Tariximizi yazanlar- Qarabağ qazisi ilə müsahibə
06.08.2020
Həyatda elə insanlar var ki, əksər insanlar kimi özlərinə isti yer axtarmirlar. Bu, xüsusilə peşə seçimində özünü göstərir. Hərbçilər də bu insanlar qəbilindəndirlər. Sizi, soyuq səngəri özünə isti yer bilən Qarabağ qazimiz Hikmət Məmmədov ilə tanış etmək istəyirəm.
Hikmət Məmmədov 5 oktyabr 1985-cı il tarixində Sumqayıt şəhərində anadan olub. 1992 -ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Mətləb Quliyev adına 3 nömrəli orta məktəbin I sinfinə daxil olub. Orta təhsilini bitirdikdən sonra, 2001 -ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Onu bitirdikdən sonra, 2004 -cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2008- ci ildə həmin Ali məktəbi leytenant rütbəsi ilə bitirib. 2009 -cu ildə cəbhə bölgəsində xidmətə başlayıb. 2016- ci ilin Aprel döyüşlərində düşmən tapdağı altında olan Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak edib, düşmən tərəfindən açılan minamyot mərmisinin yanına düşməsi nəticəsində başından ağır yaralanıb.
O, döyüş yoldaşları haqqında qürurla deyir: “Bizə illərdən sonra Qələbə sevincini yaşatdınız igidlər. Aprel gecəsində – o qisas günü ölümdən qorxmadan “Vətən sağ olsun, Anam sağ olsun “- deyərək, Azərbaycanın yenilməz üç rəngli bayrağını Lələtəpədə dalğalandırdınız.“
Hikmət Məmmədov ön xətdə göstərdiyi xidmətlərə görə “Qüsursuz Xidmətlərə Görə Medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley Medalı,. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley Medalı. “Hərbi Xidmətlərdə Fərqlənməyə Görə” Medalı, “Vətən Naminə” Medalları ilə təltif olunub.
Hikmət bəy evlidir. İki övladı var.
– Hikmət bəy, mən sizin haqqınızda qısa məlumat verdim. Nə isə əlavə etmək istərdinizmi?
-Düşünürəm ki, nə isə əlavə eyməyə gərək qalmadı. Çünki məlumat qədərincə dolğundur.
-Hikmət bəy, hərbici olmaq uşaqlıq arzunuz olub, yoxsa sonradan dərk olunaraq edilən bir seçimdir?
– Hərbçi olmaq uşaqlıq arzum olub. Sonra atam ilə də məsləhət etdim. O bunu dəstəklədi. Naxçıvanskiyə imtahan verib qəbul oldum, bu mənim üçün çox böyük sevinc idi.
Bizim qonşuluqda hərbiçi var idi, o vaxt uşaq idim, mən də hərbçi olmaq istəyirdim. Artıq arzum yerinə yetdi və hərbçi oldum.
-Hikmət bəy, 15 yaşından ciddi hərbi rejimdə yaşamaq çətin deyildi ki? Buna necə alişdınız? Sizi bu çətinliklərə tab gətirməyə nə vadar edirdi?
-15 yaşında o rejimə öyrəşmək çox çətin idi. O rejimə uyğunlaşmaq həqiqətən asan deyildi. Ancaq torpaqlarımız işğal altında idi, Xocalı hadisəsi baş vermişdi. Bunu düşünəndə bizə heç nə çətin gəlmirdi, Əslində başqa yolumuz da yox idi. Vətəni qorumaq üçün hər şeyə qatlanmalı, dözməli idik.
– Hərbçi olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
-Hərbçi olmaq istəyən gənclərə tövsiyəm odur ki, ilk növbədə idmanla çox məşğul olsunlar. Tariximizi öyrənsinlər, düşmənimizi, qəhrəmnalarımızı tanısınlar. Hərbiçiləriməzə, qazilərimizə, ən başlıcası isə şəhid ailələrinə dəyər versinlər. İlk öncə budur.
– Hikmət bəy, təhsil bitdikdən sonra əsil döyüşlərdə iştirak etməli oldunuz. Ilk döyüşünüzü, bu zaman kecirdiyiniz hissləri necə xatırlayırsınız?
– Keçirdiyimiz hisslər deyəndə ki, əslində heç bir qorxu hissi yox idi. Məqsədimiz işğal altında olan torpaqlarımızı işğaldan azad etməkdir. Bundan gözəl hiss ola bilməzdi. Yalnız irəli, düşməni məhv etmək, baxın, bizdə yalnız bu düşüncələr var idi. Və necə deyərlər bu tapşırığı layiqincə yerinə yetirdik də.
– Ilk döyüşdə iştirak edəndə necə yaşınız var idi?
-Bilirsiniz ki, ilk Qarabağ döyüşlərindən sonra uzun müddət döyüşlər olmadı. Və ondan sonra Aprel döyüşləri oldu. Onda mənim 30 yaşım var idi.
-Aprel döyüşlərinin başladiğı gecəni necə xatırlayırsınız?
– Aprel döyüşləri gecə başlamışdı, ayın 1-i idi. Düşmən təxribat törətdi və düşündü ki, qarşılaşdığı ordu ilk Qarabağ döyüşlərindəki kimi zəif bir ordu olacaq. Amma tam əksinə oldu. Qarşılarına cəsur, cəsarətli əsgər çıxdı və düşmənin burnunu əzdi. Artıq ayın 1-i, 2-nə keçən gecə, 2-3 saat ərzində biz düşməni darmadağın etdik.
Hikmət bəy haqqında Vikipediya yazısında bu belə təsvir olunur.
“Aprelin 1-i gecə duşmən hücuma keçdi. Hücumun qarşısını aldıq və əmr gəldi ki, yalnız irəli. Düşməndən intiqam almaq hissi ilə irəli addımlayırdıq. Bu hisslə də, duşmənin üzərinə qartal kimi şığıdıq. 2 saat dayanmadan gedən döyüşdə xeyli düşmən məhv edildi. Yuksəklikləri ələ keçirdik. Mən düşmən tərəfindən açılan minamyot mərmisinin yanima düşməsi nəticəsində başımdan ağır yaralandım və döyüş yoldaşlarım tərəfindən hərbi qospitala gondərildim. Başımda hələ də qəlpə var.”
-Hikmət bəy, Aprel döyüşləri ilə bağlı yadınızda qalan ən sarsıdıcı an hansı olub? Bölüşmək istəsəniz, məmmuniyyətlə dinləyərik.
-Ən sarsıdıcı an, eyni zamanda, qürur verici an Mayor Əliyev Elnurun özünü qumbaranın üstünə atması idi. Əlbəttə, biz istəməzdik, kimsə canından keçsin, istəyirdik ki, hamı sağ-salamat evinə, ailəsinin yanına qayıtsın, amma o öz canından keçdi. O hər şeyi Vətənə qurban verdi. Canını belə qurban verdi. Öz döyüş yoldaşlarını qorudu, özünü partlatdı ancaq. Bu həqiqətən çox sarsıdıcı və təsiredicidir.
– Aprel döyüşləri, ümumiyyətlə hərbi həyatınız siz hansı həyat dərsini verdi?
-Bütün çətinliklərə tək başina sinə gərməyi öyrətdi.
-Eger gələcəkdə uşaqlarınızdan biri hərbçi olmaq istəsə, buna razı olarmısınız?
– Uşaqlarımı əlbəttə qoyaram. Ümumiyyətlə heç bir uşağı məcbur etmək olmaz ki, sən həkim, müəllim, mühəndis və ya hərbçi ol. Eynilə mən də uşaqlarım nəçi olmaq istəsə, əlbəttə qoyacam.Eyni zamznda hərbçi olmaq istəsə, əlbəttə, icazə verərəm.
– Qazi olduqdan sonra oz üzərinizdə dövlətin qayğısını hiss etdinizmi?
-Dövlətimizin qayğısını, əlbəttə, hiss etdim. Ancaq bəzi dövlət qurumlarının bizə qarşı münasibəti o qədər də yaxşı deyil. Yəni bizim istədiyimiz pul deyil, sadəcə məsələn, qazi olduğumuzu biləndə ən azından “Allah canınızı sağ etsin” , “Əsl qəhrəmansınız” deməkləri belə çox xoş olardı. Amma həmin dövlət qurumları, həmin insanlar qazi olduğumuzu eşidəndə adi, sıradan biri kimi ötüb keçirlər.
Cənab Prezidentimizin diqqəti isə hər zaman üstümüzdə idi. Şəhid ailələrinə, qazilərə verilən evlər, maşınlar da bu diqqət və qayğının nəticəsi idi.
– Insanların münasibətində özünüzə qarşiı dəyişiklik, qayğı hiss edirsinizmi?
Sualı verirəm, ancaq əvvəlcədən bilirəm ki, əlbəttə ki, insanlar onlar uğrunda qazi olan insana hədsiz minnətdar olub, böyük hormət və sevgi göstərərlər. Deyilmi?
-Mən bu haqda dedim. Diqqət, qayğı var. Yaxşıdır, mən insanların diqqət və qayğısından narazı deyiləm.
Əlbəttə, pislər olmasa yaxşıları tanımarıq. Bəzi insanlar da var ki, bizə qarşı yanaşma tərzi mənfidir. Ancaq ümumiyyətlə götürəndə yanaşma yaxşıdır.
-Hikmət bəy, müsahibənin sonunda Azərbaycan xalqına deyəcəyiniz bir söz varmı?
-Sonda Azərbaycan xalqına deyəcəyim odur ki, çox tez bir zamanda Qarabağımızı azad edəcəyik. Bunu tam əminliklə deyirəm. Bundan başqa da şəhid ailələrinə, döyüşçü və qazilərimizə qarşı diqqətli olsunlar, hər zaman qayğı göstərsinlər.
Həmçinin, gənclərə də demək istəyirəm ki, biz uşaq vaxtı kinolara baxıb özümüzü kino qəhrəmanlarına bənzətməyə çalışırdıq (məsələn, Rembo, Vandam və s.) Amma bugün bizim öz və həqiqi qəhrəmanlarımız var, qazilərimiz, şəhidlərimiz var. Gənclər özlərini onlara bənzətməyə çalışsınlar, onların həyatlarını oxusunlar. Müharibə bitməyib. Gün gələ bilər ki, bu gənclər də müharibədə iştirak edəsi olarlar. Müharibəni artıq bitirməliyik ki, onu indiki körpələrimizə miras qoymayaq.
-Hikmət bəy, çox sağ olun ki, dəyərli vaxtınızdan ayırıb, bizə müsahibə verdiniz.
Tarixi biz tarixçilərdən çox, sizlərdən öyrənməliyik. Çünki tarixi sizlər həyatınızla yazıbsınız.
Nə qədər ki, Azərbaycanımızın sizlər kimi igid gəncləri var, vətənimizin tarixi şanlı olacaq, inşallah.
Sağ olun, var olun.
– Siz sağ olun. Sizə təşəkkür edirəm ki, bizim kimi qaziləri, döyüşçüləri, vətənpərvər insanları oxucularınıza, izləyicilərinizə tanıdırsınız.
Müsahibəni götürdü- Zərrə