
Küsəyən, bədbin, passiv, depressiyaya meylli, qətiyyətsiz, əsasən mənfi emosiyalı, höcət, adamayovuşmaz, səksəkəli, ehtiyyatlıdır. Sakit, vəziyyətinə dəyişmədən oturub, əlində nəsə oynadırlar. İfrat dərəcədə həssasdır. Asta-asta danışırlar. Hislər ləng oyanır. Öz hislərini zəif ifadə edir. Uzun müddət üzünün ifadəsi dəyişmədən oturur. Senzitivlik yüksək səciyyəvidir. Küsəyəndirlər. Zəif reaktivlik və aktivlik səciyyəvidir. Bu səbəbdən tez tez özlərini itirir, nadir hallarda gülür, işi axıra çatdıra bilmir, özlərinə inanmırlar. Hərəkətləri süst və zəifdir. Rast gəldiyi çətinliklər onu qorxudur, tez ruhdan düşür. İşi sona çatdıra bilmir. İntrovertdirlər. Tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Mənə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır.

Oxuduğunuz üçün təşəkkür edirəm.

Yazar: Həsənova Günel. QKU